Yavər Orucov və başqalarından, Salyan, Azərbaycan

09 oktyabr 2019, 16:59

Hörmətli Mehriban xanım.

Son illər respublikamızda yüzlərlə bağçanın, uşaq evinin tikilməsi, bir çoxunun isə bərpa edilməsi ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğının mühüm tərkib hissəsi olmaqla yanaşı, həm də Azərbaycanın gələcəyinin daha etibarlı təminatına geniş imkanlar açır. Bu işdə Heydər Əliyev Fondunun fəaliyyəti isə danılmazdır. Bu sahədə həyata keçirilən dövlət siyasətinə Fondun verdiyi dəstək və onun təşəbbüsü ilə tikilən yeni bağçalar Azərbaycan ictimaiyyətinin böyük rəğbətinə səbəb olub. Yeni məktəb binalarının, uşaq bağçalarının istifadəyə verilməsi gələcəyimiz olan balaca fidanlara diqqət və qayğının bariz nümunələridir.

Heydər Əliyev Fondu Azərbaycanın hər yerində olduğu kimi, Salyan rayonunda da irimiqyaslı layihələr həyata keçirir. Bu tədbirlərin davamı olaraq ötən ildən bizim Qarabağlı kəndində ikimərtəbəli 100 yerlik müasir uşaq bağçasının tikintisinə başlanılıb. Hazırda bağçada son tamamlama işləri aparılır və bu müasir bina yaxın günlərdə istifadəyə veriləcək. Balacaların zövqünə uyğun qurulan uşaq bağçası onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək üçün bütün lazımi inventarla təchiz olunub.

Hörmətli Mehriban xanım, görülən bütün bu işlərə və uşaqlarımıza yaradılan şəraitə görə Qarabağlı kəndinin sakinləri və valideynlər kimi Sizə dərin minnətdarlığımızı bildirir, şərəfli və məsuliyyətli işlərinizdə yeni-yeni uğurlar arzulayırıq.

Qarabağlı kəndinin sakinləri adından dərin hörmətlə,

Orucov Yavər Ağahüseyn oğlu

Orucov Xidmət Daşdəmir oğlu

Həsənov Ramin Möhtərəm oğlu

Mürsəlov Vüqar Həsənqulu oğlu

Muradov Dardan Salman oğlu və başqaları (cəmi 60 nəfər).

Azərbaycan Respublikası, Salyan rayonu.