logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Masallı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Text size icon-size icon-size

11 sentyabr 2013, 19:05

Son on ildə Masallı rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Olimpiya İdman Kompleksi, Regional Boks və Taekvondo İdman Mərkəzləri, əlil və şəhid ailələri üçün ümumilikdə 76 mənzilli 3 yaşayış binası, Gənclər Mərkəzi inşa edilmiş, rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, təhsil və digər sosial yönümlü obyektlər istifadəyə verilmiş, iri istehsal və emal müəssisələri açılmış, yeni avtomobil yolları çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Masallı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə sakinlərin müraciətlərini nəzərə alaraq Uşaq İncəsənət Məktəbi və Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binaların tikintisi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Masallı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Masallı Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 2,0 (iki) milyon manat, Uşaq İncəsənət Məktəbinin yeni binasının tikintisi üçün 2,0 (iki) milyon manat, Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının tikintisi üçün 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğlərdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 sentyabr 2013-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi