İlham Əliyev Lənkəran-Vilvan-Osaküçə-Türkəncil avtomobil yolunun açılışında iştirak etmişdir
05 sentyabr 2013, 21:50
Prezident İlham Əliyev Lənkəran-Vilvan-Osaküçə-Türkəncil avtomobil yolunun açılışında iştirak etmişdir.
Avtomobil yolunun sxematik planı ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, uzun illər təmir edilməyən bu yol yararsız vəziyyətə düşmüşdü. Qısa müddətdə tamamilə yenidən qurulan yol əhalinin gediş-gəlişini xeyli asanlaşdıracaqdır.
Yolun yenidən qurulmasına Azərbaycan Prezidentinin 2012-ci il 8 iyun tarixli Sərəncamına əsasən dövlət büdcəsindən ilkin olaraq 4 milyon manat ayrılmışdır. 40 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Lənkəran-Vilvan-Osakücə-Türkəncil avtomobil yolunun 26,8 kilometrlik hissəsi yenidən qurulmuşdur. Yolun 22,7 kilometrinə 154,8 min kvadratmetr asfalt örtüyü döşənmiş, 4,1 kilometrində isə torpaq bərkidilmiş və üstünə çınqıl qatı salınmışdır.
Bildirildi ki, tikintisi “Lənkəranyol tikinti” ASC tərəfindən aparılan yolun inşasına 2012-ci ilin may ayında başlanılmış, 2013-cü ilin avqustunda başa çatdırılmışdır. Üçüncü texniki dərəcəli yolun yenidən qurulması zamanı altı körpü təmir olunmuş, iki suötürücü boru quraşdırılmışdır.
Prezident İlham Əliyev görülən işlərdən razı qaldığını bildirdi.