21 may 2019, 16:50

Əlisəfa Cəbiyevdən, Qobustan, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin müdrik xarici və daxili siyasətiniz nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmişdir. Azərbaycanın sosial-iqtisadi, elmi-mədəni inkişafında qazanılan möhtəşəm uğurlar Sizin gərgin əməyinizin, xalqımıza olan dərin məhəbbətinizin nəticəsidir. Bu məqamda Azərbaycanın milli-mənəvi dəyərlərinin və mədəniyyət nümunələrinin qorunub saxlanılması və onların dünyaya tanıdılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna rolu da qeyd edilməlidir.

Möhtərəm Prezident, Sizin rəhbərliyinizlə ölkəmizdə genişmiqyaslı layihələr, əhalinin rifahının yaxşılaşması üçün sosialyönümlü tədbirlər həyata keçirilir. Sizin diqqət və qayğınız hər bir ailədə hiss olunur. Qobustan rayonunun Sündü kənd tam orta məktəbi üçün yeni binanın tikilməsi barədə 2019-cu il 7 may tarixli Sərəncamınız Sündü kəndinin bütün əhalisi tərəfindən hədsiz sevinclə qarşılanmış və alqışlanmaqdadır.

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ərəfəsində verildiyi üçün bu Sərəncamınız bizim üçün ikiqat dəyərli və əvəzolunmazdır. Azərbaycan xalqı yaxşı bilir ki, məhz ümummilli liderimiz Heydər Əliyevin ölkəmizin ən çətin vaxtında ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Azərbaycanı böyük bəlalardan xilas etdi.

Hörmətli cənab Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə kənd sakinləri adından Sizə dərin təşəkkürümü bildirirəm. Əmin ola bilərsiniz ki, Sündü kəndinin əhalisi həmişə Sizinlədir!

Doğma Azərbaycanımızın daha da çiçəklənməsi yolunda Ulu Tanrı Sizə yar olsun!

Dərin hörmətlə,

Cəbiyev Əlisəfa

Azərbaycan Respublikası, Qobustan rayonu, Sündü kəndi.