İlham Əliyev Fələstinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir
26 oktyabr 2010, 19:45
Prezident İlham Əliyev Fələstin Muxtariyyətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nəssir Əbdül Kərim Əbdül Rəhimin etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin önündən keçdi.
Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Səfir Nəssir Əbdül Kərim Əbdül Rəhim Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasın salamlarını dövlətimizin başçısına çatdırdı. Səfir Fələstin Muxtariyyəti rəhbərinin Fələstin Muxtariyyəti ilə Azərbaycan Respublikası arasında əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsində maraqlı olduğunu və Fələstinin Azərbaycan Respublikasında səfirliyinin açılmasındakı dəstəyə görə dövlətimizin başçısına təşəkkürünü ifadə etdiyini bildirdi.
Fələstin Muxtariyyətinin Azərbaycanda səfirliyinin açılmasının əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayan dövlətimizin başçısı səfirə gələcək fəaliyyətində uğurlar arzuladı.
Prezident İlham Əliyev Mahmud Abbasın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Fələstin Muxtariyyətinin rəhbərinə çatdırmağı xahiş etdi.