İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin görüşü olmuşdur

09 avqust 2011, 19:00
İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin görüşü olmuşdur

Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin görüşü olmuşdur.

Azərbaycan dövlətinin başçısını salamlayan Rusiya Prezidenti Dmitri MEDVEDEV dedi:

- Hörmətli İlham Heydər oğlu! Sizi Soçidə ürəkdən salamlayıram.

Bura ikitərəfli münasibətlərdə cari vəziyyəti, regional gündəliyi müzakirə etmək, bizi darıxmağa qoymayan beynəlxalq işlərə nəzər salmaq üçün yaxşı yerdir. Qlobal maliyyə sistemlərində müəyyən iqtisadi problemlər yaranmışdır ki, bu da asan mövzu deyildir.

Əlbəttə, ilk növbədə diqqətimi ölkələrimiz arasında ikitərəfli dialoqun inkişafı üzərində cəmləmək istərdim. Zənnimcə, bu dialoq son dərəcə yaxşı gedir. Bu baxımdan son vaxtlar çox iş görülmüşdür. Həm yaxın illər üçün əməkdaşlığın mahiyyətini müəyyənləşdirən fundamental sazişlərin imzalanmasını, həm ikitərəfli əmtəə dövriyyəsinin artmasını, eləcə də bir sıra iri layihələri nəzərdə tuturam. Amma əlbəttə, elə məsələlər vardır ki, məsləhətləşmək və ya tərəfdaşın mövqeyini aydınlaşdırmaq lazımdır.

Əlbəttə, ən əsas mövzulardan biri Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasıdır. Mən, həmçinin bundan sonra nə etmək, Kazanda üçlükdə keçirilmiş son görüşümüzü və bu formatda əvvəlki görüşləri nəzərə almaqla hadisələrin necə inkişaf edə biləcəyi barədə Sizinlə son dərəcə açıq söhbət aparmaq istəyirəm.

Regional problemlərin həlli bizim üçün həqiqətən çox əhəmiyyətlidir, çünki biz yaxın ölkələrik, qonşuyuq, çox yaxın dostlar və tərəfdaşlarıq. Əslində, bütün regionun, ölkələrimizin, xalqlarımızın əhvalı regionumuzda hadisələrin necə inkişaf etməyindən asılıdır. Odur ki, bu məsələlərlə bağlı da məsləhətləşmək istəyirəm.

Sizi bir daha salamlamaqdan məmnunam. Hava da ürəkaçandır. Əgər diqqət yetirmisinizsə, Soçidə həmişə hava rütubətlidir. Bu gün isə rütubətli deyil, sadəcə istidir.

Minnətdarlığını bildirən Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Çox sağ olun, Dmitri Anatolyeviç.

Dəvətə görə sağ olun. Soçidə, bu dəfə yayda Sizinlə yenidən görüşməyimə çox şadam. Buradakı görüşlərimiz bir qayda olaraq qış vaxtında keçirilir. Odur ki, birinci dəfə yay vaxtı burada olmaq, ən başlıcası isə Sizinlə görüşüb, dediyiniz məsələləri müzakirə etmək imkanına malik olmaq mənim üçün də çox maraqlıdır.

Həqiqətən, gündəliyimiz çox genişdir. İkitərəfli formatda bütün məsələlər, demək olar, həll edilmişdir. Haqqında danışdığınız müqavilələr son illər görülmüş işlərin zirvəsidir və dost, mehriban qonşuluq və tərəfdaşlıq münasibətlərimizin həm formasını, həm ruhunu, həm də xarakterini əks etdirir.

Əgər ikitərəfli əlaqələrin gündəliyinə nəzər salsaq, bütün istiqamətlər üzrə müsbət və yaxşı dinamika görürük. Siyasi məsləhətləşmələr, o cümlədən yüksək səviyyədə məsləhətləşmələr müntəzəm aparılır. Qarşılıqlı siyasi fəaliyyət də regional əməkdaşlığın inkişafına kömək edir.

Sizin qeyd etdiyiniz kimi, iqtisadi sahədə əmtəə dövriyyəsinin artması, strukturun yaxşılaşması, əmtəə dövriyyəsinin bundan sonra da genişlənməsi perspektivləri vardır.

Humanitar əməkdaşlıqda, enerji təhlükəsizliyi məsələlərində, eləcə də bir çox digər sahələrdə də müsbət prosesləri qeyd edə bilərəm. Bu gün biz məmnuniyyətlə qeyd edirik ki, münasibətlər çox müsbət, dinamik inkişaf edir.

Biz qonşuyuq, iki Xəzər ölkəsi, iki Qafqaz ölkəsiyik və əlbəttə, regiondakı proseslər də çox cəhətdən qarşılıqlı fəaliyyətimizdən asılıdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərinizə görə Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Biz Azərbaycanda Sizin şəxsən bu prosesə qoşulmağınızı çox yüksək qiymətləndiririk. Üçtərəfli formatda keçirilən danışıqların mərhələləri, heç şübhəsiz, tərəflərin mövqelərini xeyli yaxınlaşdırmışdır.

Bu, regional təhlükəsizliyin əsas problemidir və bütün köçkünlərin öz yaşayış yerlərinə qayıtması, regionda sülhün, əmin-amanlığın, əməkdaşlığın bərqərar olması üçün münaqişənin tezliklə həllində Azərbaycan, əlbəttə, başqasından bəlkə də daha çox maraqlıdır.

Əlbəttə, nizamlamanın nəzərdə tutulan prinsipləri beynəlxalq hüquq normalarını, sağlam düşüncəni əks etdirir. Odur ki, münaqişənin tezliklə həll olunması bütün ölkələrin mənafeyinə uyğundur.

Göstərdiyiniz səylərə, habelə son illər ölkələrimizi yaxınlaşdıran gördüyümüz bütün müsbət işlərə, havaların yaxşı keçdiyi gözəl Soçi şəhərinə dəvət etdiyinizə görə bir daha şəxsən Sizə minnətdarlığımı bildirmək istəyirəm.

X X X

Prezidentlər İlham Əliyev və Dmitri Medvedev elektromobildə şəhəri gəzmişlər.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 09 may 2024
11:20
Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...

09 may 2024, 11:20
SƏNƏDLƏR Fərmanlar 07 may 2024
18:08
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

07 may 2024, 18:08
SƏNƏDLƏR Sərəncamlar 07 may 2024
18:06
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli...

07 may 2024, 18:06