12 iyun 2019, 18:15

Yaqut Baxşıyeva və Fərrux Əhmədovdan, Göygöl, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyinizlə ölkəmiz sürətlə inkişaf edir. Bu inkişaf sosial sahədə də öz əksini tapır. Biz tənha və ahıl insanlar da bu inkişafdan bəhrələnirik. Dövlətimiz tərəfindən sosial xidmətlərlə təmin olunmağımız bizi fərəhləndirməklə yanaşı, həyatımızı asanlaşdırıb, bizə tənhalığı unutdurub.

Cənab Prezident, biz ahılları diqqət mərkəzində saxladığınıza, problemlərimizin həllinə kömək göstərdiyinizə görə Sizə təşəkkür edirik. Yaşayış durumumuzun, sosial vəziyyətimizin yaxşılaşması üçün imzaladığınız sərəncamlar bizi çox sevindirir. Pensiyalarımızın artırılması da bir çox problemlərimizin həllində böyük rol oynayacaq. Maddi rifahımızın yaxşılaşması üçün həyata keçirdiyiniz tədbirlər və ümumilikdə atdığınız bütün addımlar təqdirəlayiqdir. Biz Sizin siyasətinizi, həyata keçirdiyiniz islahatları və tədbirləri dəstəkləyirik.

Bizə göstərdiyiniz qayğı və diqqətə görə bir daha Sizə “Çox sağ olun!” deyirik. Allah Sizi bizim üstümüzdən əksik etməsin!

Əminik ki, yürütdüyünüz daxili və xarici siyasət nəticəsində Azərbaycan Respublikası inkişaf etmiş ölkə kimi daim öndə olacaqdır. Sizinlə fəxr edirik, cənab Prezident!

Hörmətlə,

Baxşıyeva Yaqut Abuzər qızı

Əhmədov Fərrux Firudin oğlu.

Azərbaycan Respublikası, Göygöl rayonu, Üçtəpə kəndi.