İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin görüşü olub

29 sentyabr 2014, 22:20
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin görüşü olub

Həştərxanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.

Rusiya Prezidenti Vladimir PUTİN dedi:

- Çox hörmətli İlham Heydər oğlu.

Çox hörmətli həmkarlar.

Mənə çox xoşdur ki, Xəzəryanı ölkələrin Sammiti çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşürəm. Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə dostluq və etimad xarakteri daşıyıb. Biz çox şadıq ki, münasibətlərimiz bu ruhda inkişaf edir, özü də müxtəlif istiqamətlərdə, o cümlədən ən həssas sahələrdə. Dünya və Rusiya iqtisadiyyatında bəzi problemlərə baxmayaraq, iqtisadi sahədə də irəliləyiş var. Biz son vaxtlar əmtəə dövriyyəsində çox böyük olmasa da, artım müşahidə edirik – 2 faiz, hər halda bu, artımdır. Biz həmişə görüşməyə, bütün ikitərəfli məsələlərimiz barədə bir daha müzakirə və fikir mübadiləsi aparmağa şadıq.

X X X

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç.

İlk növbədə, Sizi bizim ümumi qənaətimizcə, irəliyə doğru addım olan Sammitin uğurla başa çatması münasibətilə təbrik etmək istəyirəm. Sammitdə olduqca vacib qərarlar qəbul edildi. Tərəflərin yaxınlaşması baxımından bu qərarlar Xəzər regionunda sonrakı əməkdaşlıq üçün əhəmiyyətli rol oynayacaq. O ki qaldı bizim ikitərəfli münasibətlərimizə, çox şadam ki, aramızda mütəmadi dialoq davam edir. Biz keçən ay və bu gün görüşdük. Bu, bizim münasibətlərimizin səviyyəsinin göstəricisidir. Bu müddətdə bizim nümayəndə heyətlərinin də qarşılıqlı görüşləri olub. Bizim aramızda bütün istiqamətlər üzrə - iqtisadi, siyasi, energetika sahələrində, humanitar məsələlərlə bağlı əməkdaşlıqda çox yaxşı dinamika davam edir. Biz bu yaxın günlərdə Humanitar Forum keçirəcəyik. Bu Forum Rusiya və Azərbaycanın nümayəndələrinin təşəbbüsü ilə yaranıb. Biz bütün istiqamətlər üzrə dinamika və müsbət irəliləyiş müşahidə edirik, buna çox şadıq. Fikirləşirəm ki, bundan sonra da ölkələrimizin münasibətlərində yaxşı məqamları görəcəyik. Bir daha qonaqpərvərliyə görə çox sağ olun.

gallery-photogallery-photogallery-photo