İlham Əliyev Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir
18 sentyabr 2013, 19:30
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu.
Dövlət başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının yeni inzibati binasında təşkilatın fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Binanın tikintisinə ötən ilin sonlarında başlanılmış, bu ilin sentyabrında başa çatdırılmışdır. Foyedə ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada, həmçinin Ümummilli Liderin ölkəmizin ictimai-siyasi həyatı, o cümlədən Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlı gördüyü işləri əks etdirən fotoguşə yaradılmışdır. Ümumilikdə inzibati bina 10 otaq, konfrans və iclas zalından ibarətdir.
Prezident İlham Əliyev otaqlarda yaradılan şəraitlə tanış oldu. Binada informasiya-kommunikasiya texnologiyalarının tətbiqi xüsusən diqqətdə saxlanmışdır. Binadakı 80 nəfərlik akt zalında respublika və rayon əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Məlumat verildi ki, partiyanın rayon təşkilatının 6 min üzvü vardır. Təşkilatın sıraları əsasən gənclər hesabına ildən-ilə artır.
Hazırda partiya üzvlərindən 2200-ü gənclərdir. Qadınların sayı isə 1800-dür.
Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.