Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
14 sentyabr 2013, 18:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsil sahəsində ən yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş tələbələr üçün Prezident təqaüdünün məbləği artırılaraq, 2013-cü il sentyabrın 1-dən 165 (yüz altmış beş) manat müəyyən edilsin.
2. “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanının 1-ci hissəsində “150 (yüz əlli)” sözləri “165 (yüz altmış beş)” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 sentyabr 2013-cü il.