İlham Əliyev “Azərbaycan 10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası” sərgisi ilə tanış olmuşdur
10 oktyabr 2013, 12:30
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Sərgi Mərkəzində “Azərbaycan 10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası” sərgisi ilə tanış olmuşlar.
Son on ildə Azərbaycanda bütün sahələrdə böyük tərəqqi baş vermiş, respublikamız dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Bu dövrdə elə bir sahə olmamışdır ki, orada islahatlar aparılmasın və inkişaf müşahidə edilməsin. On il ərzində Azərbaycanda ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru isə 2,7 dəfə artmışdır. Ölkənin strateji valyuta ehtiyatları 30 dəfə artaraq 50 milyard dollara yaxınlaşmışdır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşmış, gəlirləri 6,1 dəfə artmış, 1,2 milyon iş yeri açılmışdır. Bu dövrdə yoxsulluğun səviyyəsi 6 faizə, işsizliyin səviyyəsi isə 5,2 faizə qədər azalmışdır.
On ildə ölkə iqtisadiyyatına 132 milyard dollar investisiya qoyulmuş, xarici ticarət dövriyyəsi 6,4 dəfə, qeyri-neft ixracı 4,5 dəfə artmışdır. Hazırda ümumi daxili məhsulda özəl bölmənin payı 83, məşğulluqda isə 73,9 faizdir. Bu müddətdə 19,4 min sahibkarlıq subyektinə 1,2 milyard manat məbləğində güzəştli dövlət kreditləri verilmişdir. Bu kreditlər 113 min yeni iş yerinin açılmasına imkan yaratmışdır. 2003-2013-cü illərdə dövlət büdcəsinin gəlirləri 14,2 dəfə, vergi daxilolmaları 7,3 dəfə, dövlət büdcəsinin xərcləri 13,9 dəfə, əhalinin əmanətləri 24 dəfə, bank aktivləri isə 18 dəfə artmışdır.
Azərbaycanda bütün sahələrdə yaşanan inkişaf özünü ilk növbədə, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasında, onların sosial müdafiəsinin daha da gücləndirilməsində göstərmişdir. Bunu Bakı Sərgi Mərkəzində təşkil olunan “Azərbaycan 10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası” sərgisi də təsdiqləyir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərginin pavilyonları ilə tanış oldular.
Sərginin üç pavilyonunda Azərbaycanın sənaye, energetika, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, sahibkarlıq, nəqliyyat, turizm, fövqəladə hallar, şəhərsalma, səhiyyə, elm və təhsil, gənclər və idman, ekologiya, su və kanalizasiya, mədəniyyət və digər sahələrdə qazandığı nailiyyətlər, regionların sosial-iqtisadi inkişafının əsas göstəriciləri nümayiş etdirilir.
Mərkəzi pavilyonda qurulan ekranda son on ildə ölkəmizdə əldə olunan uğurlar təqdim edilir. Burada makroiqtisadi göstəricilər, həyat səviyyəsi, insan inkişafı, regional layihələr, irimiqyaslı infrastruktur layihələri, sənayedə yeni sahələr, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, təhsil, səhiyyə, qaçqın və məcburi köçkünlərə dövlət dəstəyi, ekologiya, Olimpiya hərəkatı, nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi, xarici siyasət sahəsindəki nailiyyətlər dinamik şəkildə qısa mesajlarla göstərilir.
“Makroiqtisadiyyat” bölməsində on ildə ölkənin maliyyə, vergi, gömrük, bank sektoru, qiymətli kağızlar bazarı, sosial müdafiə sahələrində qazanılan nailiyyətlərdən bəhs olunur. Bu bölmədə bir sıra nüfuzlu beynəlxalq təşkilatların və agentliklərin hesabatlarında Azərbaycanın mövqeyinə dair məlumatlar da yerləşdirilmişdir.
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən nüfuzlu “Doing Business-2009” hesabatında Azərbaycan dünyada ən islahatçı ölkə elan edilmişdir. Azərbaycanın bu uğurunun göstəricisi olan mükafat da bu salonda nümayiş etdirilir. Növbəti “Doing Business” hesabatlarında da Azərbaycan öz müsbət mövqeyini qoruyub saxlamışdır.
“Sənaye” bölməsində ölkədə aparılan uğurlu sənayeləşmə siyasəti nəticəsində bu sahədə əldə olunan nailiyyətlər əks etdirilmişdir. On ildə ölkəmizdə sənaye məhsulu istehsalı 2,8 dəfə artmışdır. Sənayenin maşınqayırma, metallurgiya, kimya, mebel, toxuculuq, qida və digər sahələrində dinamik artım baş vermişdir. Dünya iqtisadiyyatının böhranla üzləşdiyi dövrdə belə Azərbaycan sənayesinin qeyri-neft sektorunda inkişafa nail olunmuşdur. Bundan başqa, “Sənaye” bölməsində sürətlə inkişaf edən müdafiə sənayesini xarakterizə edən diaqramlar, bu sahədə istehsal edilmiş yeni məhsullara dair fotoşəkillər də yerləşdirilmişdir. Azərbaycanda sənayenin inkişaf istiqamətləri, eləcə də yaradılmaqda olan sənaye parkları barədə məlumatlar da bu bölmədə əks etdirilmişdir. Sərginin bu bölməsində, həmçinin standartlaşdırma, metrologiya və patent sahələrində əldə olunan nailiyyətlərdən də bəhs edilir.
Sərginin “Energetika” bölməsində mühüm enerji marşrutları - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz əsas ixrac kəmərləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, “Azərenerji” ASC-nin fəaliyyəti, ölkənin elektrik gücləri, elektrik və modul tipli stansiyalar, eləcə də digər mühəndis-texniki qurğular barədə geniş məlumatlar əks olunmuşdur. Bölmədəki stendlərdə Azərbaycanın karbohidrogen ehtiyatlarının xalqın maraqlarına uyğun istifadə olunmasının əsasının “Əsrin müqaviləsi”nin bağlanması ilə qoyulduğu bir daha vurğulanır. Məlum olur ki, son on ildə Azərbaycanın enerji təhlükəsizliyi tam təmin edilmiş və ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolu daha da artmışdır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərginin “İnformasiya və kommunikasiya texnologiyaları” bölməsi ilə tanış oldular. Burada informasiya və rabitə xidmətlərinin həcminin ötən on ildə 7,4 dəfə artdığı, ən yeni mobil texnologiya - 4G xidmətinin istifadəyə verildiyi, MDB-də ilk dəfə olaraq bütün ölkə ərazisinin telefonlaşdırıldığı, mobil abunəçilərin sayının 7 dəfə artdığı qeyd edilir, “elektron hökumət”ə dair Dövlət Proqramı çərçivəsində görülən işlərdən bəhs olunur. Yaradılmaqda olan Yüksək Texnologiyalar Parkına, Azərbaycanın ilk telekommunikasiya peykinə, “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində görülmüş işlərə, “Azərmarka”nın fəaliyyətinə, mövcud internet şəbəkələrinə və onlayn ödəniş sisteminə, eləcə də ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları məhsullarının istehsalçılarına və mobil operatorlara dair məlumatlar bölmədə nümayiş etdirilir.
“Nəqliyyat” bölməsindəki stendlərdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin, Milli Aviasiya Akademiyasının fəaliyyətindən bəhs olunur. On ildə respublika və yerli əhəmiyyətli yeni yollar çəkilmiş və ya əsaslı təmir olunmuş, 207 körpü və 17 tunel tikilmişdir. On ildə 4,9 kilometr uzunluğunda yeni metro xətti çəkilmiş, üç yeni metro stansiyası istifadəyə verilmiş, regionlarda 5 beynəlxalq hava limanı açılmışdır.
“Fövqəladə hallar, şəhərsalma və dövlət əmlakı” bölməsində nümayiş olunan müxtəlif fotoşəkillər və məlumatlarda ölkə daxilində və xaricdə baş vermiş təbii fəlakətlərin və texnogen qəzaların fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlər əks olunmuşdur. Sərginin bu bölməsində, həmçinin dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın vahid dövlət kadastrı və ünvan reyestrinin aparılması barədə məlumatlar yerləşdirilmişdir.
“Gənclər və idman bölməsi”ndə gənclərin idarəetmədə iştirakına, onların vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinə, intellektual inkişafına, idmandakı uğurlarımıza dair məlumatlar verilir. On ildə Azərbaycanın şəhər və rayonlarında çoxsaylı Olimpiya İdman kompleksləri istifadəyə verilmişdir. Hazırda regionlarda 4 Olimpiya İdman Kompleksinin, Bakıda Su İdmanı Sarayının, Gimnastika Kompleksinin, Respublika İdman Tibb Mərkəzinin və 65 min tamaşaçı tutumu olan stadionun tikintisi davam etdirilir.
“Mədəniyyət və turizm bölməsində” Azərbaycanın tarixi-memarlıq abidələrinə, ölkəmizdə fəaliyyət göstərən muzey və teatrlara, paytaxt Bakıda və bölgələrdə fəaliyyət göstərən otellərə, ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlərə dair məlumatlar əksini tapır.
Sonra dövlətimizin başçısı və xanımı ikinci sərgi salonunda regionların sosial-iqtisadi inkişafına həsr edilmiş pavilyonla tanış oldular. Burada Naxçıvan Muxtar Respublikası daxil olmaqla, hər bir bölgə haqqında ümumi məlumatlar yerləşdirilmişdir. Pavilyonda 2003-2013-cü illərdə Dövlət proqramları çərçivəsində görülən işlər, həmçinin abadlıq-quruculuq tədbirləri, açılmış müəssisə və iş yerləri, istifadəyə verilmiş sosial obyektlər haqqında geniş məlumatlar əksini tapmışdır. Bu bölmədə Azərbaycan Prezidentinin bölgələrə səfərləri, hər rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncamlar, eləcə də on il ərzində iqtisadi inkişaf, investisiya qoyuluşu, infrastruktur, sahibkarlıq mühiti, məşğulluq, elm, təhsil, səhiyyə, mədəniyyət, sosial təminat, idman, qaçqın və məcburi köçkünlərə qayğı sahəsində görülmüş işlər, həmçinin rayonların ümumi göstəriciləri, açılmış müəssisələr, həyata keçirilmiş iri infrastruktur layihələri haqqında məlumatlardan ibarət kitablar və videoçarxlar nümayiş olunur.
Sərgidə “Azərbaycan Hava Yolları - AZAL” Qapalı Səhmdar Cəmiyyəti ayrıca stendlə təmsil olunur. Burada “AZAL”ın istifadəsində olan “Boeing” təyyarələrinin stendi də nümayiş etdirilir.
Sərgi çərçivəsində “Heydər Əliyev Fondu. Azərbaycanın dinamik inkişafına xidmət edən layihə və proqramlar həyata keçirir” mövzusunda təqdimat, qapalı zalda isə Fondun layihəsi olan “Azərbaycan dünən və bu gün” filmi ayrı-ayrı monitorlarda nümayiş etdirilir.
On ildə ölkəmizdə 2708 məktəb, 500-dən çox səhiyyə müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuş, əlillər üçün 14 bərpa-müalicə mərkəzi istifadəyə verilmiş, təhsil və səhiyyə sahəsində bir sıra Dövlət proqramları qəbul edilmişdir. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində mühüm işlər görülmüş, Fondun dəstəyi ilə 312 məktəb tikilmiş və ya əsaslı təmir edilmişdir. Ölkədə bütün çadır düşərgələri ləğv olunmuş, qaçqın və məcburi köçkünlər üçün 77 müasir qəsəbə salınmış, 140 min məcburi köçkün mənzillə təmin edilmişdir.
“Sosial” bölmədə müxtəlif dövlət qurumları, o cümlədən İqtisadi İnkişaf Nazirliyi tərəfindən əhaliyə göstərilən elektron xidmətlərdən, “ASAN xidmət”in uğurlu fəaliyyətindən bəhs olunur. “ASAN xidmət” mərkəzləri tərəfindən 500 mindən çox vətəndaşa müxtəlif xidmətlərin göstərildiyi qeyd edilir.
Sərginin “Aqrar-sənaye kompleksi” bölməsində aqrar sahəyə dövlət dəstəyi tədbirləri, heyvandarlıq, quşçuluq, taxılçılıq, bağçılıq, üzümçülük sahələrində əldə edilmiş uğurlar barədə məlumat verilir. On ildə bitkiçilik məhsulları 3,1 dəfə, heyvandarlıq məhsulları 3,4 dəfə, ət istehsalı 1,6 dəfə, quş əti istehsalı 4,6 dəfə, yumurta istehsalı 1,8 dəfə, süd istehsalı 1,5 dəfə artmış, aqrar sektora dövlət dəstəyi davam etdirilmişdir. Bölmədə, həmçinin bir sıra məhsullar da nümayiş olunur.
Bu dövrdə yeni su və kanalizasiya xətləri çəkilmiş, su anbarları istifadəyə verilmiş, əhəmiyyətli meliorasiya tədbirləri həyata keçirilmişdir. Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi Bakı şəhərinin suya tələbatını xeyli yaxşılaşdırmışdır.
Sərginin “Ekologiya” bölməsindəki stendlərdə qeyd edilir ki, on ildə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 478 min hektardan 893 min hektaradək artırılmış, 9 milli park yaradılmışdır. Bu dövrdə 20 milyon ağac və kol əkilmiş, əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması üçün 222 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açıq havada təşkil olunan sərgiyə də baxdılar.
Burada müxtəlif dövlət qurumları və şirkətlər tərəfindən bir sıra texnika və avadanlıq, eləcə də Azərbaycanda istehsal olunan məhsullar nümayiş etdirilir. Sərgidə Müdafiə Sənayesi Nazirliyinin məhsulları böyük maraq doğurur. Müasir hərbi texnikaların istehsalı ilk növbədə Azərbaycanda həyata keçirilən düşünülmüş iqtisadi siyasət nəticəsində mümkün olmuşdur. Son illərdə nazirliyin tabeliyinə verilmiş müəssisələr əsasında ölkədə ilk dəfə hərbi sənaye qurulmuşdur. Qısa müddətdə artıq hərbi təyinatlı məhsulların beynəlxalq silah sərgilərində nümayiş etdirilməsinə, Silahlı Qüvvələrin bir çox güclü silah sistemləri, texnika ilə təchiz edilməsinə nail olunmuşdur. Azərbaycan hərbi sənayesinin istehsalı olan “İstiqlal” snayper silahları hazırda dünyada bu tipli ən güclü silahlar sırasındadır. Ölkəmizin hərbi sənayesi, həmçinin “Orbiter” və “Aerostar” tipli pilotsuz kəşfiyyat təyyarələrini, 14,5 millimetrlik pulemyotla təchiz edilmiş “Matador” və “Marauder” zirehli nəqliyyat vasitələrini, 12,7 millimetrlik pulemyotla və tank əleyhinə raket kompleksi ilə təchiz olunmuş xüsusi təyinatlılar üçün “Gürzə” və “Əqrəb” tipli patrul maşınlarını, 60, 80 və 120 millimetrlik minaatanları, əl və tank pulemyotlarını, bir neçə növdə tapançaları, naviqasiya və müşahidə cihazlarını, rabitə vasitələrini, müxtəlif çaplı patronları və digər döyüş sursatlarını istehsal edir. Bundan başqa, ölkəmizdə piyadaların “BTR” döyüş və kəşfiyyat-gözətçi “BRDM” maşınlarının modernləşdirilməsi həyata keçirilir. Beləliklə, ötən on ildə ölkənin hərbi qüdrətinin artırılmasına imkan verən strateji sahə - müdafiə sənayesi təşəkkül tapmışdır. Azərbaycanın müdafiə sənayesi hazırda 750 adda hərbi təyinatlı məhsul istehsal edir. Bu, bir daha sübut edir ki, Dağlıq Qarabağ münaqişəsini müharibə yolu ilə həll etmək üçün Azərbaycanın çox möhkəm hərbi potensialı vardır.
Açıq havada, həmçinin Fövqəladə Hallar Nazirliyinin suda və quruda xilasetmə, yanğınsöndürmə qabiliyyətinə malik helikopter, daşınan sutəmizləyici qurğu, radioloji maşın, mobil diaqnostik laboratoriya, müxtəlif yanğınsöndürmə texnikası, xilasedici qayıqlar və digər avadanlıq sərgilənir.
Sərgidə Gəncə və Naxçıvanda istehsal olunan yük və minik avtomobilləri, kənd təsərrüfatı texnikası da nümayiş etdirilir.
Burada “ASAN xidmət”in əhaliyə yerindəcə xidmət göstərməyə imkan verən və zəruri avadanlıqla təchiz olunmuş səyyar avtobus və avtomobilləri də vardır.
Sərginin bir hissəsində isə ölkəmizdə fəaliyyət göstərən müxtəlif tikinti şirkətləri və inşaat materialları istehsal edən müəssisələr öz məhsullarını nümayiş etdirirlər.
Bu sərgi bir daha sübut edir ki, Azərbaycanın hər bir bölgəsi son dövrlərdə tikinti meydançasını xatırladır və ölkədə həyata keçirilən mühüm layihələri yerli şirkətlər yerli məhsullarla reallaşdırırlar. Quruculuq siyasəti, sabitlik və inkişaf müasir Azərbaycanın simasıdır. Bütün bunlar da ölkəmizin gücünü daha da möhkəmləndirir. On illik inkişaf mərhələsi xalqımızın tarixində və taleyində mühüm nailiyyətlərlə müşayiət olundu. Bu illərdə hər bir azərbaycanlının ən ümdə arzuları reallaşdı. Beləliklə, dünyada söz və nüfuz sahibinə çevrilən Azərbaycan öz iqtisadi inkişaf tempi ilə indi dünyanın diqqət mərkəzindədir. Beynəlxalq miqyasda iqtisadi və siyasi güc mərkəzinə çevrilən Azərbaycanın iştirakı olmadan bu gün regionda irimiqyaslı layihələri həyata keçirmək sadəcə mümkün deyildir.