14 avqust 2018, 19:10

Sevda Musayeva və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Yeni yaradılmış Pirallahı rayonunda genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri sürətlə davam etdirilir. Qısa müddət ərzində rayonumuza etdiyiniz səfərlər insanların sağlam və firavan yaşamaları üçün təminat verməklə yanaşı, beynəlxalq miqyaslı layihələrin gerçəkləşməsinə ümidləri daha da artırır.

Qəzalı evlərdə yaşayan sakinlər üçün Sizin tapşırığınız və dövlətin maliyyə dəstəyi ilə 28 binanın tikintisi davam etdirilir. Bununla yanaşı, Piallahıda məskunlaşmış 249 ailə üçün 3 ədəd 9 mərtəbəli binanın tikintisinə başlanılması xəbəri uzun illər çətinliklərdən, şəraitsizlikdən əziyyət çəkən məcburi köçkünləri çox sevindirdi. Bizim geniş və hər cür şəraitə malik mənzillərdə yaşamaq arzumuz artıq reallaşmaq üzrədir.

Cənab Prezident, tezliklə Sizin rəhbərliyiniz altında torpaqlarımız düşmən tapdağından azad olunar və bu cür layihələrin Cocuq Mərcanlıda olduğu kimi, Qarabağın bütün bölgələrində reallaşmasının həm şahidi, həm də iştirakçısı olarıq. Bütün bu işlərə görə Sizə təşəkkür edərək, arxanızda möhkəm dayandığımızı bildirir və ümummilli liderimiz Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövlətinin inkişafı naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.

Tanrı Sizi qorusun.

Pirallahı rayonunda məskunlaşmış bir qrup məcburi köçkün ailəsi adından ən səmimi və xoş arzularla,

Musayeva Sevda Müslüm qızı

Təhməzova Günel Murad qızı

İskəndərov Samir Əsgər oğlu

Alyarov Zaur Osman oğlu

Qasımova Sevinc Saday qızı

Həsənov Sahib Marif oğlu

Əlyarov Siyavuş Musavi oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.