13 noyabr 2018, 12:40

Teymur Bünyadov və başqalarından, Qazax, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmizdə gedən inkişaf, həyata keçirilən böyük layihələr, quruculuq işləri göz önündədir. Siz həyatımızın bütün sahələrinə olduğu kimi, Azərbaycanda təhsilin inkişafına da böyük diqqət və qayğı göstərirsiniz. Ən ucqar bölgələrdə belə yeni məktəblərin tikilməsi, təhsil ocaqlarının müasir avadanlıq və texnologiyalarla təchiz olunması bunun əyani nümunələridir. “Təhsil millətin gələcəyidir” deyən ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan təhsil strategiyası bu gün Sizin rəhbərliyinizlə uğurla davam etdirilir.

Ölkəmizdə təhsili inkişaf etdirməklə yanaşı, Siz Azərbaycan təhsilinin tarixini də yüksək dəyərləndirir, maarifçiliyin yaranmasında və inkişafında xidmətləri olmuş təhsil ocaqlarına böyük qiymət verirsiniz. Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığınız Sərəncam bu diqqət və qayğının əyani göstəricisidir. Bu Sərəncam dövlətimizin başçısı kimi Sizin Azərbaycan tarixinin, onun milli-mənəvi dəyərlərinin himayəçisi olduğunuzun daha bir təzahürüdür.

Möhtərəm cənab Prezident, Qazax rayon ictimaiyyətinin böyük sevincinə səbəb olan bu Sərəncam ağsaqqallar, veteranlar, ziyalılar, gənclər tərəfindən minnətdarlıq hissi ilə qarşılanmış, ölkə təhsilinə, ziyalılarına verilən ən böyük qiymət kimi dəyərləndirilmişdir. Azərbaycanda elmin, maarif və mədəniyyətin inkişafına misilsiz töhfələr vermiş, tanınmış şair və yazıçıların, dövlət və elm xadimlərinin yetişməsində böyük xidmətləri olmuş Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd olunmasını təhsilə, onun tarixinə verilən ən böyük qiymət kimi dəyərləndiririk.

Hörmətli cənab Prezident, Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqındakı Sərəncama, Azərbaycan təhsilinin tarixinə verdiyiniz yüksək dəyərə görə rayon ictimaiyyəti adından Sizə dərin minnətdarlığımızı bildiririk. Azərbaycanın tərəqqisi naminə fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq.

Qazax rayon ictimaiyyəti adından dərin hörmət və ehtiramla,

Bünyadov Teymur

Həsənzadə Nəriman

Cəfərov Nizami

Pirməmmədov İlham

Babanlı Məhəmməd

Əfəndiyev Vüsət

Əhmədov Kamal

Babanlı Baba

Süleymanov Xanqulu

Tağıyev Ramiz.

Azərbaycan Respublikası, Qazax rayonu.