09 noyabr 2019, 12:50

Fazil və Səfiyar Nayıbovlardan, Bərdə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Son dövrlər müxalifətin qadağan olunmuş yerlərdə mitinq keçirməyə cəhdlər etməsi bu ölkənin vətəndaşları olaraq bizi narahat edir. Müstəqilliyimizin ilk illərində Azərbaycan dövlətinin rəhbər vəzifələrində yer alan, ölkəni xaosa və anarxiyaya sürükləyən, çıxış yolu tapmadıqda isə qaçmağa üstünlük verən indiki müxalifət liderlərinin və onların tərəfdarlarının əməllərini heç cür qəbul edə bilmirik. Müstəqil dövlətimiz üçün heç bir iş görməyən və yaxud bunu bacarmayan həmin şəxslər ölkəmizdə sabitliyi, ictimai asayişi pozmaqla görəsən nəyə nail olmaq istəyir?!

Biz vətəndaşlara bir şey tam aydındır ki, bu mitinqləri keçirməklə müxalifət xaricdən yaxşı maliyyə əldə edir. Onlar atıq bunu özlərinə bir növ peşə seçiblər. Bu, elə Vətəni satmaq kimi bir şeydir. Xarici qüvvələrin ölkəmizə qarşı məkrli niyyətlərinə xidmət etməyin, bir qrup soydaşını xam xəyallarla aldadaraq maddiyat müqabilində güdaza verməyin başqa adı yoxdur.

Cənab Prezident, biz ölkəmizdə əmin-amanlığın, sabitliyin, dincliyin tərəfdarıyıq və bunu pozmağa çalışanların dövlətimizin qanunlarına uyğun olaraq cəzalandırılmasını istəyirik. Azərbaycanın sosial-iqtisadi inkişafı istiqamətində gördüyünüz işləri yüksək qiymətləndirir və hər zaman Sizi dəstəkləyirik.

Hörmətlə,

Nayıbov Fazil Asif oğlu Nayıbov Səfiyar Asif oğlu. Azərbaycan Respublikası, Bərdə rayonu.