Alman-Azərbaycan Forumunun sədri Hans Eberhard Şleyerdən


22 oktyabr 2013, 15:00
Zati-aliləri, hörmətli cənab Prezident,
Seçkilərdə parlaq qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Alman-Azərbaycan Forumu adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Bu seçkinin nəticələri ilk növbədə Sizin əvvəlki prezidentlik dövrünüzdə Azərbaycanın iqtisadi və sosial inkişafına verdiyiniz böyük töhfənin təsdiqidir. Bu gün Azərbaycan Avropa İttifaqının və Almaniyanın etibarlı və bərabərhüquqlu tərəfdaşıdır. Bu, ilk növbədə Sizin xidmətinizin nəticəsidir. Sizə gələcək ali dövləti vəzifənizdə uğurlar diləyirik.
Azərbaycan ilə Almaniya arasında iqtisadi, siyasi və mədəni əməkdaşlıq son illərdə davamlı olaraq inkişaf etmişdir. Alman-Azərbaycan Forumu ölkələrimiz arasında əlaqələri vətəndaşların xeyrinə bundan sonra da təşviq etmək və genişləndirmək niyyətindədir. Bunun üçün növbəti illərdə də bir neçə layihə planlaşdırmışıq və onların həyata keçirilməsində, həmçinin Azərbaycan tərəfinin dəstəyinə ümid edirik. Belə layihələrdən biri də bizim Forumun dəvətinə əsasən Almaniyanın tanınmış şəxsiyyətlərinin 2014-cü ilin yazında Bakıya səfərinin təşkil edilməsidir. Əminik ki, bu səfər çərçivəsində Sizin tərəfinizdən qəbul edilmək bizə nəsib olacaqdır. Bu görüş bizim Azərbaycan ilə dostluğumuzu daha da möhkəmləndirəcəkdir.
Mən Azərbaycan Respublikasına və şəxsən Sizə ən xoş arzularımı çatdırıram.
Hörmətlə,
Hans Eberhard Şleyer
Alman-Azərbaycan Forumunun sədri