Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


18 sentyabr 2013, 18:40
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Naftalan şəhərində mühüm infrastruktur layihələri yerinə yetirilmiş, Əlillərin Bərpa Mərkəzi, 5 yeni səhiyyə-kurort müəssisəsi, o cümlədən 200 yerlik “Qaşaltı” sanatoriyası inşa edilmiş, 353 yerlik “Çinar” sanatoriyası əsaslı təmir olunmuş, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, yeni avtomobil yolları çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir.
Naftalan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda şəhər üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Naftalan Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 sentyabr 2013-cü il.