23 may 2019, 17:20

Aygün Məmmədzadədən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursu Sizin tərəfinizdən uğurla və dinamik şəkildə davam etdirilməkdədir. Ölkədə sabitliyin yaradılması, Azərbaycanın inkişafı və dünya ölkələri sırasında özünə layiqli yer tutması istiqamətindəki fəaliyyətiniz alqışalayiqdir. Siz Azərbaycanımızın qarantısınız.

Məhz dahi siyasi xadim, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində ölkəmiz parçalanmaqdan xilas oldu, 1993-cü ildən başlayaraq Azərbaycanımız güclənməyə, inkişaf etməyə başladı. Bu gün Azərbaycanın Ali Baş Komandanı kimi Siz nümayiş etdirdiyiniz siyasi iradə və atdığınız cəsarətli addımlar ilə sübut edirsiniz ki, Azərbaycan sarsılmazdır və onun güclü ordusu var. Azərbaycanımızın şanlı tarixinə qızıl hərflərlə yazılan Aprel döyüşləri, keçirilən uğurlu hərbi əməliyyatlar göstərdi ki, Sizin rəhbərliyinizlə ölkəmiz öz torpaqlarını heç kəsə güzəştə getməyəcək və onları düşməndən azad edəcəkdir. Təkcə hərbi sahədə yox, bütün sahələrdə dövlətimiz öz sözünü deməkdədir. Sizin uğurlu siyasətiniz nəticəsində artıq dünya ölkələri Azərbaycanla hesablaşır, bir sıra nüfuzlu tədbirlər, oyunlar, yarışlar doğma Vətənimizdə keçirilir.

Cənab Prezident, ölkəmizdə təhsilin XXI əsrin tələblərinə uyğun inkişaf etdirilməsi üçün mühüm tədbirlər həyata keçirilir. Ölkənin sosial-iqtisadi və mədəni inkişafına, bilikli cəmiyyətin formalaşmasına istiqamətlənmiş bu mühüm tədbirlər biz gənclərə göstərdiyiniz diqqət və qayğının bariz nümunələridir. Sizin və Mehriban xanım Əliyevanın ölkəmizdə neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində apardığınız islahatlar biz gəncləri sabaha ruhlandırır və mükəmməl biliyə, yüksək mənəviyyata malik vətəndaş kimi formalaşmağımızda böyük rol oynayır.

Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən Savalan yaşayış massivində Sizin sayənizdə yeni, ən son standartlara cavab verən 28 nömrəli tam orta məktəb istifadəyə verildi. Siz 28 nömrəli məktəbin açılışında şəxsən iştirak etməklə bizə həmişəki kimi dəstək olmusunuz. Buna görə Sizə hədsiz minnətdarlığımızı bildiririk.

Möhtərəm cənab Prezident, mən yeni istifadəyə verilmiş həmin məktəbdə ibtidai sinif müəllimi kimi gələcəyimiz olan uşaqlara dərs dediyim üçün çox sevinirəm. Çalışacağam ki, etimadınızı doğruldum və həmişə yeni elmi axtarışlarda olum. Azərbaycanın işıqlı gələcəyə doğru inamla addımlaması yolunda Sizə və ailənizə uğurlar, möhkəm cansağlığı arzulayıram. Müstəqil Azərbaycanımızın daha da inkişafı üçün gördüyünüz əvəzsiz işlərə görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm. Fəxr edirəm ki, Sizin kimi Prezidenti olan ölkənin vətəndaşıyam. Gənclər Sizin onlara göstərdiyiniz qayğını həmişə hiss edirlər və hər zaman Sizin yanınızdadırlar. Tanrı Sizi qorusun.

Dərin hörmətlə,

Məmmədzadə Aygün Toğrul qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri.