20 aprel 2019, 12:15

Nüşabə Hüseynovadan, Qazax, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin ölkə rəhbəri kimi fəaliyyətə başladığınız gündən bu yana vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması istiqamətində atdığınız uğurlu addımlar onu göstərir ki, müstəqil Azərbaycanımızda insan amili ön plandadır. Biz vətəndaşlar hər gün bir yeniliyin şahidi oluruq. Bu gün elə bir sahə tapılmaz ki, Sizin, dövlətimizin diqqətindən kənarda qalsın. Bütün bunlar Sizin müdrik siyasətinizin, gərgin əməyinizin, ən əsası da müasir Azərbaycanın qurucusu və memarı ulu öndər Heydər Əliyevin ideyalarına sadiqliyinizin bariz nümunəsidir.

Möhtərəm Prezident, Sizin son aylar imzaladığınız, ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılmasına yönəlmiş fərman və sərəncamlarınız hər kəs kimi məni də sevindirir. Problemli kreditlərin həlli ilə bağlı imzaladığınız 2019-cu il 28 fevral tarixli fərmanı bizim ailə də böyük sevinclə qarşıladı. Bu fərman bir daha sübut etdi ki, Siz ölkə rəhbəri kimi, çətinə düşən hər bir vətəndaşın yanındasınız.

Buna görə bir daha Sizə minnətdarlıq edir, müstəqil dövlətimizin qüdrətlənməsi naminə həyata keçirdiyiniz bütün işlərinizdə uğurlar arzu edirəm. Güclü dövlət, güclü millət, güclü lider naminə Uca Yaradan özü Sizi hifz etsin.

Hörmətlə,

Hüseynova Nüşabə Teymur qızı

Azərbaycan Respublikası, Qazax rayonu.