17 oktyabr 2019, 13:00

Rövşən Məmmədovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında Sərəncamınızla mənim də əməyimə yüksək qiymət verdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm.

Sizin və birinci xanım Mehriban Əliyevanın ölkəmizin təhsilinə verdiyiniz töhfələr gündən-günə artmaqdadır. Cəmiyyətimizin təhsil sahəsində əldə etdiyi uğurlar bilavasitə Sizin müəyyənləşdirdiyiniz təhsil siyasəti və Mehriban xanımın xüsusi diqqəti sayəsində baş verir. Bir müəllim kimi qeyd etməliyəm ki, ən yaxşı rəhbər xalqından öyrənən və xalqının daha da öyrənməsinə şərait yaradan rəhbərdir. Xalqını yaxından tanıyan bir lider kimi Siz də bunu edirsiniz.

Hər il minlərlə tələbə ali məktəblərdən məzun olub ən müxtəlif sferalarda xalqımıza xidmət etmək üçün işə başlayır. Bu mənada təhsil sistemi dövlətimizin əsas sütununu təşkil edir. İnanırıq ki, Siz öz uğurlu təhsil siyasətinizlə və islahatlarınızla bizə dəstək olub qayğı göstərdikcə Azərbaycanımızın daha böyük nailiyyətlər qazanması üçün daha səylə çalışacağıq. Təhsil sahəsində görülən tədbirlər Azərbaycan müəlliminin rifahını və həyat səviyyəsini yüksəltməyə hesablanmış arzuedilən və vacib addımlardır. Buna görə müəllimlər adından bir daha Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Məmmədov Rövşən Kamil oğlu, Əməkdar müəllim.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.