İlham Əliyev Bilik günündə Bakının Yasamal rayonundakı 158 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir
16 sentyabr 2013, 11:40
Sentyabrın 16-da – Bilik günündə Bakının Yasamal rayonundakı 158 nömrəli tam orta məktəb əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Ölkəmizdə son illər təhsilin inkişafı ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir, müxtəlif proqramlar icra olunur. Birləşmiş Millətlər Təşkilatı da XXI əsri “Təhsil əsri” elan etmişdir. Odur ki, yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsil mühüm rol oynayır.
Azərbaycanda əldə olunan bu uğurların daha da möhkəmləndirilməsi ilə bağlı ardıcıl tədbirlər görülür. Son illərdə ölkədə yüzlərlə məktəb tikilmiş və ya əsaslı təmir edilmişdir. Yasamal rayonundakı 158 nömrəli tam orta məktəbdə aparılan yenidənqurma işləri də bu tədbirlərin davamıdır.
Dövlət başçısı məktəbin təmirdən əvvəlki görüntülərini əks etdirən fotostendə baxdı.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Prezident İlham Əliyevə məlumat verdi ki, 1961-ci ildən fəaliyyət göstərən bu təhsil müəssisəsində əsaslı təmir və yenidənqurma işlərinə may ayında başlanılmışdır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva məktəbdə yaradılan şəraitlə tanış oldular. Burada ulu öndər Heydər Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotostend qurulmuşdur. Üç tədris və bir yardımçı korpusdan ibarət olan 1850 şagird yerlik bu məktəbdə 198 müəllim işləyir.
Məktəbin idman zalı da yenidən qurulmuşdur. Zalda idmanın müxtəlif növləri üzrə yarışların keçirilməsi mümkündür.
Təhsil kompleksində ən müasir standartlar səviyyəsində qurulan və yeni avadanlıqla təchiz edilən fənn kabinetləri yaradılmışdır. Bütün siniflər əyani vəsaitlərlə təchiz edilmişdir. Məktəbin zəngin kitabxanasında 40 minə yaxın müxtəlif ədəbiyyat toplanmışdır. Təhsil ocağının sinifləri interaktiv lövhələrlə təchiz olunmuşdur.
Şagirdlərin istifadəsinə iki informatika kabineti də verilmişdir.
Dövlət başçısı ayrı-ayrı fənn kabinetləri ilə də tanış oldu. Məktəbdə müxtəlif tədbirlərin keçirilməsi üçün 350 nəfərlik geniş akt zalı da yaradılmışdır.
Məktəbin müəllim-şagird kollektivi ilə görüşən Prezident İlham ƏLİYEV dedi:
- Sabahınız xeyir olsun. Mən sizin hamınızı yeni dərs ili münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Eyni zamanda, məktəbinizin əsaslı təmirindən sonra açılışı münasibətilə də təbrik edirəm. Çox gözəl məktəb olub. Əvvəlki vəziyyəti ilə də tanış oldum, fotoşəkillərə baxdım. Siz də - burada oxuyanlar, burada işləyənlər daha yaxşı bilirsiniz ki, əvvəlki vəziyyət necə idi. Qısa müddətdə - cəmi üç ay ərzində məktəb, yenidən qurulub, əsaslı təmir olunub. Onilliklər bundan sonra bu məktəbin bax, belə gözəl vəziyyətdə olması təmin ediləcəkdir. Bütün avadanlıq var, bütün lazımi işlər görülübdür. Ona görə, burada oxumaq da, müəllimlər üçün işləmək də xoş olacaqdır.
Əsas məsələ ondan ibarətdir ki, təhsilin keyfiyyəti daha da yüksəlsin. Çünki məktəb tikintisi ölkədə və Bakı şəhərində geniş vüsət almışdır. Təkcə bu il yay aylarında Bakıda 46 məktəb əsaslı şəkildə təmir edilmişdir. Ölkə üzrə isə 200-dən çox məktəb təmir edilmişdir. Son illər ərzində Azərbaycanda məktəblərin tikintisi, təmiri çox geniş aparılır. Ölkəmizdə cəmi 4500-ə yaxın məktəb vardır. Son on ildə 2700-dən çox məktəb tikilib və əsaslı təmir edilibdir. Ancaq buna baxmayaraq, hələ də təmirsiz məktəblər vardır, o cümlədən Bakıda. Son illərdə Bakıda 267 məktəb əsaslı təmir edilib və tikilib. Ancaq hələ 90 məktəbdə təmir işləri aparılmalıdır. Çünki o məktəblərin vəziyyəti bax bu məktəbin əvvəlki vəziyyəti kimidir. Yəni, bu, o deməkdir ki, hesab edirəm bizə hələ 1-2 il lazım olacaqdır ki, Bakının bütün məktəbləri bax belə gözəl vəziyyətdə olsun.
Təhsilin keyfiyyəti isə elə prosesdir ki, bu prosesin hüdudları yoxdur. Biz daim bu məsələni diqqət mərkəzində saxlamalıyıq, xüsusilə müəllimlər və təhsillə məşğul olan məsul şəxslər. Biz bu məsələyə daim diqqət yetirməliyik.
Çünki artıq dəfələrlə bu ifadə işlədilib: “Təhsil hər bir ölkənin gələcəyini təmin edir”. Hər bir ölkənin inkişafını onun insanları, insanların bilikləri, istedadı müəyyən edir. Ölkələr vardır ki, orada təbii sərvətlər yoxdur. Ancaq o ölkələr dünyada ən inkişaf etmiş ölkələrdir. Biz də bu yolu getməliyik. Bizim üstünlüyümüz ondan ibarətdir ki, təbii sərvətlərimiz də var və biz təbii sərvətlərin işlənməsindən əldə edilmiş gəlirləri insan kapitalına, o cümlədən təhsil sahəsində aparılan islahatlara yönəldirik.
Ancaq biz elə etməliyik ki, gələcəkdə ölkəmizin uğurlu və uzunmüddətli inkişafını elm, biliklər, texnologiyalar müəyyən etsin. Elmi-texniki tərəqqi hər bir ölkə üçün onun gələcəyini müəyyən edən amillərdir. Xüsusilə XXI əsrdə ölkələrin gələcəyi bilavasitə təhsilin, biliklərin səviyyəsindən asılı olacaqdır. Ona görə uşaqlarımız bilikli, savadlı olmalıdırlar, dünyada gedən yenilikləri bilməlidirlər. Əlbəttə ki, müəllim heyəti də təhsilin yüksək səviyyəsini təmin etməlidir.
Ümid edirəm ki, hazırda təhsil sahəsində aparılan islahatlar yaxın gələcəkdə müsbət nəticələrə gətirib çıxaracaqdır. Bu günə qədər müəyyən işlər görülübdür. Ancaq hesab edirəm bugünkü Azərbaycanın inkişaf dinamikası bizə diktə edir ki, təhsil sahəsində səviyyə ən yüksək zirvədə olmalıdır. Əminəm ki, biz buna nail olacağıq. Çünki Azərbaycan xalqının çox böyük potensialı vardır. Bizim insanlarımız istedadlıdır, biliklidir. Hesab edirəm uşaqlar da başa düşürlər ki, əgər məktəblərdə, ali məktəblərdə yaxşı biliklərə malik olmasalar, gələcəkdə onlar üçün həyatda öz yerini tapmaq o qədər də asan olmayacaqdır.
Bu gün bizim cəmiyyətimizdə daha çox biliklər hər bir insanın gələcəyini müəyyən edir. Getdikcə, ölkəmiz inkişaf etdikcə bu amil daha da ciddi rol oynayacaqdır. Eyni zamanda, əlbəttə ki, hər bir dövlətin inkişafını vətənpərvər insanlar müəyyən edir. Vətən sevgisi, Vətənə bağlılıq həmişə xalqımıza xas olan xüsusiyyətlərdən biri olmuşdur. Xüsusilə bu gün Azərbaycan dünya miqyasında böyük nüfuza malik olan bir ölkədir. Azərbaycanda aparılan işlər artıq dünya ictimaiyyətinin diqqətini çəkir. Biz iqtisadi sahədə dünya miqyasında ən sürətli inkişafa nail ola bilmişik. Beynəlxalq mövqelərimiz də möhkəmdir. Ona görə ölkəmizlə fəxr etmək üçün kifayət qədər səbəblər vardır. Bunu nəzərə alaraq, bir daha demək istəyirəm ki, gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda böyüməlidirlər, Vətənə sevgi ilə yaşamalıdırlar.
Əlbəttə ki, bu sahədə həm ailələrin, həm də ki, müəllimlərin çox böyük rolu vardır. Çünki hər bir insanın dünyagörüşü orta məktəblərdə formalaşır. Orta məktəblərdə yaxşı oxuyan uşaqlar adətən ali məktəblərdə də yaxşı oxuyur.
Bu gün təhsil qarşısında duran bir neçə əsas vəzifə əminəm ki, yaxın zamanlarda təmin ediləcəkdir. Ali məktəblərdə təhsilin keyfiyyəti artmalıdır. Peşə məktəblərində yeni vəziyyət yaradılmalıdır. Xüsusilə, iqtisadi inkişafımızı nəzərə alaraq peşə məktəblərinin fəaliyyəti iqtisadi inkişafla uzlaşmalıdır ki, ölkəmiz üçün vacib olan sahələrdə peşəkar kadrlar hazırlansın.
Peşəkar kadrların hazırlanması üçün müxtəlif proqramlar icra edilir. Biz gəncləri xaricə oxumağa göndəririk. Ancaq mən artıq bu barədə öz fikirlərimi bildirmişəm. Bir daha deyirəm, istəyirəm Azərbaycanda təhsilin səviyyəsi o qədər yüksək olsun ki, xaricə getməyə ehtiyac qalmasın. Bu da həm müəllimlərdən, həm dövlət rəhbərliyindən, eyni zamanda, təhsil sistemində çalışan bütün insanlardan və əlbəttə ki, uşaqlardan asılıdır. Uşaqlar da məktəbdə yaxşı oxumalıdırlar. Müəllimlərin sözünə baxmalıdırlar. Çünki bu, ilk növbədə onlar üçün, onların gələcəyi üçün lazımdır.
Biz isə çalışacağıq ki, bütün məktəbləri bax, belə gözəl vəziyyətə gətirib çıxaraq, eyni zamanda, təhsillə bağlı bütün digər məsələləri həll edək.
Bir daha sizi ürəkdən təbrik edirəm. Sizə uğurlar arzulayıram.
X X X
Məktəbin direktoru Zemfira SƏMƏDOVA çıxış edərək dedi:
- Hörmətli cənab Prezident.
Bütün kollektivimiz adından Sizə öz minnətdarlığımızı bildiririk. Bu gün bizim məktəbi tarixə qovuşduran bir gündür. Sizin bu qədər işiniz olduğu bir zamanda vaxt tapıb bizimlə görüşə gəlmisiniz, biz bunu bütün kollektivimizə, özümüzə böyük şərəf bilirik, çox sevinc hissi duyuruq. Sizin təhsilə olan qayğınızın nəticəsində az bir müddətdə bizə belə bir gözəl məktəb bəxş etmisiniz. Buna görə Sizə bütün kollektiv adından ürəkdən, min dəfələrlə təşəkkür edirik.
Cənab Prezident, həm Sizin, həm də Mehriban xanımın fəaliyyəti həmişə bizi ruhlandırır. Biz müəllimlər bu gün çalışırıq ki, Siz dediyiniz kimi vətənpərvər vətəndaşlar formalaşdıraq.
Hörmətli cənab Prezident, eyni zamanda, çalışırıq ki, gənclərimiz Sizin kimi Vətəni sevən, çalışqan olsunlar. Gənc nəsil gələcəyin qurucularıdır. Onlar gələcəyimizi, bir sözlə, Azərbaycanın gələcəyini təmin edən, dövlətçiliyimizin, müstəqilliyimizin əbədiliyin qoruyan nəsildir.
Bir daha sizə təşəkkür edirik. Çox sağ olun.
Prezident İlham ƏLİYEV: Sağ olun.
X X X
Sonda xatirə şəkli çəkdirildi.