17 oktyabr 2019, 14:10

Ömər İsayev və başqalarından, Ağdaş, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmizdə aparılan abadlıq-quruculuq işləri, əhalinin sosial rifahının yüksəldilməsi, respublikanın inkişafı üçün göstərdiyiniz səylər xalqımız tərəfindən böyük sevgi ilə qarşılanır. Bütün sahələr üzrə həyata keçirilən islahatların nəticəsində regionlar, o cümlədən Ağdaş rayonu gündən-günə inkişaf edir, gözəlləşir.

Cənab Prezident, ölkəmizdə infrastruktur layihələrin həyata keçirilməsi çərçivəsində Qulbəndə, Aşağı Qəsil, Orta Qəsil və Bəylik kəndlərində yol çəkilişinə başlanılması sakinlərin böyük sevincinə səbəb olub. Yolların yararsız vəziyyətdə olması səbəbindən əvvəllər rayon mərkəzinə və qonşu kəndlərə gediş-gəlişdə çətinlik çəkirdik və xeyli vaxt itirirdik.

Artıq o günlər arxada qalıb. Hazırda çəkilişi davam edən yollara yüksək keyfiyyətli asfalt örtüyü vurulur.

Bizim üçün yaradılan bu şərait Sizin regionların inkişafına verdiyiniz önəmin göstəricisidir. Ölkəmizin, xüsusən də regionların inkişafındakı xidmətlərinizə görə Sizə dərin minnətdarlığımızı bildirir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Allah Sizdən razı olsun.

Qulbəndə, Aşağı Qəsil, Orta Qəsil, Bəylik kəndlərinin sakinləri adından hörmətlə,

İsayev Ömər Həmzəd oğlu

Osmanova Könül Məhəmməd qızı

Məmmədov Səbuhi Teyyub oğlu

Musayeva Aytac Əlabbas qızı

Ədilov Vüsal Vidadi oğlu və başqaları (cəmi 20 nəfər).

Azərbaycan Respublikası, Ağdaş rayonu.