18 mart 2019, 13:15

Tofiq Heydərovdan, Lənkəran, Azərbaycan

Möhtərəm cənab Prezident.

Milli teatrımızın tərəqqisi, inkişafı və maddi-texniki bazasının gücləndirilməsi, sənət adamlarının sosial təminatının yüksəldilməsi istiqamətində atdığınız hər bir addım bizdə fərəh hissi doğurur. Sizin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünüz, martın 4-də isə “Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığınız Sərəncam incəsənət xadimlərinə olan diqqət və qayğınızın bariz nümunəsidir.

Martın 11-də “Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" növbəti Sərəncamı imzalamaqla ömürlərini incəsənətimizin çiçəklənməsinə həsr etmiş minlərlə insanı bir daha sevindirdiniz.

Sizi əmin etmək istəyirik ki, mədəniyyətimizin inkişafı, gənc nəslin mənəvi tərbiyəsi üçün bundan sonra da əlimizdən gələni əsirgəməyəcəyik, tamaşaçıların zövqünü oxşayan yüksək səviyyəli səhnə əsərləri hazırlayacağıq.

Cənab Prezident, Sizə dərin hörmət və ehtiramımızı bildirir, milli teatrımızın, eləcə də Azərbaycan dövlətinin inkişafı naminə gördüyünüz əvəzsiz işlərinizdə uğurlar arzulayırıq.

Lənkəran Dövlət Dram Teatrının kollektivi adından dərin hörmətlə,

Heydərov Tofiq, direktor.

Azərbaycan Respublikası, Lənkəran şəhəri.