İlham Əliyev Qudyalçay üzərindəki tağlı “Qırmızı körpü”nün yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur
18 sentyabr 2013, 19:10
Prezident İlham Əliyev Qubanın Qırmızı qəsəbəsi ərazisində, Qudyalçay üzərindəki tağlı “Qırmızı körpü”nün yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindən biri də ölkəmizdə yol-nəqliyyat infrastrukturunun müasir səviyyəyə çatdırılmasıdır. Son dövrlərdə bu istiqamətdə əsaslı islahatlar həyata keçirilmişdir. Təqdirəlayiq haldır ki, bu islahatlar paytaxt Bakı ilə yanaşı, həm də bölgələri əhatə edir. Qudyalçay üzərindəki tağlı körpünün əsaslı şəkildə yenidən qurulması da bu istiqamətdə görülən işlərdəndir. Bu körpü ilə sakinlər Qırmızı qəsəbədən qısa yolla Quba şəhərinə gedə bilirlər. “Qırmızı körpü” həm də tarixi memarlıq abidəsi kimi vacib əhəmiyyətə malikdir. Bu körpünün yenidən qurulması dövlətimizin tarixi-mədəni abidələrimizin qorunması işinə verdiyi diqqəti də nümayiş etdirir.
Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva “Qırmızı körpü”nün əvvəlki vəziyyətini əks etdirən fotolardan ibarət stendlərə baxdılar.
Bildirildi ki, “Qırmızı körpü” 1851-1854-cü illərdə inşa olunmuşdur. Körpünün yarımdairəvi biçimli tağlar sistemi bişmiş kərpicdən hörülmüş və bir-birindən 11,1 metr məsafədə olan dayaqlara söykənir. Tağ dayaqlarının istinad etdiyi körpünün bünövrələri yonulmuş daşlardan hörülmüşdür.
Azərbaycan Prezidentinə tağlı körpünün əsas parametrləri barədə məlumat verildi.
Diqqətə çatdırıldı ki, körpünün uzunluğu 160, eni 7,6 metr, bünövrədən hündürlüyü isə 7,39 metrdir. Körpüdəki tağların sayı 14-dür. Təbii aşınmalar nəticəsində tağlarda yaranmış zədələrə görə körpüdə hərəkət xeyli müddət dayandırılmışdı. Lakin 2012-ci ilin əvvəlindən əsaslı təmirə başlanaraq tağlarda, bünövrədə bərpa və bərkitmə işləri aparılmışdır. Körpü memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
Burada dövlətimizin başçısına və xanımına Quba-Qusar-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu üzərində salınmış körpülər barədə məlumat verildi.