İlham Əliyev Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılış mərasimində iştirak etmişdir
28 sentyabr 2013, 15:00
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Şabran rayonu ərazisində inşa edilən Taxtakörpü su anbarı, 25 meqavatlıq Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.
Azərbaycanın müstəqilliyinin ilk illərində meliorasiya və irriqasiya sistemi bərbad vəziyyətə düşmüşdü. Ulu öndər Heydər Əliyev ilk xarici sərmayəni bu sahəyə yönəltməklə həmin kompleksin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına start vermişdir. Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına da kəskin ehtiyac duyulurdu. Tezliklə bu layihə çərçivəsində Azərbaycan-Rusiya sərhədində yerləşən, Samur çayı üzərindəki Baş Hidroqovşaq, Baş Suqəbuledici və Samur-Abşeron kanalının ilk 50 kilometrlik hissəsi əsaslı təmir edilmiş, həmçinin ən müasir standartlara cavab verən Xanarx kanalı, Baş Sudurulducu Qurğu və 188 kilometr uzunluğunda təsərrüfatlararası beton kanallar inşa olunmuşdur.
2007-ci ildə isə Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının inşasına başlanmışdır. “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sifarişçisi olduğu həmin layihəni “Azərkörpü” – indi Avropa-Asiya İnşaat Korporasiyası “Yevraskon” Açıq Səhmdar Cəmiyyəti adlanan iqtisadi qurumun rəhbərlik etdiyi konsorsium həyata keçirmişdir. Cəmi bir neçə il ərzində Vəlvələçaydan Ceyranbatan gölünə qədər uzanan və mürəkkəb relyefi ilə seçilən ərazidə böyük həcmdə işlər görülmüşdür. İlk növbədə Vəlvələçay-Taxtakörpü kanalının təxminən 11 kilometrlik hissəsi istismara hazır olmuş, 2011-ci il avqustun 15-də rəsmi açılış mərasimi keçirilmişdir. Vəlvələçay-Taxtakörpü kanalının tikintisinin ilk mərhələsi İslam İnkişaf Bankının vəsaiti hesabına aparılmışdır. Ən müasir inşaat işlərində olduğu kimi, burada da kanalın beton üzlüyü xüsusi betondöşəyən maşınlar vasitəsilə qoyulmuşdur.
2013-cü il iyulun 19-da isə 34 kilometr uzunluğunda Vəlvələçay-Taxtakörpü kanalının ikinci hissəsinin istismara buraxılması və Taxtakörpü su anbarına suyun verilməsinə başlanması münasibətilə növbəti rəsmi mərasim keçirilmişdir. Vəlvələçay-Taxtakörpü kanalının ikinci hissəsi və onun sutullayıcı qurğusu Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına inşa edilmişdir. Olduqca çətin və mürəkkəb relyefli ərazilərdən keçən bu kanal üzərində 57 mükəmməl hidrotexniki qurğu quraşdırılmışdır. Samur çayından götürülən su öz axarı ilə Vəlvələçay-Taxtakörpü kanalı ilə Taxtakörpü su anbarına ötürülür.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Azərbaycan Prezidentinə və xanımına bu irimiqyaslı layihə üzrə aparılan işlər və mühüm hidrotexniki qurğular barədə ətraflı məlumat verdi.
Qeyd edildi ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq su anbarı və su elektrik stansiyası Azərbaycan Respublikası Dövlət Neft Fondundan ayrılan vəsait hesabına tikilmişdir. Taxtakörpü su anbarının sahəsi 8,71 kvadratkilometrdir. Bu qurğunun ümumi su tutumu isə 270 milyon kubmetrdir. Gölün faydalı su həcmi 238,4 milyon kubmetrdir. Gil nüvəli torpaq bənd olan bu hidrotexniki qurğunun dibdən eni 754, hündürlüyü 142,5 metrdir. Bu, nəinki regionda, o cümlədən Avropada ən hündür torpaq bəndlərdən biridir. Buradakı qəza sutullayıcının uzunluğu 891, suqəbuledici qurğunun uzunluğu 43,6, enerji tunelinin uzunluğu isə 543 metrdir. Qapı şaxtası 56 metr dərinlikdədir. Burada müasir işıqlandırma sistemi quraşdırılmış, ərazidəki yollara asfalt döşənmişdir. Bakı-Rusiya Federasiyası dövlət sərhədi magistral avtomobil yolundan Taxtakörpü su anbarına ayrılan yol boyunca, həmçinin bütün ərazidə böyük həcmdə abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmişdir. Təkcə Taxtakörpü su anbarının bəndinin gövdəsində 23 milyon kubmetrdən çox torpaq işi görülmüşdür. Ümumilikdə Taxtakörpü su anbarı, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının inşasında 86 milyon kubmetrdən çox torpaq, 817 min kubmetr dəmir-beton, eləcə də 62,7 min ton metal və armatur işləri yerinə yetirilmişdir. Tikintinin gur vaxtında burada mindən çox fəhlə və mütəxəssis çalışmışdır.
Bildirildi ki, Samur-Abşeron suvarma sistemi üzrə nəzərdə tutulan digər tədbirlərin də reallaşdırılması nəticəsində şimal bölgəsi rayonlarında 150 min hektara qədər torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq və 31 min hektar sahədə yeni suvarılan torpaqlar istismara veriləcəkdir. Bu layihə respublikanın şimal zonasında ekoloji tarazlığın təmin edilməsinə də böyük töhfədir. Bütövlükdə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi 14 il ərzində dörd mərhələdə reallaşdırılacaqdır.
Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva bəndin üzərində xatirə şəkli çəkdirdilər.
Taxtakörpü su anbarında görülən işlərlə tanışlıqdan sonra dövlətimizin başçısı və xanımı Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışında iştirak etdilər.
Taxtakörpü Su Elektrik Stansiyasının da ərazisində geniş abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.
Dövlətimizin başçısı İlham Əliyevə energetika qurğusu barədə məlumat verildi. Qeyd olundu ki, ən müasir standartlara cavab verən su elektrik stansiyasında ümumi gücü 25 meqavat olan üç hidroaqreqat quraşdırılmışdır. Stansiyada sərfiyyata nəzarət hovuzu yaradılmışdır. Buraya su xüsusi ötürücü vasitəsilə verilir. Hovuzdakı dörd qapıdan üçü elektrik enerjisinin alınması məqsədilə suyun turbinlərə verilməsinə xidmət edir. Həmin hovuzdan dəryaçaya sutullayıcı inşa edilmişdir. Taxtakörpü-Ceyranbatan kanalında gələcəkdə təmir aparılmasına ehtiyac olarsa və ya digər zəruri hallar yaranarsa, hovuzdakı normadan artıq su sutullayıcı vasitəsilə dəryaçaya yönəldiləcəkdir. Su elektrik stansiyası və açıq paylayıcı qurğuda əsasən Almaniya, Çexiya və digər xarici ölkələrdən gətirilən avadanlıq quraşdırılmışdır. Tikinti-quraşdırma işlərini əsasən yerli mütəxəssislər yerinə yetirmişlər. Bu prosesin reallaşmasına Almaniya, Çexiya və Türkiyədən dəvət olunan mütəxəssis və quraşdırıcılar da cəlb edilmişlər. Stansiyanın generasiya zalının sahəsi 923 kvadratmetrdir. Dispetçer otağında son elmi-texniki yeniliklərə əsaslanan avadanlıq quraşdırılmışdır. Stansiyanın daxili sərfiyyatı xüsusi otaqdan qidalanacaqdır. Qapalı paylayıcı qurğu, qəza dizel generatoru, digər qurğu və avadanlıq da inkişaf etmiş ölkələrin energetika obyektlərindəki standartlara uyğundur. 110 kilovoltluq açıq paylayıcı qurğu da mükəmməlliyi ilə seçilir. Burada Almaniyanın “Siemens” şirkətinin avadanlığı quraşdırılmışdır. Üç transformator, ifrat gərginlik boşaldıcısı, gərginlik və cərəyan transformatorları, eleqaz açarları, şin ayırıcıları, 110 kilovoltluq şinlərarası eleqaz açarı ən müasir avadanlıqdır. Açıq paylayıcı qurğudan elektrik enerjisi 110 kilovoltluq hava xətləri vasitəsilə 110 kilovoltluq 1-ci Xaçmaz hava xəttinə və 110 kilovoltluq 4-cü Siyəzən hava xəttinə ötürülür.
Prezident İlham Əliyev su elektrik stansiyasını işə saldı.
Bununla da Taxtakörpü-Ceyranbatan kanalına suyun verilməsinə başlandı.
Dövlətimizin başçısı Taxtakörpü Su Elektrik Stansiyasının dispetçer otağı ilə tanış oldu.
Prezident İlham Əliyevə stansiyanın iş rejimi barədə məlumat verildi. Qeyd edildi ki, bu energetika qurğusu şimal bölgəsi rayonlarının elektrik enerjisi ilə təchizatında mühüm rol oynayacaqdır.
Bildirildi ki, Taxtakörpü su anbarında toplanan sudan elektrik enerjisinin alınması ilə yanaşı, içməli, texniki və suvarma suyu kimi də istifadə olunur. Taxtakörpü Su Elektrik Stansiyasından su Taxtakörpü-Ceyranbatan kanalı ilə Ceyranbatan gölünə verilir. Taxtakörpü-Ceyranbatan kanalının 1,3 kilometrlik hissəsindən sonra su 5,1 kilometr məsafədə təzyiqli boru vasitəsilə ötürülür. Taxtakörpü-Ceyranbatan kanalının uzunluğu 110 kilometr, dərinliyi 4, dibdən eni 2,1 metrdir.
Taxtakörpü-Ceyranbatan kanalı da Vəlvələçay-Taxtakörpü kanalı kimi olduqca çətin relyefə məxsus ərazidən keçir. Bu kanalların orijinallığı ondan ibarətdir ki, Samur-Abşeron kanalından götürülən su Ceyranbatan gölünə qədər dağlar boyunca yalnız öz axını ilə hərəkət edir. Bu da hər il orta hesabla 167 milyon kilovat/saat elektrik enerjisinə və ya 13-15 milyon dollar məbləğində vəsaitə qənaət olunması deməkdir. Taxtakörpü-Ceyranbatan kanalı üzərində mürəkkəbliyinə görə bir-birini üstələyən 238 hidrotexniki qurğu inşa olunmuşdur. Dəmir-beton üzlüklü açıq kanalların uzunluğu 84 kilometrdən çoxdur. Dərinliyi 35-45 metrə çatan dərələr və çaylarda dəmir və dəmir-beton dükerlər quraşdırılmışdır. Dağın altından keçən tunelin hündürlüyü 70, uzunluğu 1454 metrdir. Taxtakörpü-Ceyranbatan kanalı Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı çərçivəsində yenidən qurulan Abşeron kanalı ilə paytaxtın qəsəbələrinə suvarma suyunun verilməsinə də imkan yaradır. Ümumilikdə, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və belə yüksək səviyyəli digər layihələr ölkəmizin durmadan artan iqtisadi qüdrətinin və Azərbaycan insanının intellektual potensialının tükənməzliyinin əyani nümunələridir.
Sonra Prezident İlham Əliyev melioratorlar, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonları ictimaiyyətinin nümayəndələri və bu bölgəni təmsil edən sahibkarlarla görüşdü.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
Prezident İlham Əliyevin nitqi
- Əziz dostlar, bu gün ölkəmizin tarixində çox əlamətdar bir gündür, deyə bilərəm ki, tarixi bir gündür. Çünki Azərbaycanda çox böyük infrastruktur layihəsi icra edilir. Taxtakörpü su anbarının istifadəyə verilməsi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması tarixi nailiyyətdir.
Bildiyiniz kimi, Samur-Abşeron suvarma sistemi 1940-cı illərdən fəaliyyətdədir. 1950-ci illərdə Ceyranbatan su anbarına qədər kanal çəkilmişdir. Ancaq təbii ki, vaxt keçdikcə bu infrastruktur köhnəlmiş və Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına böyük ehtiyac yaranmışdı. Təsadüfi deyil ki, 1990-cı illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması üçün əməli addımlar atılmağa və bu sistemin əsasında yeni sxem hazırlanmağa başlanmışdır. 2000-ci illərdə isə biz artıq praktiki işlərə başladıq. 2006-cı ildə Xanarx kanalının tikintisi ilə demək olar ki, bu sistemin bir komponenti istismara verilmişdir. Ondan sonra 2007-ci ildə Taxtakörpü su anbarının təməli qoyulmuşdur. Mən o günü yaxşı xatırlayıram. Bax, buralarda tam başqa bir mənzərə var idi. Bu gün yuxarıdan, bənddən gölə baxarkən bir daha görürəm ki, iradə, peşəkarlıq olan yerdə biz istənilən layihəni yarada bilərik. Bu layihə bir möcüzədir. Bu dağlar arasında bir göl yaranmışdır. O göl ki, bu gün su tutumuna görə Ceyranbatan gölündən, demək olar ki, 2 dəfə böyükdür. Bu, Azərbaycanın böyük su anbarıdır. Burada 270 milyon kubmetr su yığılır ki, bu sudan Azərbaycan vətəndaşları və sahibkarlar istifadə edəcəklər.
2007-ci ildə bu böyük layihənin təməli qoyuldu və çox şadam ki, bu layihənin icrası üçün lazım olan bütün məsələlər öz həllini tapmışdır. Bildiyiniz kimi, bu layihə bir neçə komponentdən ibarətdir. Xanarx kanalı, Vəlvələçay-Taxtakörpü kanalı ki, suyun yığılmasına yönəlmiş bir layihə idi, Taxtakörpü su anbarı və Taxtakörpü-Ceyranbatan kanalının tikintisi də bu layihənin tərkib hissəsidir. Beləliklə, son illərdə tikilmiş kanalların uzunluğu 150 kilometrdir.
Qeyd etdiyim kimi, böyük su anbarı və eyni zamanda, bax bu gün istifadəyə verdiyimiz su elektrik stansiyası da tikilmişdir. Bu da çox vacib məsələdir. Çünki baxmayaraq ki, Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin etmişdir və bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır, biz alternativ enerji mənbələrinin yaradılması ilə bağlı çalışırıq və su elektrik stansiyalarının tikintisi bu istiqamətdə çox vacib addımlardır. Keçən dövrdə bir neçə su elektrik stansiyası tikilmişdir – Füzulidə 25 meqavat gücündə, Ordubadda Biləv elektrik stansiyası, təxminən o da o həcmdədir, Arpaçay su elektrik stansiyasının yenidən qurulması demək olar ki, başa çatmışdır. Taxtakörpü Su Elektrik Stansiyasının tikintisi də böyük su elektrik stansiyaları arasında əlbəttə ki, önəmli bir addımdır. Eyni zamanda, kiçik çaylarda 1 meqavat, 4 meqavat, 5 meqavat gücündə su elektrik stansiyaları tikilir. Hazırda Şəmkirçay su anbarında, - Taxtakörpüdən sonra ikinci böyük su anbarı olacaqdır, - orada da 25 meqavat gücündə su elektrik stansiyası tikilir.
Beləliklə, bu böyük layihəni icra edərkən biz bununla bərabər enerji təhlükəsizliyimizi daha da böyük həcmdə təmin edəcəyik. Sadəcə onu demək kifayətdir ki, biz bu stansiyanın gücü ilə bütün şimal zonasını ucuz elektrik enerjisi ilə təmin edə bilərik. Nəzərə alsaq ki, bir neçə il bundan əvvəl “Şahdağ” elektrik stansiyası tikilmişdir, bu bölgənin gələcək inkişafı ilə bağlı daim güclü enerji təminatı da olacaqdır.
Bu zonanın inkişafı da çox sürətlidir. Şimal zonasının turizm potensialı çox böyükdür. Burada yeni turizm infrastrukturu yaradılır. Qusar rayonunda ölkəmizin ən müasir istirahət və idman infrastrukturu yaradılır. Şahdağ xizək kurortu keçən il istismara verilmişdir və artıq minlərlə insan bu imkanlardan istifadə edir. Hazırda orada bir neçə beşulduzlu otel tikilir. Bu ay Qubada olarkən orada da beşulduzlu otelin tikintisi ilə tanış olmuşam. Yəni, bu zonanın turizm, kənd təsərrüfatı imkanları kifayət qədər genişdir. Beləliklə, elektrik stansiyalarının tikintisi də lazımdır və biz demək olar ki, bu məsələni artıq həll etmişik.
O ki qaldı suvarma sisteminin yenidən qurulmasına, bu, qeyd etdiyim kimi, tarixi layihədir. Taxtakörpü su anbarının və Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan su kanallarının fəaliyyətə başlaması nəticəsində 150 min hektar torpaqda suvarma yaxşılaşdırılacaq, 30 min hektar isə yenidən əkin üçün yararlı olacaqdır. Bu torpaqların böyük hissəsi, təqribən 11 min hektarı Şabran rayonunun ərazisinə düşür. Yəni, kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar yaradılır.
Şəmkirçay su anbarının tikintisi də paralel olaraq davam etdirilir və ümid edirəm ki, bu nəhəng layihə gələn ilin sonuna qədər də icra ediləcəkdir və orada yeni torpaq sahələrinin dövriyyəyə buraxılması, içməli su ilə təminat nəticəsində həm sosial, həm iqtisadi məsələlər öz həllini tapacaqdır. Şəmkirçay su anbarının fəaliyyəti nəticəsində 75 min hektar torpaq sahəsində suvarma təmin ediləcəkdir.
Yəni, bu layihələr tarixi layihələrdir. Bu layihələr bundan sonra əbədiyyətə qədər Azərbaycan xalqına, Azərbaycan dövlətinə xidmət göstərəcəkdir. Biz Azərbaycan xəritəsində yeni süni göllərin yaradılmasına nail ola bilmişik. Taxtakörpü gölünün uzunluğu təxminən 9 kilometrdir. Bu, Azərbaycan xalqının zəhməti, istedadı hesabına mümkün olan hadisələrdir. Bu, bir möcüzədir. Beləliklə, bu layihələrin icrası nəticəsində biz bir neçə əsas məqsədi güdürük. İlk növbədə, Azərbaycanda müasir, ən yüksək standartlara cavab verən yeni infrastruktur yaradılır. Azərbaycan alternativ enerji mənbələrinin yaradılması istiqamətində çox ciddi addım atır. Bir neçə il bundan əvvəl mənim göstərişimlə Azərbaycanın bütün potensial su mənbələri aşkarlanmışdır. Onların xəritəsi tərtib edilmişdir. Bu elektrik stansiyasının yaradılması da bax, o prosesin tərkib hissəsidir. Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar yaradılır. Çünki suvarılan torpaqları fermerlər, sahibkarlar əkəcəklər, becərəcəklər və beləliklə, ölkəmizin ərzaq təhlükəsizliyi tam şəkildə təmin ediləcəkdir.
Bilirsiniz ki, biz bu məsələlərlə bağlı ciddi addımlar atırıq və artıq pilot layihələr də icra edilir. Beyləqan, Ağcabədi rayonlarında 5 min hektara qədər yeni əkin sahələri dövriyyəyə buraxılmışdır. Bütün texniki şərtlər, suvarma təmin edilmişdir və bu ilin nəticəsi onu göstərir ki, bu, çox səmərəli, uğurlu bir yoldur. Əgər ölkə üzrə hər hektardan taxıl istehsalında məhsuldarlıq 26 sentnerdirsə, yeni sahələrdə bu, 55 sentnerə çatmışdır. Yəni, əgər yeni texnologiyalar, aqrotexniki xidmət göstərilərsə və əlbəttə ki, texnika lazımi səviyyədə təşkil edilərsə, biz 2 dəfədən çox məhsul götürə bilərik. Yəni, yeni əkin sahələrinin dövriyyəyə buraxılması fermerlərə böyük imkanlar verəcəkdir, kənd təsərrüfatımız inkişaf edəcəkdir.
Kənd təsərrüfatının inkişafı böyük dərəcədə infrastruktur layihələrindən asılıdır və əlbəttə ki, Azərbaycan gələcək illərdə ərzaq məhsullarına olan tələbatı tam şəkildə özü təmin edəcəkdir. Biz artıq buna yaxınlaşmışıq. Bu da tarixi nailiyyət olacaqdır və ondan sonra biz daha çox ixrac haqqında düşünməliyik. Artıq biz düşünürük, yeni bazarlara çıxmaq üçün addımlar atılır və beləliklə, kənd təsərrüfatı Azərbaycanda sürətlə inkişaf edəcəkdir.
Beləliklə, Taxtakörpü su anbarının, Şəmkirçay su anbarının və suvarma sisteminin yaradılması nəticəsində biz 2 ildən sonra 250 min hektar yeni torpaq sahələri əldə edəcəyik. Bu, tarixi bir nailiyyət olacaqdır. Bu layihələrin icrası, eyni zamanda, ölkəmizin su təhlükəsizliyini də təmin edir. Bu məsələlərə də biz daim diqqət göstəririk. Çünki ölkəmizi qidalandıran əsas su mənbələri Azərbaycanın hüdudlarından kənarda formalaşır. Ona görə su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq strateji əhəmiyyətli bir məsələdir. Taxtakörpü su anbarının yaradılması ilə biz bu strateji hədəfə çatırıq. Bizim sularımız Kür çayından, Araz çayından, Samur çayından gəlir ki, bu çaylar öz mənbəyini başqa ölkələrdən başlayır. Beləliklə, su təhlükəsizliyi bizim üçün strateji əhəmiyyətli məsələdir və gələcəkdə hər bir ölkə üçün su ehtiyatları strateji dəyər olacaqdır.
Bu gün dünyada daha çox neft-qaz resursları uğrunda mübarizə aparılır və xoşbəxtlikdən Azərbaycan bu resurslardan, xalqın rifahı, ölkənin inkişafı naminə səmərəli şəkildə istifadə edir. Amma vaxt gələcək su resursları uğrunda mübarizə daha da kəskinləşəcəkdir. Biz artıq bu mübarizənin təzahürlərini görməkdəyik. Belə olan halda su təhlükəsizliyi Azərbaycanda tam şəkildə təmin edilməlidir. Taxtakörpü su anbarı və Samur-Abşeron suvarma sistemi, Şəmkirçay su anbarı, ölkədə icra edilən su layihələri bu məqsədə xidmət edir.
İndi hər bir şəhərdə içməli su layihələri icra edilir. Bəzi şəhərlərdə istismara verilmişdir, bəzi şəhərlərdə davam etdirilir. Subartezian quyularının qazılması prosesi gedir. Bir neçə ay bundan əvvəl mənim Sərəncamımla bu məqsədlə 6 milyon manat vəsait ayrılmışdır ki, 104 kənd artıq bu layihə ilə əhatə ediləcəkdir. Mənim Sərəncamımda kəndlər adbaad göstərilmişdir ki, o kəndlərdə yaşayan soydaşlarımız bilsinlər, onların kəndində bu quyu qazılacaq və beləliklə, onların su problemləri həll ediləcəkdir. Azərbaycanda modul tipli təmizləyici qurğular quraşdırılır. Təxminən 400-ə yaxın kənddə bu qurğular yerləşdirilibdir. O kəndlər ki, çaylar boyu yerləşən kəndlərdir. Yəni, su təhlükəsizliyi strateji əhəmiyyətli məsələdir və bu layihənin icrası, o cümlədən bu məsələlərin həllində də bizə kömək göstərir.
Bu layihənin həyata keçirilməsi üçün böyük investisiyalar cəlb edilmişdir. Azərbaycanda investisiya iqlimi çox müsbətdir. Xarici investisiyalar, onların axını davam etdirilir. Ancaq son illərdə yerli investisiyalar xarici investisiyaları üstələyir. Təqribən, faiz nisbəti 70/30 daxili investisiyaların xeyrinədir. Bu da çox müsbət haldır. Hələ ki, daxili investisiyaların əsas hissəsi dövlət investisiyaları hesabına formalaşır. Bu da təbiidir. Çünki dövlət bütün iqtisadi və sosial layihələrə güclü təkan verməli idi və verir. İnfrastruktura qoyulan investisiyalar bu gün yeni inkişaf dövrümüzü şərtləndirir. Keçən 10 il ərzində iqtisadiyyatımız 3,4 dəfə artmışdır. Bu da dünyada misli görünməmiş nəticədir. Son 10 il ərzində sosial məsələlər öz həllini tapmışdır, 500-ə yaxın xəstəxana, 3 minə qədər məktəb, 9 dəfə artan pensiya, 6 dəfə artan orta əməkhaqqı, infrastruktur layihələri, investisiyalar. Demək olar ki, ölkəmiz böyük dərəcədə qabağa getmişdir və güclənmişdir. Ancaq növbəti 10 il ərzində biz öz inkişafımızı daha çox qeyri-neft sektorunun hesabına təmin edəcəyik. Belə olan halda, son illərdə infrastruktura qoyulan xərclər, dövlət investisiyaları gözəl bir şərait yaradır və növbəti illərdə daxili investisiyalar, əlbəttə ki, xarici investisiyalardan daha artıq olacaqdır. Ancaq çox istərdim ki, özəl sektordan gələn investisiyalar üstünlük təşkil etsin. Əminəm ki, biz buna da nail olacağıq. Ancaq dövlət bundan sonra da öz investisiya siyasətini davam etdirəcək, ölkəmiz, xalqımız üçün lazım olan bütün layihələr icra ediləcəkdir. Azərbaycan xalqı yaxşı bilir ki, hətta dünyanı bürümüş maliyyə və iqtisadi böhran bizim investisiya və sosial layihələrimizə heç bir təsir etməmişdir – maaşlar ildən-ilə artırılır, sosial ödəmələr artırılır, investisiya layihələri də icra edilir.
Bu layihəyə qoyulan sərmayə Dövlət Neft Fondunun xətti ilə icra edilmişdir. Bu da hesab edirəm ki, çox gözəl və əlamətdar hadisədir, rəmzi məna daşıyır. Çünki Dövlət Neft Fondunun xətti ilə ölkəmiz üçün yalnız ən prioritet məna daşıyan önəmli layihələr icra edilir. Onların içində köçkünlərin yerləşdirilməsi layihələri əsasdır. Hər il 300 milyon manat ancaq köçkünlər üçün tikilən evlərə sərf olunur və beləliklə, biz hər il 20 min köçkünü yeni evlərlə, mənzillərlə təmin edirik. Demək olar ki, hər il Azərbaycanda köçkünlər üçün bir şəhər tikilir və bu proses davam etdirilir. Dövlət Neft Fondunun xətti ilə təhsil məsələləri, Azərbaycan tələbələrinin xaricdə oxuması məsələləri öz həllini tapır və ölkəmiz üçün strateji layihələr Fondun xətti ilə maliyyələşdirilir.
Belə olan halda əlbəttə ki, iqtisadi inkişaf daha da sürətli olacaqdır. Çünki düşünülmüş siyasət əsasında qurulan iqtisadi konsepsiyamız öz səmərəsini verir. Son 10 il ərzində Azərbaycanda görülən işlər bax, dediyim sözlərin ən yaxşı göstəricisidir. Son 10 ildə ölkəmiz böyük, şərəfli yol keçmişdir, insanların rifah halı yaxşılaşmışdır, nəhəng investisiya layihələri icra edilmişdir, sosial proqramlar tam şəkildə təmin edilmişdir. Əminəm ki, bu müsbət meyllər növbəti illərdə davam etdiriləcəkdir.
Əlbəttə ki, Taxtakörpü su anbarının yaradılması, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması özəl sektora yeni təkan verəcəkdir. Özəl sektor Azərbaycan iqtisadiyyatında təxminən 85 faiz təşkil edir. Bu da onu göstərir ki, bazar iqtisadiyyatı prinsipləri Azərbaycanda tam şəkildə tətbiq olunubdur. Bu ilin 8 ayında qeyri-neft sektorumuz 10,3 faiz artmışdır. Bu da dünya miqyasında ən yüksək göstəricidir. Əminəm ki, biz bu yüksək templəri saxlayacağıq və “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının bütün müddəalarını təmin edəcəyik.
Necə ki, son 10 il ərzində Azərbaycanda iki regional inkişaf proqramı artıqlaması ilə icra edilmişdir. Üçüncü proqramın qəbul edilməsi gələn ilin əvvəlində nəzərdə tutulur. “Azərbaycan-2020” və növbəti “Azərbaycan-2014-2018” inkişaf proqramları icra ediləcəkdir.
Bu layihənin icrası bir məsələyə də diqqəti çəkir. Belə nəhəng layihələr ancaq müstəqillik dövründə icra edilə bilər, ancaq bizim taleyimiz öz əlimizdə olan bir zamanda biz bu layihələri icra edə bilərik. Bu layihə və ölkəmizdə son illərdə görülən bütün işlər bir daha müstəqilliyimizin üstünlüklərini əks etdirir. Müstəqillik bizim böyük dəyərimizdir, ən böyük sərvətimizdir.
Bu gün Azərbaycan xalqının gələcəyi onun öz əlindədir. Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə və uğurla inkişaf edən ölkələrin sırasındadır. Əminəm ki, növbəti illərdə biz öz inkişaf dinamikamızı saxlayacağıq, ölkəmizin uğurlu gələcəyini təmin edəcəyik.
Mən bütün Azərbaycan xalqını bu gözəl layihələrin istismara verilməsi münasibətilə təbrik etmək istəyirəm. Taxtakörpü su anbarında və Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasında iştirak etmiş bütün vətəndaşları salamlayıram, onlara öz təşəkkürümü bildirirəm. Deyə bilərəm ki, gələcəkdə belə böyük infrastruktur layihələri Azərbaycanda icra ediləcəkdir. Artıq gözəl təcrübə də toplanıb. Çox şadam ki, bu layihənin icrasında Azərbaycan şirkətləri iştirak etmişdir. Bir daha sizi ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Sağ olun!
X X X
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd ƏHMƏDZADƏ çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
Hörmətli Mehriban xanım.
Hörmətli mərasim iştirakçıları.
Bu gün Azərbaycan tarixində çox böyük, əlamətdar hadisə baş verir. Azərbaycan Respublikasının, müstəqil ölkəmizin coğrafiyasında çox əlamətdar yeniliyin şahidi oluruq. Azərbaycanın coğrafiyasına Taxtakörpü su anbarı kimi çox böyük gələcəyi olan, Azərbaycan xalqına 100 illərlə xidmət edəcək su anbarının, Taxtakörpü Su Elektrik Stansiyasının daxil olması və böyük kanalların - Taxtakörpü-Ceyranbatan kanalının, Vəlvələçay-Taxtakörpü kanalının və başqa çoxlu qurğuların bu gün istifadəyə verilməsi tarixi bir hadisədir. Bütün bu işlərə görə mən Azərbaycanın melioratorları, energetikləri və inşaatçıları adından, möhtərəm Prezidentimiz, Sizə minnətdarlığımı bildirirəm.
Belə bir layihəni doğrudan da sürətlə inkişaf edən bir ölkədə həyata keçirmək olar. Azərbaycanın şimal zonasının, Bakı, Sumqayıt şəhərlərinin su təchizatını, xüsusilə içməli, texniki və suvarma suyuna olan tələbatını ödəyən böyük bir sistemin – Samur-Abşeron suvarma sisteminin 50 ildən artıq istifadə olunması onun aşınmasına səbəb olmuş və qurğunun sıradan çıxması təhlükəsi yaranmışdı. Bütün sahələrdə həmişə xalqın xeyrinə böyük qərarlar qəbul edən ulu öndərimiz Heydər Əliyev cənabları hələ 1993-cü ildə hakimiyyətə qayıdan kimi bizə birinci növbədə bu tapşırığı verdi ki, bu vəziyyətdən necə çıxmaq olar. O vaxt müxtəlif təkliflər vardı, cənab Prezident, mən bu barədə Sizə məlumat vermişəm. Biz istəyirdik ki, qısa yol ilə sadə layihələr həyata keçirək. Çünki bilirdik ki, vəsait çatışmır. Amma Ulu Öndərimiz dedi ki, bizim vəsaitimiz olacaq, gərək biz əsaslı işlər görək və o, əsaslı işlərin layihəsini 1997-ci ildə təsdiq etdi. Ondan sonra bu layihənin həyata keçirilməsinə başlanıldı.
Birinci növbədə ulu öndər Heydər Əliyev 1994-cü ildə Səudiyyə Ərəbistanına rəsmi səfəri zamanı İslam Bankının rəhbərliyi islam aləminin böyük hörmətinin əlaməti olaraq Azərbaycan üçün bu sahəyə kredit və qrant verilməsi məsələsi ilə bağlı qərar qəbul etdi. Həmin hadisədən sonra bu layihənin həyata keçirilməsinə başlanıldı. İlk illər biz bu layihəni Ulu Öndərimizin tapşırığı ilə xarici investisiyalar hesabına - İslam Bankının, Dünya Bankının verdiyi vəsaitlər hesabına reallaşdırmağa başladıq. Amma cənab Prezident, 2004-cü il sentyabrın 1-də Sizin rəhbərliyinizlə keçirilən böyük müşavirədə Azərbaycanın su təchizatı, içməli suya olan tələbatı və meliorativ layihələrin inkişafı perspektivləri məsələsi müzakirə olunanda Siz 2 çox böyük qərar qəbul etdiniz. O qərarın biri də Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və bu layihənin Neft Fondunun vəsaiti hesabına maliyyələşməsi ilə bağlı idi. Bu qərar neft gəlirlərinin qeyri-neft sektoruna, infrastruktura, xalq üçün xeyir verən sahələrə yönəldilməsi məqsədi daşıyırdı. Həmin qərardan sonra Xanarx kanalının İslam Bankının vəsaiti hesabına tikintisinə start verildi. Siz kanalın tikintisi ilə tanış oldunuz və tövsiyələrinizi verdiniz. Bunun nəticəsində işlər sürətləndi və 2006-cı ildə Xanarx kanalı istifadəyə verildi. 2007-ci ildə Vəlvələçay-Taxtakörpü kanalına suyu gətirən 50 kilometrlik birinci hissənin yenidən qurulması başa çatdırıldı və sonra Vəlvələçay-Taxtakörpü kanalının inşasına başlanıldı.
Vəlvələçay-Taxtakörpü kanalının tikintisində möhtərəm Prezidentimiz iki dəfə iştirak etmişdir. İki dəfə işlərin gedişi ilə maraqlanmış və öz tapşırıqlarını, tövsiyələrini vermişdir. 2013-cü ildə isə suyun anbara doldurulması mərasimində iştirakınız xüsusilə əlamətdar hadisə idi. Çünki həmin gün anbara suyun toplanması başlanırdı. Cənab Prezident, artıq 2 ay ərzində Taxtakörpü su anbarına 105 milyon kubmetr təmiz, içməli şirin su yığılmışdır. Amma su anbarının ümumi tutumu 270 milyon kubmetrdir. Bu, ölkəmiz, xalqımız və iqtisadiyyatımız üçün çox əhəmiyyətli məsələdir. Siz bu layihənin reallaşdırılması ilə ulu öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsi üçün verdiyiniz sözün tam icrasını təmin etdiyinizi bir daha sübuta yetirdiniz. Bu, doğrudan da Heydər Əliyev ideyalarının Azərbaycanda həyata keçirilməsinə bariz nümunə oldu. Ulu Öndərin müəllifi olduğu layihəni bu gün möhtərəm Prezidentimiz həyata keçirir. Buna görə hamımız Sizə minnətdarıq.
Amma ötən 10 ildə həyata keçirilən təkcə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi deyildir. Son 10 ildə Azərbaycanda çox möhtəşəm işlər görülmüşdür. Siz 2007-ci ildə Taxtakörpü su anbarı, 2009-cu ildə isə Şəmkirçay su anbarı kimi çox böyük qurğuların təməlini qoydunuz. Bunlar son illərdə görülən möhtəşəm işlərdən yalnız ikisidir. Bu gün kanallarla birlikdə Taxtakörpü su anbarı istifadəyə verilir. 2014-cü ildə isə Şəmkirçay su anbarı kanallarla birlikdə hazır olacaq və Azərbaycan xalqına xidmət etməyə başlayacaqdır. Təkcə bunlar deyildir, son 10 ildə Azərbaycanda 123 min hektar sahənin su təchizatı, 137 min hektar sahənin meliorasiya vəziyyəti yaxşılaşdırılmış, 874 artezian quyusu qazılmış, 1500 kilometr yeni kanallar, 1000 kilometrdən artıq kollektor-drenaj şəbəkəsi çəkilmişdir. Həmçinin bu sahənin maddi-texniki bazası möhkəmləndirilmiş, 2 minə yaxın torpaqqazan texnika və xüsusi texnika alınmışdır. Bu, meliorasiya sahəsinin gücünü əvvəlkinə nisbətən 3 dəfə artırmışdır. Özü də əvvəlki texnikalar ilə indiki texnikaları müqayisə etmək mümkün deyil, indikilər daha məhsuldar, daha müasir texnikalardır.
Bütün bunlara görə melioratorlarımız Sizə minnətdardırlar. Cənab Prezident, Siz tapşırıqları verməklə kifayətlənmirsiniz, onların icrasını yerində yoxlayırsınız. Bu, bizim məsuliyyətimizi qat-qat artırır.
Bu yaxınlarda Nazirlər Kabinetinin iclasında tapşırıq verdiniz ki, yeni proqram işlənilsin. Bu, bizi sevindirir. Biz o proqramı işləyib Sizə təqdim edəcəyik. Azərbaycanın gələcək inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması, emal sənayesinin xammalla təchiz edilməsi üçün çox böyük layihələr həyata keçiriləcəkdir. Taxılçılıq üzrə tapşırıqlarınız yerinə yetirilməyə başlanılmışdır. Beş min hektara yaxın ərazi keçən il dövriyyəyə verilibdir. Bu il də beş min hektarlıq ərazi artıq hazırlanır və yaxın günlərdə təhvil veriləcəkdir.
Cənab Prezident, biz Sizin bütün tapşırıqlarınızı layiqincə yerinə yetirməyə həmişə hazırıq. Amma biz melioratorlar bu gün bir məsələnin də şahidi oluruq. Mehriban xanımın bugünkü mərasimdə iştirakı bizi çox sevindirir. Azərbaycan təhsilinin inkişafında, mədəniyyətinin, incəsənətinin təbliğində, dünyada tanıdılmasında mühüm xidmətləri olan Mehriban xanımın bu gün bu dağların qoynunda keçirilən tədbirə gəlməsi biz melioratorları daha yaxşı işləməyə həvəsləndirir. Biz hamımız ona minnətdarlığımızı bildiririk.
Mən bütün melioratorlar, energetiklər, inşaatçılar adından Sizi bir daha əmin etmək istəyirəm ki, Sizin tapşırıqlarınızı layiqincə yerinə yetirmək üçün bundan sonra da var qüvvəmizlə çalışacağıq. Biz hələ belə açılış mərasimlərində çox iştirak edəcəyik. Çox sağ olun!
X X X
Şabran rayonundan sahibkar Akif MƏRDANOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
Sizi bölgəmizin ictimaiyyəti və iş adamları adından salamlayıram. Bu gün biz ölkəmiz üçün mühüm tarixi əhəmiyyət kəsb edən böyük bir hadisənin şahid olduq. Bu gün Siz Taxtakörpü su anbarının, su elektrik stansiyasının və Taxtakörpü-Ceyranbatan su kanalının açılışını etdiniz. Uğurlarımızı artıracaq bu layihəyə görə Sizə minnətdarlığımızı bildiririk.
Siz çox düz deyirsiniz, bu cür nəhəng layihələri ancaq güclü dövlətlər icra edə bilərlər. Bəli, Azərbaycan bu gün qüdrətli dövlətdir. Onun iqtisadiyyatı dünyada ən sürətli inkişaf edən iqtisadiyyatdır. Apardığınız düzgün siyasət nəticəsində iqtisadiyyatımızın qeyri-neft sektorunun xüsusi çəkisi ildən-ilə artmaqdadır. Bu sahəyə böyük sərmayələr qoyulur. Konkret proqramlar həyata keçirilir. Ölkəmizdə sahibkarlığın inkişafı üçün olduqca əlverişli şərait yaradılmışdır. Sahibkarlara yüksək səviyyədə dəstək verilir, onların rastlaşdığı problemlər ardıcıl olaraq aradan qaldırılır.
Dövlət tərəfindən kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara hər il milyonlarla manat güzəştli kreditlər, böyük həcmdə subsidiyalar ayrılır.
Möhtərəm cənab Prezident! Siz kənd təsərrüfatını prioritet sahə elan etmisiniz. Bu sahədə dövlət siyasəti düzgün istiqamətdə aparılır. Kənd təsərrüfatının inkişafı yeni iş yerlərinin açılmasına, yerli istehsalın genişlənməsinə, daxili və dünya bazarlarına yüksək keyfiyyətli məhsulların çıxarılmasına xidmət edir.
Bu gün istifadəyə verilmiş bu nəhəng layihə də biz sahibkarlara dövlət tərəfindən göstərilən dəstəyin növbəti təzahürüdür.
Qarşımızdakı bu su anbarı bölgəmizdə on minlərlə hektar torpaq sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdıracaq, 30 min hektar torpaqların əkin dövriyyəsinə daxil olunmasını mümkün edəcəkdir. Bir sahibkar kimi, bu suvarma obyektinin bölgənin kənd təsərrüfatı, xüsusilə də əkinçilik üçün nə qədər önəmli olduğunu yaxşı dərk edirəm. Bu layihə ölkədə ərzaq bolluğunun yaradılmasına, cəmiyyətimizin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsinə töhfəsini verəcəkdir.
Möhtərəm cənab Prezident, mən uzun illər kənd təsərrüfatı sahəsində çalışmışam. Rayonda iri üzümçülük sovxozuna rəhbərlik etmişəm, 14 ildən artıqdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğulam. Üç hektar sahədə meyvə bağı salmışam. Üç hektar sahədə tərəvəz, bostan bitkiləri yetişdirirəm. Bu il səkkiz hektar taxıl sahəsindən otuz ton toxumluq məhsul götürmüşəm. İndi təsərrüfatımdan əldə etdiyim gəlir əlli min manatdan çoxdur.
Cənab Prezident, həmişə bizim ən ağrılı yerimiz hazır məhsulu satmaq idi. İndi isə inamla deyə bilərəm, məhsul yetişdirən kəndlinin alıcı və bazar problemi yoxdur. Son bir ildə təkcə Şabran rayonunda kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan üç özəl müəssisə fəaliyyətə başlayıb. Bu ildən isə dövlət tərəfindən verilən kredit hesabına 12 min tonluq meyvə saxlayan anbar istifadəyə veriləcəkdir. Bu isə o deməkdir ki, Taxtakörpü su anbarının işə düşməsi nəticəsində əkin dövriyyəsinə daxil olan yeni torpaqlardan istehsal ediləcək məhsul da bu başdan etibarlı alıcı ünvanı əldə edəcəkdir. Bütün bunlar göstərir ki, dövlət bizim üçün hər cür şərait yaradır, subsidiyalar da ayırır, güzəştli kreditlər də verir, bazarı da tapır.
Mən də bu imkanlardan istifadə edərək artıq təsərrüfatımın genişləndirilməsini düşünürəm. Mən statistikanı da izləyirəm. Son 10 ildə təkcə rayonumuzda kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara 30 milyon manatadək güzəştli kreditlər verilmişdir. Bu müddətdə rayonumuzda kənd təsərrüfatından əldə edilən gəlir səkkiz dəfə artmışdır. Bu, Azərbaycan iqtisadiyyatının bugünkü reallıqlarıdır.
Cənab Prezident, Taxtakörpü su anbarının istifadəyə verilməsi ilə yanaşı, su elektrik stansiyası da işə salındı. Bu obyektin istismara verilməsi bölgənin elektrik enerjisi ilə təminatının daha da yaxşılaşdırılmasına xidmət edəcəkdir. Qeyd edirəm ki, bu cür layihələr təkcə burada deyil, bütün ölkə üzrə icra edilir. Çoxlu sayda su kanalları tikilir, artezian quyuları qazılır, elektrik enerjisi, təbii qaz, içməli su layihələri yerinə yetirilir. Bütün bunlar göstərir ki, həm sahibkarları narahat edən məsələlər, həm də vətəndaşlarımızın sosial problemləri kompleks şəkildə həll olunur. Bu da vətəndaşların rifahının yüksəlməsi, onların daha rahat yaşaması üçün dövlətimiz tərəfindən görülən işlərin yeni bir nümunəsidir.
Möhtərəm cənab Prezident, yaxşı başa düşürük ki, həyata keçirilən bütün bu layihələr biz sahibkarlar və ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçündür. Bizə yaradılmış bu münbit şəraiti yüksək qiymətləndiririk. Sizi əmin edirik ki, bu şəraitdən səmərəli istifadə edəcəyik, Vətənimizin iqtisadi baxımdan daha da güclü olması naminə fədakarlıqla çalışacağıq.
Sağ olun, cənab Prezident!