Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Sergey Narışkindən


11 oktyabr 2013, 13:20
Hörmətli İlham Heydər oğlu!
Yeni müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizin inamlı qələbənizlə başa çatmış, MDB-nin müşahidəçilər missiyasının qeyd etdiyi kimi, açıq və azad şəkildə keçirilmiş seçkilər bir daha göstərmişdir ki, Azərbaycan rəhbərliyinin ölkənin dövlət və ictimai sistemlərinin daha da təkmilləşdirilməsi xətti əhali tərəfindən geniş dəstəklənir.
Əminəm ki, Sizin dövləti fəaliyyətdə zəngin təcrübəniz, yüksək siyasi nüfuzunuz və bəşəri müdrikliyiniz bundan sonra da respublikanın sosial-iqtisadi tərəqqisinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə, ölkələrimizin xalqlarının rifahı naminə çoxşaxəli Rusiya-Azərbaycan əlaqələrinin dərinləşməsinə xidmət edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və Azərbaycan Respublikasının Prezidenti kimi məsul vəzifədə yeni uğurlar, dost Azərbaycan xalqına firavanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
Sergey Narışkin
Rusiya Federasiyası Federal Məclisi
Dövlət Dumasının sədri