“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

20 noyabr 2018, 20:10

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 10, № 6, maddə 414; 2001, № 5, maddə 293, № 11, maddə 687, № 12, maddə 740; 2002, № 5, maddə 241, № 6, maddə 328, № 12, maddə 706; 2004, № 5, maddə 318; 2005, № 4, maddə 281, № 8, maddə 699, № 10, maddə 903, № 11, maddə 993; 2007, № 1, maddə 4, № 2, maddə 69, № 8, maddə 745, № 11, maddələr 1053, 1075; 2008, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 1, maddə 5, № 7, maddə 517, № 11, maddə 878; 2010, № 7, maddə 597, № 11, maddə 938; 2011, № 4, maddə 258, № 12, maddə 1098; 2012, № 10, maddə 946; 2013, № 11, maddə 1271; 2014, № 11, maddə 1353; 2015, № 5, maddə 487; 2016, № 1, maddə 11, № 7, maddə 1243, № 12, maddə 2025; 2017, № 2, maddə 148, № 12, maddə 2236; 2018, № 7, maddə 1388, № 8, maddə 1673) aşağıdakı dəyişikliklər edilsin:

1. Mətn üzrə ismin müvafiq hallarında “notariat kontoru” və “notariat kontorları” sözləri ismin müvafiq hallarında “notariat ofisi” və “notariat ofisləri” sözləri ilə əvəz edilsin.

2. Mətn üzrə ismin müvafiq hallarında “vətəndaş” sözü (89-cu maddə istisna olmaqla) ismin müvafiq hallarında “şəxs” sözü ilə əvəz edilsin.

3. 3-cü maddə üzrə:

3.1. ikinci hissə aşağıdakı redaksiyada verilsin:

“Ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 3 ildən az olmayaraq iş stajına, mənəvi keyfiyyətlərə və peşə biliklərinə malik Azərbaycan Respublikasının vətəndaşı notarius ola bilər.”;

3.2. səkkizinci hissəyə “tələblərinə” sözündən sonra “və müvafiq icra hakimiyyəti orqanının metodiki tövsiyələrinə” sözləri əlavə edilsin.

4. 4-cü maddə üzrə:

4.1. birinci hissənin ikinci cümləsi çıxarılsın;

4.2. beşinci hissə aşağıdakı redaksiyada verilsin:

“Müvafiq icra hakimiyyəti orqanının notariat fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumunda və dövlət notariat ofislərində ali hüquq təhsili tələb olunan inzibati vəzifələrdə və ya xüsusi notariusun köməkçisi vəzifəsində 3 ildən az olmayaraq işləyən və bu Qanunun tələblərinə cavab verən şəxslər, habelə hakimlər şəhadətnamə almaq üçün yalnız notariat fəaliyyəti üzrə peşə hazırlığına dair müsahibədən keçməlidirlər.”;

4.3. altıncı hissə ləğv edilsin.

5. 5-ci maddə üzrə:

5.1. birinci hissəyə “şəxsin” sözündən sonra “, habelə xüsusi notariusun köməkçisi vəzifəsinə namizədlərin” sözləri əlavə edilsin;

5.2. dördüncü hissədə “icbari təlimdən azad edilmiş şəxslərin” sözləri “icbari təlimin nəticələrini qiymətləndirir,” sözləri ilə əvəz edilsin;

5.3. doqquzuncu hissə ləğv edilsin.

6. 7-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 7. Şəhadətnamənin ləğv edilməsi. Xüsusi notariusun fəaliyyətinə xitam verilməsi

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı hallarda notariusun şəhadətnaməsi ləğv edilir:

1) notarius öz arzusu ilə şəhadətnaməsinin ləğv olunması barədə yazılı ərizə verdikdə;

2) şəhadətnamə almış şəxs notarius andını qəbul etmədikdə;

3) notariusun şəhadətnamə almaq üçün təqdim etdiyi sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edildiyi aşkar olunduqda;

4) xüsusi notarius şəhadətnaməni aldıqdan sonra bu Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdən sonra notariat fəaliyyətinin həyata keçirilməsinə başlamadıqda;

5) növbəti dəfə şəhadətnamə verilmədikdə;

6) notarius 65 yaşa çatdıqda;

7) qanunvericiliyin tələblərini dəfələrlə və kobudcasına pozmaqla notariat hərəkətləri apardıqda;

8) dövlət notariusu tutduğu vəzifədən azad edildikdə;

9) xüsusi notariusun vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılması üçün əsas olmuş hallar aradan qalxmadıqda;

10) notarius əmək qabiliyyətini fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirdikdə (tibbi rəyə əsasən);

11) notariusun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda, notarius tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə işləməyə qadir olmadıqda;

12) notariusun Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə və ya notarius Azərbaycan Respublikasından daimi yaşayış üçün başqa ölkəyə köçüb getdikdə;

13) notarius cinayət törətməyə görə məhkum edildikdə və ya onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;

14) notarius barəsində bəraətverici əsaslar olmadan cinayət işinin xitam olunması haqqında qərar çıxarıldıqda;

15) notarius vəfat etdikdə;

16) notarius məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə.

Şəhadətnaməsi ləğv edilmiş notariusun notariat fəaliyyətinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən xitam verilir.

Fəaliyyətinə xitam verilmiş xüsusi notariusun qeydiyyat vəsiqəsi ləğv edilir.

Xüsusi notariusun fəaliyyətinə xitam verildikdə, onun işlədiyi notariat ofisi müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edilə bilər.

Fəaliyyətinə xitam verilmiş xüsusi notarius aparılmış notariat hərəkətləri barədə sənədləri bir aydan gec olmayaraq dövlət notariat arxivinə təhvil verməlidir.

Notariat sənədləri dövlətə məxsusdur. Xüsusi notarius işləmiş şəxs notariat hərəkətləri barədə sənədlərin təhvil verilməməsinə görə inzibati məsuliyyət daşıyır.”.

7. Aşağıdakı məzmunda 7-1-ci maddə əlavə edilsin:

“Maddə 7-1. Xüsusi notariusun vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılması

Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə aşağıdakı hallarda xüsusi notarius vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılır:

1) qəsdən cinayət törətməyə görə təqsirləndirilən şəxs qismində cəlb edildikdə;

2) notarius 6 ayadək müddətdə əmək qabiliyyətini fasiləsiz olaraq itirdikdə;

3) notarius sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda;

4) notarius siyasi partiyada öz fəaliyyətini dayandırmadıqda.

Vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmış xüsusi notarius notariat fəaliyyətinin icrasına buraxılmır və bu Qanunun 25-1-ci maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən onu əvəz edən şəxs təyin edilir.

Notarius sahibkarlıq fəaliyyəti ilə məşğul olması və siyasi partiyada öz fəaliyyətini dayandırması halları ilə bağlı vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldıqda, bu halları 10 gün müddətində aradan qaldırmalıdır.

Xüsusi notariusun vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılması üçün mövcud olan əsaslar aradan qalxdıqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi notarius vəzifələrinin icrasına buraxılır.”.

8. 10-cu maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 10. Notariusun şəxsi möhürü, ştampı və blankları

Azərbaycan Respublikasında hər bir notariusun, habelə vakant xüsusi notarius vəzifəsini icra edən köməkçinin ona məxsus gerbli möhürü, təsdiq qeydləri ştampları, işlədiyi notariat ofisinin künc ştampı və blankları olmalıdır.

Notariusun möhüründə notariusun soyadı, adı, atasının adı və işlədiyi notariat ofisinin adı göstərilməlidir.

Notarius müvafiq icra hakimiyyəti orqanı tərəfindən notariat hərəkətlərinin aparılması üçün müəyyən edilən, Dövlət gerbinin təsviri əks olunmuş blanklardan istifadə etməlidir.

Notariusun elektron imzası olmalıdır.

Xüsusi notariusun möhürü, ştampları, blankları, o cümlədən etibarnamə və müqavilə blankları, habelə elektron imzası onun müvəqqəti olmadığı dövrdə yalnız onu əvəz edən köməkçiyə verilə bilər.

Vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmış xüsusi notariusun möhürü və elektron imza sertifikatı bu Qanunun 25-1-ci maddəsinin ikinci hissəsində göstərilən hal istisna olmaqla, saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanına təhvil verilir.

Korlanmış, qüvvədən düşmüş, yaxud istifadə olunmayan möhür, ştamp və blanklar müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhv edilir.”.

9. 14-cü maddə üzrə:

9.1. beşinci hissə müvafiq olaraq altıncı hissə hesab edilsin və aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin:

“Yoxlamanın və ya şikayətin araşdırılmasının nəticəsindən asılı olaraq, xüsusi notarius barəsində intizam icraatı başlanıla bilər, dövlət notariusuna münasibətdə isə bu Qanunun 16-cı maddəsinə uyğun olaraq ədliyyə orqanları işçisinin intizam məsuliyyətinə cəlb edilməsi qaydası tətbiq olunur.”;

9.2. aşağıdakı məzmunda yeddinci və səkkizinci hissələr əlavə edilsin:

“Xüsusi notariusun işçisi tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edildikdə, onun barəsində intizam tədbirlərinin görülməsi, o cümlədən əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq icra hakimiyyəti orqanı notariusa göstəriş verir.

Xüsusi notariusla işçiləri arasında əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi və bu Qanunla tənzimlənir.”.

10. 16-cı maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

“Dövlət notariusu vəzifəsi vakant olduqda, həmin vəzifənin icrası müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 3-cü maddəsi ilə müəyyən edilmiş tələblərə cavab verən digər ədliyyə işçisinə 18 ay müddətinə həvalə edilə bilər.”.

11. 17-ci maddənin birinci hissəsinin 13-cü bəndinə “ərizələrini” sözündən sonra “və sənədlərini” sözləri əlavə edilsin.

12. 20-ci maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:

“Dövlət notariat ofisinin ştat cədvəlini və iş qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”.

13. 22-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 22. Xüsusi notariusun peşə məsuliyyətinin icbari sığortası

Xüsusi qaydada notariat fəaliyyətinin həyata keçirilməsi zamanı vurula biləcək ziyanın ödənilməsini təmin etmək məqsədilə belə fəaliyyətlə məşğul olmaq istəyən şəxs öz məsuliyyətini sığortalamalıdır.

Notarius baş vermiş sığorta hadisəsi barədə 10 gün müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.”.

14. 23-cü maddə üzrə:

14.1. birinci hissədə “5” rəqəmi “1” rəqəmi ilə əvəz edilsin;

14.2. ikinci hissədə “sığorta girovundakı vəsait” sözləri “bu Qanunun 22-ci maddəsinə əsasən müəyyən edilmiş sığorta məbləği” sözləri ilə əvəz edilsin.

15. 24-cü və 25-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“Maddə 24. Xüsusi notariusun təyin olunması və qeydiyyatı

Notariat fəaliyyətinin həyata keçirilməsi üçün şəhadətnamə almış və icbari sığorta müqaviləsini bağlamış şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi notarius təyin edilir və ona qeydiyyat vəsiqəsi verilir.

Müvafiq icra hakimiyyəti orqanı xüsusi notariusun qeydiyyat vəsiqəsini şəhadətnaməyə malik olan şəxsdən müvafiq ərizəni, xüsusi notarius kimi fəaliyyət göstərəcəyi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış yer barədə sənədi və icbari sığorta müqaviləsinin surətini qəbul etdikdən sonra 10 gün müddətində verməlidir.

Xüsusi notariusun qeydiyyat vəsiqəsində onun etibarlılıq müddəti göstərilməlidir.

Müvafiq icra hakimiyyəti orqanı xüsusi notariusa qeydiyyat vəsiqəsinin verilməsindən dərhal sonra onun iş yeri üzrə müvafiq icra hakimiyyəti orqanına bu barədə müvafiq məlumat verməlidir.

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən notariusun fəaliyyət göstərdiyi ərazi dairəsində dəyişiklik edilə bilər.

Xüsusi notarius qeydiyyat vəsiqəsini aldıqdan sonra 1 ay ərzində üzrlü səbəb olmadan və bu müddətin sonuncu günü müvafiq icra hakimiyyəti orqanı tərəfindən ona yazılı surətdə edilmiş rəsmi xəbərdarlığı nəzərə almadan 10 gün ərzində göstərilmiş iş yeri üzrə notariat fəaliyyətinin həyata keçirilməsinə başlamazsa, onun şəhadətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edilir.

Maddə 25. Xüsusi notariusun işinin təşkili

Xüsusi notarius öz fəaliyyətini notariat hərəkətlərinin aparılması üçün münasib olan, özünə məxsus və ya icarəyə götürülmüş və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış ayrıca yerdə həyata keçirməlidir.

Hər bir xüsusi notariusun ofisi olmalıdır. İki və ya daha çox notarius müvafiq icra hakimiyyəti orqanının razılığı ilə aralarında bağlanılmış müqavilə üzrə bir ofisdə fəaliyyət göstərə bilərlər. Bu müqavilədə notariat ofisinə rəhbərlik edilməsi, notariat hərəkətlərinin aparılmasına dair iş bölgüsü, notariusların vahid və ya hər bir notariusun cari bank hesabının açılması, kargüzarlıq və mühasibatlığın aparılması, habelə birgə fəaliyyət ilə bağlı digər məsələlər əks olunur.

Xüsusi notarius mülki-hüquqi müqavilələr və əmək müqavilələri (kontraktlar) bağlaya bilər, banklarda hesablaşma və digər hesablar, o cümlədən valyuta hesabı aça bilər.

Xüsusi notarius ödənişli əsaslarla müvafiq icra hakimiyyəti orqanı tərəfindən notariat hərəkətlərinin aparılması üçün tətbiq edilən blanklardan və bu Qanunun 43-cü maddəsində göstərilmiş notariat hərəkətlərinin qeydi üçün reyestrlərdən istifadə edir.

Notariat ofisinin işçilərinin əməyinin ödənilməsi, istirahət vaxtı və məzuniyyət hüquqları Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun müəyyən edilir.

Xüsusi notariusun ezamiyyətə və ya məzuniyyətə getməsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır.

Xüsusi notariusun iş rejimi, xüsusi notariat ofisinin ştat cədvəli və xüsusi notarius tərəfindən işə qəbul olunan namizədlər müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır.

Xüsusi notariusun köməkçisinin təyin olunması bu Qanunun 25-1-ci maddəsi ilə tənzimlənir.

Notariat fəaliyyətinin əsas məqsədi mənfəət əldə etməyə yönəlmir.

Vergilər və digər məcburi ödəmələr ödənildikdən sonra notariat hərəkətlərinin aparılmasına görə tutulan haqdan və bu Qanunun 20-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş xidmətlərə görə alınan haqdan qalan pul vəsaitləri xüsusi notariusun sərəncamında qalır.

Xüsusi notarius tərəfindən müraciət edən şəxslərin xahişi ilə onlarla notariat hərəkətlərinin iş vaxtından sonra, istirahət və ya bayram günlərində aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Notariat ofisinə gəlmədən əvvəlcədən verilmiş bildiriş üzrə notariat ofisindən kənarda, habelə iş vaxtından sonra, istirahət və ya bayram günlərində notariat hərəkətlərinin aparılmasına görə haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş meyarlar əsasında hər bir xüsusi notariusun özü tərəfindən müəyyən edilir.”.

16. Aşağıdakı məzmunda 25-1-ci maddə əlavə edilsin:

“Maddə 25-1. Xüsusi notariusun köməkçisinin təyin olunması və xüsusi notariusun əvəz edilməsi

Xüsusi notarius köməkçi vəzifəsinə bu Qanunun 3-cü maddəsi ilə müəyyən edilmiş tələblərə cavab verən namizədlə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Bu Qanunun 5-ci maddəsinə uyğun olaraq keçirilmiş imtahan və müsahibədən müvəffəqiyyət qazanmış namizəd xüsusi notarius tərəfindən işə qəbul edilir.

Xüsusi notarius köməkçisinə aşağıdakıları həvalə edə bilər:

1) notariat hərəkətinin aparılması üçün sənədlərin hazırlanmasında iştirak etmək;

2) notariat ofisinin əməkdaşları tərəfindən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək;

3) notariat hərəkətinin aparılması ilə bağlı müraciət etmiş şəxsləri qəbul etmək və qanunvericiliyin tələblərini izah etmək;

4) xüsusi notariusun verdiyi digər tapşırıqları icra etmək.

Xüsusi notarius 5 gündən artıq müddətdə ezamiyyətə və ya məzuniyyətə getdikdə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla həmin müddətdə əvəz olunmasını köməkçisinə həvalə edə bilər. Xüsusi notarius 5 gündən 6 ayadək müddətdə əmək qabiliyyətini fasiləsiz itirdikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin müddətdə onun əvəz olunması həmin notariat ofisində işləyən köməkçiyə həvalə oluna bilər.

Xüsusi notariusun müvəqqəti olmadığı dövrdə köməkçi əvəz etdiyi xüsusi notariusun adından və onun möhüründən istifadə etməklə notariat hərəkətlərini aparır.

Əvəz edən köməkçinin əməyi xüsusi notariusun hesabına ödənilir.

Köməkçinin vurduğu ziyana görə əvəz etdiyi xüsusi notarius onunla birlikdə subsidiar məsuliyyət daşıyır.

Xüsusi notariusun əvəz olunduğu müddət onun şəhadətnaməsinin qüvvədə olduğu müddətlə məhdudlaşır.

Əvəz olunduğu müddət ərzində xüsusi notarius vəzifə səlahiyyətlərinin icrasını həyata keçirə bilməz.

Xüsusi notarius vəzifəsi vakant olduqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu vəzifənin icra edilməsi 1 ildən artıq olmamaqla, həmin ofisdə köməkçi vəzifəsində ən azı 3 il işləyən şəxsə və ya digər xüsusi notariusa həvalə edilə bilər.

Vəzifəni icra edən köməkçi:

1) səlahiyyətlərinin icrasına başlamazdan əvvəl xüsusi notarius kimi and içməli;

2) notariat hərəkətlərini bu Qanuna riayət etməklə, öz adından və özünə məxsus möhürdən istifadə etməklə aparmalı;

3) vurduğu ziyana görə xüsusi notarius üçün müəyyən edilmiş qaydada peşə məsuliyyətini icbari sığorta etdirməlidir.

Onun əməyinin ödənilməsi bu Qanunun 25-ci maddəsinin onuncu hissəsi ilə müəyyən edilmiş vəsait hesabına həyata keçirilir.

Vəzifəni icra edən köməkçi notarius olmaq istədikdə, bu Qanunun 4-cü maddəsinin beşinci hissəsinə uyğun olaraq peşə hazırlığına dair müsahibədən keçməlidir.”.

17. 26-cı maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 26. Xüsusi notariusun apardığı notariat hərəkətləri

Xüsusi notarius bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərini aparır.”.

18. Aşağıdakı məzmunda 26-1-ci və 26-2-ci maddələr əlavə edilsin:

“Maddə 26-1. Xüsusi notariusun intizam məsuliyyətinə cəlb edilməsi

Xüsusi notarius notariat hərəkətlərinin aparılması zamanı tətbiq edilən qanunvericiliyin tələblərini, habelə əmək və icra intizamını pozduğuna görə onun barəsində intizam tənbehinin tətbiqi müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyət verdiyi vəzifəli şəxs tərəfindən həyata keçirilir.

İntizam pozuntusunun mövcudluğuna dair məlumat olduqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən araşdırma aparılır, xüsusi notariusdan yazılı izahat alınır. Xüsusi notariusun izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiq edilməsinə mane olmur. İntizam pozuntusu ilə bağlı əsaslı şübhələr olduqda və yerində araşdırılması zəruri olan hallar yarandıqda müvafiq icra hakimiyyəti orqanı notariat fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumu vasitəsilə yoxlama təyin edir. Yoxlama bu Qanunun 14-cü maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş qaydalara uyğun aparılır.

Aparılan araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi notariusa vəzifə funksiyalarının pozulması dərəcəsindən asılı olaraq intizam tənbehi kimi töhmət verilə, min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə tətbiq edilə, həmçinin bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş hallara müvafiq olaraq xüsusi notariusun şəhadətnaməsi ləğv edilə bilər.

Cərimə üzrə məbləğlər bu Qanunun 26-2-ci maddəsində nəzərdə tutulan məqsədlərin həyata keçirilməsi üçün Notariat Palatasının bank hesabına köçürülür.

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən cərimə tətbiq edilməsinə dair verilmiş bildiriş üzrə borc ödənilmədikdə xüsusi notariusun milli və ya xarici valyutada cari və ya digər hesablarından vəsaitin müvafiq hesaba köçürülməsi haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilir.

Xüsusi notariusa intizam tənbehi bu maddədə nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən iki ay keçənədək verilə bilər. Xüsusi notariusun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir.

İntizam tənbehinin tətbiqinə əsas yaradan əməl törədildiyi gündən bir il keçdikdən sonra xüsusi notariusa intizam tənbehi verilə bilməz.

Töhmət intizam tənbehi verildiyi gündən bir il müddətində qüvvədə olur.

İntizam tənbehinin verilməsi əmrlə rəsmiləşdirilir. Verilmiş əmr üç gün ərzində xüsusi notariusa elan olunur və əmrin surəti ona təqdim edilir.

Xüsusi notarius intizam tənbehi tətbiq edilməsi barədə əmrdən inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

Aparılan araşdırmanın nəticəsinə uyğun olaraq xüsusi notariusa intizam tənbehi tətbiq olunmadan yazılı və ya şifahi xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi hesab edilmir.

Maddə 26-2. Notariat Palatası

Notariat Palatası (bundan sonra – Palata) notariat xidmətinin inkişafı və təkmilləşdirilməsi məqsədilə, notariusların məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir.

Palatanın möhürü, emblemi, bank hesabı, müvafiq ştampları və blankları vardır.

Palata bu Qanun və nizamnaməsi əsasında fəaliyyət göstərir.

Nizamnamə Palatanın Ümumi yığıncağında qəbul edilir və müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınır.

Palatanın idarə olunması qaydası onun nizamnaməsi ilə müəyyən edilir.

Palatanın aşağıdakı səlahiyyətləri vardır:

1) müvafiq icra hakimiyyəti orqanına notariat fəaliyyətinin səmərəli təşkilində yardım etmək;

2) notariusların peşə hazırlığının artırılması məqsədilə təlimlərin və notarius olmaq istəyən şəxslərin hazırlığının təşkilində iştirak etmək;

3) notariat təcrübəsinin formalaşdırılması üçün notariat hərəkətləri üzrə ümumiləşdirmələr aparmaq;

4) notariat fəaliyyətini tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına təkliflər vermək;

5) digər ölkələrin notariusları, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək.

Müvafiq icra hakimiyyəti orqanı Palatanın üzvünü notariat fəaliyyətinin yoxlanılmasına cəlb edə bilər.

Palatanın üzvləri üçün üzvlük haqqının məbləği, bu məbləğin ödənilməsi müddəti və qaydaları Palatanın nizamnaməsi ilə müəyyən olunur.

Palata müvafiq icra hakimiyyəti orqanına illik hesabat verir.

Müvafiq icra hakimiyyəti orqanının rəhbəri Palatanın qanunvericiliyə zidd qərarına düzəliş edilməsini tövsiyə edə bilər.

Palata notariusların beynəlxalq təşkilatlarına üzv ola bilər.”.

19. 29-cu maddə üzrə:

19.1. birinci hissədə “Dövlət notariusları” sözləri “Notariuslar” sözü ilə, “6-cı və 8-ci” sözləri “6-8-ci” sözləri ilə əvəz edilsin;

19.2. ikinci-altıncı hissələr müvafiq olaraq dördüncü-səkkizinci hissələr hesab edilsin və aşağıdakı məzmunda ikinci və üçüncü hissələr əlavə edilsin:

“Notariuslar bu Qanunun 17-ci maddəsinin birinci hissəsinin 1-ci və 7-ci bəndlərində nəzərdə tutulmuş notariat hərəkətlərinin ölkə ərazisində real vaxt rejimində videoyazı vasitəsilə (bundan sonra - videoyazı vasitəsilə) rəsmiləşdirilməsinə görə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğində haqq tuturlar.

Notariuslar bu Qanunun 49-cu və 67-ci maddələrində nəzərdə tutulan notariat hərəkətlərinin xaricdə olan şəxslə videoyazı vasitəsilə həyata keçirilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 16.6.1-ci və 16.6.6-cı maddələri ilə müəyyən edilmiş dövlət rüsumu məbləğində haqq tuturlar.”.

20. 32-ci maddənin onuncu, on birinci və on ikinci hissələri müvafiq olaraq on ikinci, on üçüncü və on dördüncü hissələr hesab edilsin və aşağıdakı məzmunda onuncu və on birinci hissələr əlavə edilsin:

“Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.10-cu və 16.1.11-ci maddələrində nəzərdə tutulmuş neqativ məlumatlar notariusların fəaliyyətlərinə aid olan hissədə müvafiq icra hakimiyyəti orqanı vasitəsilə “Elektron hökumət” portalında yerləşdirilir.

Lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin elektron qaydada həyata keçirilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məlumatlar lisenziya və icazə verən orqan tərəfindən müvafiq icra hakimiyyəti orqanının “Elektron notariat” informasiya sistemi vasitəsilə yoxlanılır.”.

21. 33-cü maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 33. Notariat hərəkətlərinin aparıldığı yer

Notariat hərəkətləri qanunvericiliyə əsasən dövlət notariusunun, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının və ya Azərbaycan Respublikası konsulluqlarının vəzifəli şəxslərinin müvafiq yerdə aparmalı olduğu hallar istisna edilməklə, Azərbaycan Respublikasının bütün ərazisində aparıla bilər.

Notariat hərəkətləri notariat ofisində, müvafiq icra hakimiyyəti orqanı və Azərbaycan Respublikasının konsulluqları yerləşən binada aparılmalıdır.

Şəxs notariat ofisinə gəlmədən, əvvəlcədən verilmiş bildiriş üzrə dövlət rüsumu və haqlar ödənilməklə notariat hərəkətləri notariat ofisindən kənarda da aparıla bilər.

Şəxs notariat ofisinə gələ bilmədiyi hallarda verilmiş bildiriş əsasında notariat hərəkətinin aparılması vaxtı (tarix və saat) razılaşdırıldıqdan, dövlət rüsumu və haqq ödənildikdən sonra bu Qanunla müəyyən edilmiş notariat hərəkətləri notariat ofisindən kənarda olan müraciət etmiş şəxslə videoyazı vasitəsilə aparıla bilər.

Notariuslar müvafiq icra hakimiyyəti orqanının “Elektron notariat” informasiya sistemindən istifadə edirlər.”.

22. 34-cü maddənin birinci hissəsinə “təqdim olunduğu” sözlərindən sonra “, habelə informasiya sistemlərindən əldə edildiyi” sözləri əlavə edilsin.

23. 45-ci maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

“Notariuslar “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almaqla, müqavilələrin elektron formada tərtib edilməsinə və imzalanmasına, onların, habelə videoyazı vasitəsilə əqdlərin təsdiq edilməsinə dair notariat hərəkətlərini bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata uyğun olaraq həyata keçirirlər.”.

24. 46-cı maddənin beşinci hissəsi ləğv edilsin.

25. 49-cu maddənin ikinci-altıncı hissələri müvafiq olaraq üçüncü-yeddinci hissələr hesab edilsin və aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

“Notariuslar videoyazı vasitəsilə etibarnamələrin təsdiq edilməsinə dair notariat hərəkətlərini bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata uyğun olaraq həyata keçirirlər.”.

26. 67-ci maddəyə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:

“Notariuslar tərəfindən videoyazı vasitəsilə ərizələrdə imzanın həqiqiliyinin təsdiq edilməsi ilə bağlı notariat hərəkətlərini bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata uyğun olaraq həyata keçirirlər.”.

27. 73-cü maddə üzrə:

27.1. adında “ərizələrinin” sözündən sonra “və sənədlərinin” sözləri əlavə edilsin;

27.2. birinci hissədə “ərizələrini” sözü “kağız və ya elektron daşıyıcıda olan ərizələrini və ya sənədlərini” sözləri ilə əvəz edilsin;

27.3. ikinci hissəyə “Ərizələr” sözündən sonra “və sənədlər kağız daşıyıcıda” sözləri əlavə edilsin və həmin hissənin ikinci cümləsi çıxarılsın;

27.4. üçüncü hissə ləğv edilsin;

27.5. aşağıdakı məzmunda üçüncü-beşinci hissələr əlavə edilsin:

“Kağız daşıyıcıda təqdim olunan ərizələr və ya digər sənədlər notarius tərəfindən başqa şəxslərə, həmçinin texniki vasitələrdən istifadə etməklə informasiya sistemləri vasitəsilə də verilə bilər. Bu halda notarius kağız daşıyıcıda təqdim olunmuş ərizə və ya digər sənəd əsasında onun elektron nüsxəsini hazırlayır. Kağız daşıyıcıda olan ərizə və ya digər sənəd ilə hazırlanmış sənədin elektron nüsxəsinin eyniləşdirilməsi notariusun elektron imzası ilə təsdiq edilir.

Elektron formada təqdim olunan ərizələrin və ya digər sənədlərin məzmunu notarius tərəfindən hazırlanan kağız daşıyıcıya keçirilərək eyniləşdirilə bilər. Bu halda notarius ərizəni və ya digər sənədi göndərən şəxsin elektron imzasını "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlayır, onu kağız daşıyıcıda çap edərək imzası və möhürü ilə təsdiq edir. Elektron ərizə və ya digər sənəd kağız daşıyıcıya keçirildikdən sonra bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş qaydada göndərilir.

Ərizələrin və ya digər sənədlərin başqasına verilməsi, habelə kağız və ya elektron daşıyıcıda olan ərizə və ya digər sənədlərin hazırlanmış elektron və kağız nüsxələri ilə eyniləşdirilməsi haqqında şəhadətnamə verilir.”.

28. 74-cü maddədə dördüncü, beşinci və altıncı hissələr müvafiq olaraq beşinci, altıncı və yeddinci hissələr hesab edilsin və aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:

“Daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir.”.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 noyabr 2018-ci il.