Dünya Taekvondo Federasiyasının Prezidenti Çunqvon Çodan
12 oktyabr 2013, 12:50
Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Dünya Taekvondo Federasiyasının ən səmimi təbriklərini qəbul edin.
Azərbaycan xalqı ölkənizi müəyyənləşdirdiyiniz istiqamətdə irəliyə aparmaq üçün Sizə yenidən etimad göstərmişdir. Əminəm ki, Siz seçicilərin etimadını qarşıdakı illərdə də doğruldacaq, Azərbaycanı daha da irəliyə aparacaqsınız.
Dünya Taekvondo Federasiyası Sizin fəal köməyinizlə taekvondonun dünya səviyyəsinə qaldırılması, ilk dəfə 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına daxil edilməsi, bütün dünyada qarşılıqlı anlaşma və sülh vasitəsi kimi qəbul olunması üçün göstərdiyiniz dəstəyi yüksək qiymətləndirir.
Növbəti illərdə Azərbaycanın daha böyük uğurlar qazanmasını səbirsizliklə gözləyirik. Mənim dostluğuma və dəstəyimə hər zaman etibar edə bilərsiniz.
Dərin hörmətlə,
Çunqvon Ço
Dünya Taekvondo Federasiyasının Prezidenti