Azərbaycan və Ukrayna Prezidentləri Şurasının ikinci iclası olmuşdur

28 oktyabr 2010, 21:22
Azərbaycan və Ukrayna Prezidentləri Şurasının ikinci iclası olmuşdur

Prezident İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşündən sonra iki ölkənin Prezidentləri Şurasının ikinci iclası olmuşdur. İclasda Azərbaycan və Ukrayna nümayəndə heyətlərinin üzvləri də iştirak etmişlər.

Ukrayna Prezidenti Viktor YANUKOVİÇ iclası açaraq dedi:

- Çox hörmətli cənab Prezident, əziz İlham Heydər oğlu!

Əziz dostlar!

Mən sizi Kiyevdə salamlamaq istəyirəm. İlham Heydər oğlu, biz Sizin səfərinizə çox şadıq. Bizim birgə işçi qrupumuz, dövlətlərarası komissiyamız çoxlu məsələlər üzərində işləmişlər. Hazırlığın səviyyəsi çox yüksəkdir. Bu gün biz Sizinlə həmin komissiyanın həmsədrlərinin qısa hesabatlarını dinləməli, yekun vurmalıyıq. Əlbəttə, mən, ilk növbədə, çox mürəkkəb dövlətlərarası məsələlərin, həmçinin bizim üçün çox həssas olan yanacaq-energetika kompleksinə dair məsələlərin həllinə göstərdiyiniz diqqətə görə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Biz başa düşürük ki, bu gün Azərbaycan Xəzər regionunda və bütövlükdə Asiya bölgəsində çox ciddi mövqe tutur. Biz Azərbaycanı çox yaxşı köhnə yaxın tərəfdaş və dost hesab edirik. Bizim münasibətlərimiz həmişə sabit və səmimi olmuşdur. Ən başlıcası isə Azərbaycan və Ukrayna xalqlarının qədim ənənələri vardır. Bu xoş münasibətlərin kökləri yüzilliklərə gedib çıxır. Buna görə də Sizi burada, Ukrayna torpağında salamlayaraq, bir daha ölkələrimizin yaxınlığını qeyd etmək istəyirəm. Bizim etdiklərimizin hamısı ölkələrimizin strateji, milli maraqlarına uyğundur. Çox sağ olun.

Sonra çıxış edən Prezident İlham ƏLİYEV dedi:

- Möhtərəm Viktor Fyodoroviç, sözlərinizə və münasibətlərimizə verdiyiniz qiymətə görə çox sağ olun. Mən münasibətlərimizin tarixi, bu münasibətlərin inkişafının indiki səviyyəsi ilə bağlı fikirlərinizlə tamamilə şərikəm. Ümidvaram ki, mənim səfərim bütün istiqamətlərdə əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət edəcəkdir. Məni Ukraynaya rəsmi səfərə dəvət etdiyinizə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, bu səfər yaxşı nəticələr verəcəkdir.

Xalqlarımız arasında dostluq, qardaşlıq münasibətləri mövcuddur. Əsrlər boyu biz fəal qarşılıqlı fəaliyyət göstərmişik, dostluq etmişik, birlikdə işləmişik. Dövlətlərimiz müstəqillik əldə etdiyi andan biz həmişə tərəfdaş, dost olmuşuq. Bu gün bu tərəfdaşlıq strateji səviyyəyə yüksəlmiş, gələcək inkişafımızı və əməkdaşlığımızı şərtləndirir. Sizin qeyd etdiyiniz məsələlər bizim üçün, münasibətlərimiz üçün böyük əhəmiyyət kəsb edir.

Ölkələrimiz arasında energetika siyasəti ilə bağlı məsələlər həmişə dostluq, konstruktivlik və qarşılıqlı fayda ruhunda həll olunmuşdur. İndiki mərhələdə bu əməkdaşlığı genişləndirmək üçün yeni ideyalar və imkanlar mövcuddur. Biz münasibətlərimizin energetika blokunun əmtəə dövriyyəsinə müsbət təsirindən çox razıyıq. Biz artıq konkret nəticələr görürük. Ancaq bizim bu gün neft və qaz sahəsində əməkdaşlıqla əlaqədar aparacağımız müzakirələr, təkbətək görüşümüzdə danışdıqlarımız, düşünürəm ki, münasibətlərimizin bütövlükdə inkişafı üçün böyük əhəmiyyət kəsb edəcəkdir. Əlbəttə, həm regional məsələlərdə, həm də beynəlxalq təşkilatlarda bir-birimizə göstərdiyimiz siyasi dəstək bu işdə möhkəm təməldir. Bu gün Xəzər dənizi və Qara dəniz hövzələrinin regional əməkdaşlığını Ukrayna və Azərbaycanın xüsusi rolu olmadan təsəvvür etmək mümkün deyildir. Buna görə də mən əminəm ki, aramızda mövcud olan geniş gündəlik, planlarımızın həyata keçirilməsi münasibətlərimizi daha da möhkəmləndirəcək və xalqlarımızı yaxınlaşdıracaqdır. Mən səmərəli işə və yaxşı nəticəyə ümid bəsləyirəm. Bir daha qonaqpərvərliyə görə təşəkkür edirəm.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 03 may 2024
16:53
Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının davam etdirilməsi, sistemliliyinin təmin...

03 may 2024, 16:53
SƏNƏDLƏR Sərəncamlar 02 may 2024
15:34
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941–1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illər İkinci Dünya...

02 may 2024, 15:34
SƏNƏDLƏR Fərmanlar 02 may 2024
15:32
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi və “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanının ləğvi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Energetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1006-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1....

02 may 2024, 15:32