İlham Əliyev Xorvatiyanın keçmiş Prezidenti Stepan Mesiçi qəbul etmişdir
30 oktyabr 2013, 15:40
Prezident İlham Əliyev Xorvatiya Respublikasının keçmiş Prezidenti Stepan Mesiçi qəbul etmişdir.
Xorvatiya Respublikasının keçmiş Prezidenti Stepan Mesiç yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, son illər ölkələrimiz arasında əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini dedi.
Dövlət başçısı Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişafı üçün yaxşı potensialın olduğunu vurğuladı, Xorvatiyadan olan şirkətlərin Azərbaycandakı fəaliyyətinin əməkdaşlığımızın genişləndirilməsi baxımından önəmini qeyd etdi.
Görüşdə III Bakı Beynəlxalq Humanitar Forumunun xalqlararası əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verdiyi vurğulandı.