12 iyun 2019, 13:15

Elxan Bəşirovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında 2019-cu il 3 iyun tarixli Sərəncamınızla məni “Əməkdar mühəndis” fəxri adı ilə təltif etdiyinizə görə Sizə dərindən minnətdarlığımı bildirir, möhkəm cansağlığı və həyata keçirdiyiniz mühüm işlərinizdə uğurlar arzulayıram.

Ümummilli liderimiz Heydər Əliyevin memarı olduğu ölkəmiz Sizin uğurlu daxili və xarici siyasətiniz nəticəsində gündən-günə inkişaf edir, dövlətimiz sürətli iqtisadi inkişaf və tərəqqi yolu ilə inamla irəliləyir. Bu gün ölkəmizdə bütün sahələrdə geniş islahatlar həyata keçirilir. Əlverişli biznes mühitinin yaradılması, regionların sürətli inkişafı, böyük infrastruktur layihələrinin həyata keçirilməsi, yüz minlərlə yeni iş yerlərinin açılması, sahibkarlığın inkişafı kimi böyük iqtisadi uğurlar Sizin həyata keçirdiyiniz məqsədyönlü siyasətin nəticələridir. Sizin yeni iş yerlərinin yaradılması, ölkəmizin ixrac potensialının artırılması ilə bağlı tapşırıqlarınızın icrası və milli iqtisadiyyatımızın inkişafına töhfə vermək bizim fəaliyyətimizin prioritet istiqamətidir.

Möhtərəm cənab Prezident, Sizi tam əmin etmək istəyirəm ki, “Mətanət A” şirkəti və şirkətin kollektivi bundan sonra da əzmlə çalışaraq etimadınızı doğruldacaq və Sizin uğurlu iqtisadi siyasət kursunuza dəstəyini əsirgəməyəcək.

Hörmətlə,

Bəşirov Elxan Hidayət oğlu, sahibkar, “Mətanət A” şirkətinin rəhbəri.

Azərbaycan Respublikası, Bakı şəhəri.