ABŞ-ın yüksək vəzifəli şəxsləri Prezident İlham Əliyevi təbrik etmişlər
12 oktyabr 2013, 17:30
ABŞ-ın yüksək vəzifəli şəxslərinin oktyabrın 9-da keçirilmiş prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevə inamlı qələbəsi münasibətilə təbrikləri davam edir.
Dövlətimizin başçısını təbrik edən ABŞ-ın Nümayəndələr Palatasının üzvü Henry CUELLAR yazır: “Cənab Prezident, mən Sizi seçkilərdə qələbə qazanmağınız münasibətilə təbrik edirəm. Xalq Sizə səs verib və Sizi seçib.
Azərbaycan ilə ABŞ arasında qarşılıqlı strateji əsaslara söykənən əlaqələr mövcuddur. Hər iki dövlət tolerantlığın qlobal miqyasda yayılması üçün birgə çalışır. Azərbaycanda mövcud olan tolerantlıq, milli azlıqlara hörmət, gender bərabərliyi hər bir demokratik sistemin əsasını təşkil edir və bunların Azərbaycan cəmiyyətində dərin kökləri vardır.
Cənab Prezident, Azərbaycanın dostu olaraq mən Sizə və xalqınıza uğurlar arzulayıram”.
X X X
Nyu-York Asambleyasının üzvü Stiven KİMBROVİCİN məktubunda deyilir: “Cənab Prezident, seçkilərdə qazandığınız növbəti uğur münasibətilə təbrik və ehtiramlarımı qəbul etməyinizi xahiş edirəm. Azərbaycan xalqı güclü idarəetmə qabiliyyətinizə, xalqın gələcəyini müəyyən etməyə yönələn açıq fikirlərinizə görə Sizə səs verib.
Azərbaycana ötənilki səfərimdən çox məmnunam. Səfər çərçivəsində Azərbaycanın necə zəngin mədəniyyətə malik olduğunun şahidi oldum.
Azərbaycan və ABŞ-ın son iyirmi il ərzində mövcud olan, qarşılıqlı maraqlara söykənən diplomatik tərəfdaşlıq əlaqələri daha da inkişaf edir.
Azərbaycan xalqının dostu olaraq mən Sizə və xalqınıza uğur arzulayıram”.