İlham Əliyev Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə avtomobil yolunun açılışında iştirak etmişdir
04 sentyabr 2013, 23:50
İlham Əliyev Astara rayonuna səfəri çərçivəsində Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə avtomobil yolunun açılışında da iştirak etmişdir.
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyevə məlumat verildi ki, 2013-cü il 15 iyul tarixli müvafiq Sərəncam ilə Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə və Siyaku-Rinə avtomobil yollarının inşasına 3,3 milyon manat vəsait ayrılmışdır. Ümumi smeta dəyəri 2 milyon 680 manat olan Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə avtomobil yolunun tikintisinə cari ilin aprelində başlanmış və bu günlərdə başa çatdırılmışdır. Yolun uzunluğu 13,5 kilometr, asfalt örtüklü hərəkət hissəsinin eni isə 6 metrdir. Yol boyunca 1 körpü və 20 su ötürücüsü tikilmişdir.
Bildirildi ki, Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə avtomobil yolu 24 min nəfər əhalisi olan 17 yaşayış məntəqəsini əhatə edir.
Yeni yolla tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.