İlham Əliyev Gədəbəydə “Azerbaijan International Mining Company Limited” şirkətinin yeni zavodunun açılışında iştirak etmişdir
10 sentyabr 2013, 19:50
Prezident İlham Əliyev Gədəbəydə “Azerbaijan International Mining Company Limited” şirkətinin yeni zavodunun açılışında iştirak etmişdir.
Bildirildi ki, yeni zavodun tikintisinə ötən il başlanılmış, bu ilin iyununda başa çatdırılmışdır. Zavodda saatda 100-150 ton filiz emal olunur. Köhnə zavodda filizin tərkibindən 70 faiz qızıl alınırdısa, yeni müəssisədə bu göstərici 85 faiz təşkil edir. Bu zavodda sulfidli filiz emal olunacaqdır ki, köhnə müəssisədə bu proses həyata keçirilə bilmirdi. Yeni müəssisənin fəaliyyəti nəticəsində ətraf mühitə kimyəvi maddələrin yayılmasının təsiri azalacaqdır. Bu məqsədlə anbar tikilmiş və tullantıların oraya axıdılması üçün xüsusi mühafizə olunan boru xətti çəkilmişdir.
İstehsal prosesini izləyən dövlətimizin başçısına məlumat verildi ki, zavodda istifadə olunan texnologiyalar xaricdən gətirilmişdir. Emal prosesində istifadə olunan aşındırma sistemi Avstraliya, çökdürmə sistemi isə Cənubi Afrika Respublikasının istehsalıdır. Köhnə zavodda çökdürmə prosesi açıq havada aparılırdısa, yeni müəssisədə bu əməliyyat qapalı çənlərdə həyata keçirilir. Yeni müəssisənin tikinti sahəsi 14,4 min kvadratmetrdir. Burada 32 min unsiya qızıl istehsalı nəzərdə tutulmuşdur.
Bildirildi ki, Gədəbəy yatağı hələ qədim dövrlərdən məlum olmuş, dəfələrlə mis və nəcib metalların çıxarılması məqsədilə istismar edilmişdir. 1864-1917-ci illərdə yataqda müvafiq qaydada dağ-mədən işləri aparılmışdır. Həmin dövrdə Almaniyanın “Siemens” şirkəti yataqda mis hasilatı ilə məşğul olmuş, təxminən 2 milyon ton filiz çıxarılmışdır. 1997-ci ildə Azərbaycanın “Azərqızıl” Dövlət Şirkəti ilə ABŞ-ın “R.V. İnvestment Group Services LLC” şirkəti arasında Gədəbəy, Qoşa, Ordubad qrupu, Söyüdlü, Qızılbulaq və Vecnəli perspektiv qızıl filizi yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanmışdır. Gədəbəy qızıl-mis layihəsi gəlirdə payı 51 faiz olmaqla Azərbaycan hökuməti ilə birlikdə həyata keçirilir. Payı 49 faiz olan Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti layihəyə rəhbərlik edir. Layihə çərçivəsində ilk zavod 2009-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə fəaliyyətə başlamışdır.
Prezident İlham Əliyev zavodu işə saldı.
Azərbaycan Prezidenti müəssisədə yaradılmış şəraiti yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi.