12 sentyabr 2019, 10:15

Həsən Əlizadədən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində son illərdə ölkədə bir sıra respublika və yerli əhəmiyyətli avtomobil yolları, körpülər, yolötürücüləri tikilmiş, yaxud təmir edilmişdir. Bu proqramlarda nəzərdə tutulan tədbirlərin sistemli şəkildə həyata keçirilməsi yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına və beynəlxalq standartlara uyğunlaşdırılmasına mühüm töhfə vermişdir.

Bununla yanaşı, vətəndaşların xahiş və istəkləri əsasında, təmirə ehtiyacı olan küçələr də səliqə-sahmana salınır. Bu ilin iyun ayında küçəmizin asfalt örtüyünün yenilənməsi ilə bağlı Sizə ünvanladığımız kollektiv müraciətimiz dərhal nəzərə alınmış və küçəmiz yüksək səviyyədə asfaltlanmışdır. Bütün sakinlərə böyük sevinc bəxş olunmuşdur.

Cənab Prezident, qaldırdığımız məsələyə diqqətlə yanaşıldığına görə küçəmizin sakinləri adından Sizə öz dərin minnətdarlığımızı bildirirəm. Yolunuz hər zaman işıqlı və hamar olsun!

Hörmətlə,

Əlizadə Həsən

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi.