13 iyul 2019, 13:15

Kamal Təhməzovdan, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Əməkhaqların artırılması barədə son sərəncamlarınız bütün Azərbaycan xalqını, o cümlədən biz müəllimləri çox sevindirdi. Bu gün Azərbaycan müəllimi ən yüksək ada, ən yüksək dəyərlərə layiq görülür. Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan uğurlu siyasət birbaşa təhsilin keyfiyyətinin daha da yüksəlməsinə xidmət edir.

Respublikamızda yeni-yeni məktəb binalarının tikilməsi, mövcud məktəblərin təmiri və ən müasir avadanlıqla təmin edilməsi Sizin qətiyyətli və uğurlu siyasətinizin nəticəsi olaraq müəllimlərə, eləcə də Azərbaycanın gələcəyinə verdiyiniz dəyərdən irəli gəlir.

Bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçiliyi, inkişaf yolu var. Sizin atdığınız hər bir addım ulu öndər Heydər Əliyev kimi dahi şəxsiyyətin layiqli davamçısı olduğunuzu sübut edir. Ümummilli Liderin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olaraq müəllimlərə göstərdiyiniz bu diqqət və qayğı əvəzolunmazdır. Ulu Öndər vaxtilə “Mən dünyada müəllimdən yüksək ad tanımıram” deyə vurğulamışdı.

Cənab Prezident, məhz Sizin qətiyyətli siyasətiniz Azərbaycanı dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən ölkəsinə çevirdi. Ölkəmizin inkişafı, insanlarımızın rifahı naminə imzaladığınız sərəncamlara görə Sizə dərin minnətdarlığımı bildirir, uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatınızda ailə səadəti və xoşbəxtlik arzulayıram.

Dərin hörmətlə,

Təhməzov Kamal Orucəli oğlu.

Azərbaycan Respublikası, Masallı rayonu, Xırmandalı kəndi.