19 октября 2021, 19:30

Səminə Nuriyevadan, Sumqayıt, Azərbaycan

Müzəffər Ali Baş Komandan, 30 ilə yaxın yağı əsarətində olmuş doğma, əzəli torpaqlarımızın xilaskarı.

Biz füzulililər azad olunmuş yurd yerlərinin bərpası, yeni infrastrukturun yaradılması, qəsəbə, şəhər və kəndlərin yenidən qurulması yolunda Sizin göstərdiyiniz yüksək xidmətləri ürəkdən alqışlayırıq. Rayonumuzdan başlayan “Zəfər yolu”nun salınması, Füzuli Beynəlxalq Hava Limanının inşası, “Ağıllı kənd” layihəsinin, Zəfər Muzeyinin, Füzuli Memorial Kompleksinin, Bayraq Meydanının təməlinin qoyulması Sizin qayğı və diqqətinizin bariz nümunəsidir.

Bizim inandığımız, sevdiyimiz Liderimiz, xalqımızın Sizə inamı, ümidi sonsuzdur. Sizin şücaətiniz, müdrik siyasətiniz hər bir nəslə nümunə olacaqdır. Biz inanırıq ki, Sizin rəhbərliyinizlə həyata keçirilən quruculuq işləri nəticəsində tezliklə öz doğma yurd-yuvamıza qayıdacağıq, Qarabağımıza nəfəs gələcək, dövlətimizə və millətimizə xeyirli vətəndaş olaraq o torpaqlarda yaşayıb yaradacağıq. Bu şərəfli yolda Sizə və Sizin güclü siyasi iradənizə inanırıq.

Tanrı Sizi qorusun.

Yaşasın müzəffər Azərbaycan Ordusu.

Allah Vətənimizin bütövlüyü uğrunda qanından keçən bütün şəhidlərimizə rəhmət eləsin.

Hörmətlə,

Nuriyeva Səminə Bəndalı qızı

Füzuli rayonu Qoçəhmədli kənd sakini

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.