İlham Əliyev ABŞ Dövlət katibi müavininin müşavirini qəbul edib

06 fevral 2018, 09:55
İlham Əliyev ABŞ Dövlət katibi müavininin müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi müavininin müşaviri xanım Bricet Brinki qəbul edib.

Dövlət başçısı Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə toxunan Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinə ABŞ-ın verdiyi dəstəyin önəmini vurğuladı. Dövlətimizin başçısı ABŞ Dövlət katibi müavininin müşaviri Bricet Brinkin ölkəmizə səfərinin əlaqələrimizin perspektivləri ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirdi.

Bricet Brink ABŞ rəhbərliyinin “Cənub Qaz Dəhlizi” layihəsinə dəstək verdiyini vurğuladı. O, ABŞ-ın ölkəmizin təhlükəsizlik sahəsində əməkdaşlığa, o cümlədən Əfqanıstandakı sülhməramlı əməliyyatlara verdiyi töhfəni yüksək qiymətləndirdiyini bildirdi.

Görüşdə Azərbaycan ilə ABŞ arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edildi, bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun önəmi qeyd olundu, bunun Avropa ilə Asiya arasında yeni nəqliyyat marşrutu olması baxımından önəmi vurğulandı, ABŞ şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti, ticarət dövriyyəsinin artırılması və ixrac imkanlarının genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunuldu, sabah Bakıda Minsk qrupunun həmsədrləri ilə görüş zamanı münaqişənin həlli ilə bağlı geniş müzakirələrin aparılacağı bildirildi.

Görüşdə demokratik inkişaf, qanunun aliliyinin təmin edilməsi, insan haqlarının qorunması məsələləri ətrafında da fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo