28 noyabr 2018, 18:00

Elmira Kərimovadan, Bakı, Azərbaycan

Hörmətli Mehriban xanım.

Mən və ailəm 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımının canlı şahidləri olmuşuq. Həmin gecə baş verənlər ailəmizin həyatını, övladlarımın gələcək taleyini əhəmiyyətli dərəcədə dəyişdi. Mən həmin faciə zamanı doğma qardaşımı və həyat yoldaşımı itirdim, özüm isə körpə uşaqlarımla əsir düşdüm, əsirlikdə olduğun günlərdə mənfur erməni vandallarının dözülməz rəftarlarına məruz qaldım. Mən və iki övladım həmin müsibətdən möcüzə nəticəsində sağ-salamat çıxdıq.

Əsirlikdən sonrakı dövrlər bizim üçün hər mənada dözülməz və acınacaqlı keçib. Lakin ulu öndərimiz Heydər Əliyevin yüksək diqqət və qayğısı yaşadığımız müsibətləri, itirdiyimiz doğmalarımızın yaralarını qismən də olsa unutdurdu, yaşamaq sevdasını bizə qaytardı.

Ulu Öndərimizdən sonra isə onun siyasi kursunun layiqli davamçısı, cənab Prezidentimiz İlham Əliyevin də qaçqın və məcburi köçkünlərə olan qayğıkeşliyi nəticəsində biz özümüzü daim güvəndə hiss etmişik. Dövlətimizin başçısının apardığı siyasətə dəstək olaraq Siz də öz diqqətinizi bizim üzərimizdən heç zaman əksik etməmisiniz. Məhz bunun məntiqi nəticəsidir ki, bilavasitə Sizin göstərişinizlə Qobu qəsəbəsində salınan şəhərcikdə bizim ailəyə mənzil verildi. Həmin anlarda yaşadığımız sevinc hisslərini heç bir sözlə ifadə edə bilmərik.

Buna görə şəxsən öz adımdan, qızımın, oğlumun və onun ailəsinin, nəvələrimin adından Sizə sonsuz minnətdarlığımızı bildirirəm. Arzu edirəm ki, mənə Sizi canlı görmək və təşəkkürlərimi çatdırmaq şərəfi nəsib olsun. Allah cənab Prezidentimizi və Sizi xalqımızın başı üzərindən əksik etməsin.

Hörmətlə,

Kərimova Elmira.

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Qobu qəsəbəsi.