İlham Əliyev Masallıda Mədəniyyət Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak etmişdir
04 sentyabr 2013, 23:20
Prezident İlham Əliyev Masallıda Mədəniyyət Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak etmişdir.
Dövlətimizin başçısına məlumat verildi ki, Mədəniyyət Mərkəzi 1956-cı ildə inşa olunmuşdur. Bu mədəniyyət ocağı istismarda olduğu müddətdə əsaslı təmir edilməmişdir. Ümumi sahəsi 7300 kvadratmetr olan bina üçmərtəbəlidir. Rayonun bu əsas mədəniyyət ocağının əsaslı təmirinə 2011-ci ildən başlanılmışdır. Tikinti işləri Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə həyata keçirilmişdir.
Mərkəzin foyesində ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə qayğısından bəhs edən fotoguşə yaradılmışdır. Burada Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına, bu sahədə böyük əmək sərf edən insanlara diqqət və qayğısını əks etdirən fotolar da toplanmışdır.
Dövlətimizin başçısının Masallıya ötən səfərindən sonra şəhərin inkişafı məqsədilə imzaladığı Sərəncama uyğun olaraq ayrılan vəsait hesabına yenidən qurulan Mədəniyyət Mərkəzinin binası müasir standartlara cavab verir. 358 yerlik tamaşa salonundan və digər yardımçı otaqlardan ibarət Mədəniyyət Mərkəzinin bütün infrastrukturu tamamilə yenidən qurulmuşdur.
Mərkəzlə tanışlıq zamanı dövlətimizin başçısı rayon incəsənət məktəbi xor kollektivinin ifasını dinlədi.
Prezident İlham Əliyev Masallı ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Mədəniyyət mərkəzi hazırdır. Artıq fəaliyyətə başlayır. Çox şadam ki, yüksək səviyyədə təmir olunub. Keçən dəfə burada olarkən göstəriş verilmişdi ki, bina əsaslı şəkildə təmir olunsun və bu gün artıq hazırdır. Bu da hesab edirəm ki, həm Masallının, həm də Azərbaycan mədəniyyətinin inkişafına növbəti bir töhfədir. Əlbəttə ki, bütün infrastruktur layihələri ilə yanaşı, əlbəttə ki, mədəniyyətlə bağlı olan tədbirlər, obyektlər, mədəniyyət sahəsindəki işlər xüsusi məna daşıyır. Çünki mədəniyyət hər şeyin əsasıdır.
Azərbaycan xalqının çox zəngin mədəniyyəti, tarixi vardır. Biz haqlı olaraq öz mədəniyyətimizlə fəxr edirik. Bu gün Azərbaycan dünyada öz mədəniyyəti, musiqisi, tarixi ilə tanınan bir ölkədir. Dünyanın müxtəlif yerlərində Azərbaycan günləri keçirilir. Azərbaycan mədəniyyətinin nə qədər zəngin olduğunu artıq bütün dünya bilir. Bakıda, eyni zamanda, bölgələrdə, o cümlədən Masallıda müxtəlif mədəni tədbirlər, müsabiqələr keçirilir. Azərbaycan cəmiyyəti həmişə mədəniyyətə çox bağlı olub və bu gün müstəqil Azərbaycan dövləti çox güclü əsaslar – tarixi, mədəni əsaslar, mənəvi dəyərlər üzərində qurulubdur. Ona görə də mədəniyyət mərkəzlərinin, yenidən qurulması böyük əhəmiyyət daşıyır. Yenə də deyirəm ki, bütün başqa layihələrlə bərabər, bu sahədəki işlər də təqdirəlayiqdir.
Son 10 il ərzində mən Masallıda dəfələrlə olmuşam. Bu, mənim səkkizinci səfərimdir. Demək olar ki, hər il gəlirəm və hər il müxtəlif açılışlarda iştirak edirəm. Sevinirəm ki, açılışların sayı artır və vaxtilə verilmiş qərarlar nəticə verir, gözəl səmərə verir. Masallıda son illər ərzində böyük işlər görülmüşdür. Bu gün də bu işlər davam etdirilir. Xüsusilə, rayonun infrastrukturu ilə bağlı layihələr uğurla icra edilir. Yol tikintisi sürətlə gedir, kənd yolları tikilir. Masallıda 100-dən çox kənd vardır. Çox vacib layihədir. Çünki kənd yolu kənddə yaşayan insanlar üçün əsas məsələdir. Biz, əlbəttə ki, ilk növbədə magistral yolların çəkilişi ilə bağlı qərarlarımızı vermişik. İndi isə kənd yollarının çəkilişinin növbəsi gəlib və Masallıda bu layihələr geniş vüsət almışdır. Yaxın aylarda müasir xəstəxana olacaqdır.
Rayonlar bir-birindən fərqlənir. Elə rayon var ki, orada əhalinin əksəriyyəti rayon mərkəzində, şəhərdə yaşayır. Masallıda isə əksəriyyət kəndlərdə yaşayır. Belə olan halda biz şəhəri su ilə təmin edəcəyik. Bəs kəndlər necə olacaq?! O tövsiyələr nəzərə alınmışdır. Bu layihə gələn ilin sonunda başa çatmalıdır və təmiz içməli su veriləcəkdir. Bu da böyük tarixi nailiyyətdir. Çünki ölkəmizdə su mənbələri məhduddur. Əvvəlki dövrlərdə, sovet dövründə də su həmişə problem idi. 1970-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə su kəmərləri çəkilmişdir. O vaxt Azərbaycan əhalisi o qədər də çox deyildi. İndi əhali artır, tələbat da artır. Bir də ki, vaxtilə çəkilmiş xətlər artıq istismar müddətini başa vurur. Belə olan halda yeni layihələrin icrası böyük əhəmiyyət daşıyır. Bu gün ölkəmizin hər yerində içməli su layihələri icra edilir, o cümlədən bu zonada. Bu gün biz Biləsuvarda və Yardımlıda içməli su layihələrinin açılışını qeyd etmişik.
SAKİN: O gün olsun bizdə də olsun.
Prezident İlham ƏLİYEV: Sizdə gələn il olacaq. Hər rayonda, hər şəhərdə. Bütün şəhərlər 100 faiz, kəndlərin də böyük əksəriyyəti ilkin mərhələdə su ilə təmin ediləcəkdir. Bu layihələrin böyük əhəmiyyəti vardır. Çünki su həyat deməkdir. İnsan susuz yaşaya bilməz. Bizim əksər şəhərlərimizdə kanalizasiya ümumiyyətlə ya yox idi, ya da ki yarımçıq vəziyyətdə idi. İçməli su cədvəllə verilir. Bakının müəyyən yerlərində baxmayaraq ki, biz su xətləri çəkirik, bu gün Bakının bir hissəsi yenə də cədvəllə su alır. Ona görə, böyük proqram icra edilir ki, Bakı, bütün şəhərlər, əksər kəndlər içməli su ilə təmin olunsun. İnsanlar bunun xeyrini görəcəklər - həm bugünkü, həm də gələcək nəsil. Çünki insanların sağlamlığı üçün içməli su əsas məsələdir. Masallıda təbiət gözəldir, hava təmizdir, dağlar, meşələr, ərzaq məhsulları keyfiyyətlidir. Yəni, burada təkcə su məsələsi problem yaradır. Bu da güman edirəm ki, gələn ilin sonuna qədər həllini tapacaq və bütün digər sosial layihələr icra ediləcəkdir. Bilirəm ki, hələ də qəzalı vəziyyətdə məktəblər vardır. Onların sayı çox az da deyildir. Onlar da əsaslı şəkildə təmir edilməlidir. Xəstəxana, içməli su, kənd yolları, elektriklə təchizat, qazlaşdırma sizdə yaxşı gedir. Masallı rayonunun bütün kəndləri qazlaşdırılmalıdır.
Bizim regional proqramımızın təməlində məhz bu prinsip dayanır. Çünki regional proqram dedikdə bəziləri hesab edir ki, rayon mərkəzi elə regiondur. Düzdür, amma kənd də, qəsəbə də vardır. Onlar da regiondur. Əlbəttə ki, rayon mərkəzləri, şəhərlər, ilk növbədə, diqqət mərkəzindədir. Ancaq bütün kəndlərdə də yol, qaz, elektrik, su xətləri çəkilməlidir. Əgər belə getsə, burada yaxın illərdə bir dənə də olsun infrastruktur problemi qalmayacaqdır. Bütün məsələlər öz həllini tapacaqdır.
Əlbəttə, bununla bərabər, iqtisadi sahədə islahatlar davam etdirilməlidir. Kənd təsərrüfatının, turizmin inkişafı üçün Masallının potensialı böyükdür. Burada sənaye müəssisələri, iş yerləri yaradılır. Bu işlərə gələcəkdə daha da böyük təkan veriləcəkdir. Çünki hələ görüləsi işlər çoxdur. Biz hələ sizinlə gələcəkdə çox görüşəcəyik. Çünki növbəti açılışlar vardır. Su layihələri, xəstəxananın istifadəyə verilməsi, digər tədbirlər olacaqdır. Bu tədbirlərdə sizinlə bərabər olacağıq.
Sizi bir daha təbrik edirəm.
X X X
Rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş FƏTULLAYEV dedi:
- Cənab Prezident, Sizi bütün masallılılar adından salamlayıram və Sizə “Xoş gəlmisiniz!” deyirəm. Dediyiniz kimi, Masallıda son illər çox işlər görülüb, yaxşı küçələr, parklar salınıb. Başqa rayonlarda görülən bütün işlər burada da görülür. Bu işlər təkcə rayon mərkəzində yox, kəndlərdə də, qəsəbələrdə də görülür. Hazırda kəndlərimizə asfalt yollar, qaz xətləri çəkilir. Elə kəndlərimiz var ki, indiyədək təbii qaz görməmişdi, amma indi təbii qazdan istifadə edir. Mən bir məsələni Sizin diqqətinizə çatdırmaq istəyirəm. Bizim bölgədə Muğan zonası deyilən bir ərazi vardır. Orada 110 min əhali yaşayır. O ərazidə bir çox problemlər həll olunub. Yolu asfaltdır, işığı daimidir, təbii qazı, müasir məktəbi vardır. Lakin onların çoxdandır ki, bir problemləri var - içməli su. Yüz min əhali indiyədək suyu kənardan nəqliyyatla daşıyır. Qədimdə at arabaları ilə, indi isə maşınla daşıyırlar. Tarixən orada su olmayıb. İndi onlar çox sevinirlər ki, dediyiniz kimi, gələn ilin axırında oraya içməli su veriləcəkdir, özü də təmiz bulaq suyu, dünya standartlarına cavab verən su. Buna görə onlar həmişə Sizə, ailənizə, balalarınıza, nəvələrinizə dua edirlər. Çünki bu, onların ən ağrılı yeri idi. Dediyiniz kimi, su həyatdır, təmizlikdir, sağlamlıqdır. Siz bu problemi həll edirsiniz. Bu, Rəhbərin xalqa qayğısıdır. Bu, Prezidentin insanların sosial problemlərinin həlli üçün lazımi olan bütün vasitələrdən istifadə etməsidir. Mən bunun üçün Sizə “Çox sağ olun!” deyirəm. Bu, böyük, müqəddəs işdir.
Hazırda kəndlərimizdə istirahət mərkəzləri yaradılıb. Şəhərdə də bu cür mərkəzlər - Ağsaqqallar klubu, Gənclər mərkəzi yaradılıb. Hətta uşaqlar da nəzərə alınıb. Onlar üçün əyləncə mərkəzləri yaradılıb. Bunlar çox gözəl işlərdir. Siz də, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da mədəniyyətin inkişafına çox böyük diqqət yetirirsiniz. Burada bugünkü çıxışınız bir daha sübut etdi ki, doğrudan da, mədəniyyətə diqqət yetirirsiniz. Bir xalqın mədəniyyəti olmasa, o xalqın heç nəyi ola bilməz. Çox sağ olun. Bizim mədəniyyət sahəsində təcrübəmiz çoxdur. Son iki ildir biz ardıcıl olaraq Beynəlxalq folklor festivalına ev sahibliyi edirik. Bu, Azərbaycanda birinci dəfədir. Özü də xarici ölkələrdən buraya kollektivlər gəlir, bizim folklorumuzu öyrənir, gedib yayırlar. Bu gün Sizin qarşınızda duran bu milli geyimli xanımlar 50 ildən çoxdur ki, xalqa təmənnasız xidmət edirlər.
X X X
Mahmudavar kənd mədəniyyət evinin direktoru Natəvan ƏLİYEVA dedi:
- Cənab Prezident, Sizi mədəniyyət işçiləri adından salamlayıram. Rayonumuza xoş gəlmisiniz. Çalışdığım “Halay” folklor xor kollektivi 1956-cı ildə mənim anam Ümbülbanu Cəbiyeva tərəfindən yaradılıb. Yarandığı gündən bu günə qədər dünyanın bir çox ölkələrində Azərbaycan mədəniyyətini, Azərbaycan folklorunu uğurla göstərə bilmişik. Hər zaman Azərbaycanımıza yüksək mükafatlarla, diplomlarla, fəxri fərmanlarla qayıtmışıq.
Cənab Prezident, hələ 1981-ci ildə Azərbaycanda 30-cu qurultay keçirilib. Qurultayda verilən yüksək konsert proqramında biz iştirak edirdik. Ulu öndərimiz Heydər Əliyev konsert proqramından sonra səhnəyə çıxdı və bizim yanımıza gəldi.
Masallı mədəniyyəti çox zəngindir, çox genişdir. Folklorumuz çox genişdir. Bizim gözəl meydan oyunlarımız, çox gözəl folklor nümunələrimiz vardır. Masallı folkloru haqqında Folklor İnstitutunda ikicildlik kitab hazırlanır. Artıq birinci cild hazırdır, ikinci cild üzərində tamamlanma işləri gedir.
X X X
Prezident İlham ƏLİYEV: Sağ olun. Yaxşı olar ki, sizin kollektivləriniz Azərbaycanın müxtəlif şəhərlərində konsertlər versin. Çünki indi belə gözəl mədəniyyət mərkəzləri hər yerdə vardır. Hər bir bölgədə gözəl, müasir mədəniyyət mərkəzləri vardır. Bölgələr arasındakı əlaqələr daha da sıx olmalıdır. Çünki indi bizim mədəniyyətimiz çox zəngindir, çoxşaxəlidir, müxtəlifdir. Müxtəlif yerlərdə yaşayan insanların öz ənənələri, öz tarixi vardır. Yaxşı olar ki, sizin kollektiviniz Bakıda, başqa şəhərlərdə daha tez-tez çıxış etsin. Eyni zamanda, xaricə də qastrollara çıxsın ki, bu gözəl sənət tanınsın. Çünki burada bu mədəniyyətlə bağlı biz fikirlərimizi bölüşürük. Bir daha demək istəyirəm ki, bu, əsasdır. Hər bir dövlətin, hər bir xalqın əsasıdır.
Azərbaycan uzun illər, əsrlər boyu başqa dövlətlərin tərkibində yaşamışdır. Ancaq öz milli xüsusiyyətlərini itirməmişdir. Nəyə görə? Ona görə ki, mədəniyyət, incəsənət güclü olub və Azərbaycan xalqı öz mədəniyyətinə həmişə bağlı olubdur. Bu gün müstəqillik dövründə əlbəttə ki, bu sahədə daha da ciddi addımlar atılmalıdır. Çox vacib məsələ ondan ibarətdir ki, gənc nəsil də bizim milli mədəniyyətə maraq göstərsin. Çünki indi dünyada qloballaşma meylləri gedir. On il bundan əvvəl demək olar ki, ictimaiyyətin əksəriyyəti bunu alqışlayırdı, indi bu məsələlərə daha da real baxışlar üstünlük təşkil edir. Qloballaşma əlbəttə ki, zəmanənin tələbidir. Amma qloballaşma adı altında milli dəyərlər gərək itməsin, biz onu gərək itirməyək.
Gənclər milli ruhda tərbiyə almalıdırlar - vətənpərvərlik ruhunda, milli ruhda. Onlar öz ənənələrinə sadiq olmalıdırlar, öz incəsənətini yaşatmalıdırlar. Bu, nadir bir sənətdir. Bunu siz yaşadırsınız və sizdən sonra gələn nəsil də bunu davam etdirməlidir.
Qardaş Fətullayev: Son günlərdə müəllimlərin, həkimlərin, mədəniyyət işçilərinin maaşlarını, təqaüdçülərin təqaüdlərini artırdığınıza görə Sizə təşəkkür edirəm. Bu, bütün insanlarda ruh yüksəkliyi yaradıb. Həmin insanlar adından Sizə təşəkkürümü bildirirəm.
Prezident İlham ƏLİYEV: Sağ olun. Maaşlar vaxtaşırı artırılır, pensiyalar da artırılır. Bu artım da xüsusi məna daşıyır, çünki dünyada indi maaşlar artmır, əksinə kəsilir, azaldılır, ixtisara düşür. İş həftəsi, pensiya müddəti artırılır, maaşlar kəsilir, iş yerləri kəsilir. Bəzi inkişaf etmiş ölkələrdə işsizlik 30 faizə çatmışdır. Ancaq Azərbaycan çox nadir ölkələrdəndir ki, hətta bu illərdə də maaşlar, pensiyalar artırılır. Bu son artım 3 milyon insana şamil ediləcəkdir, pensiyaçılarla bərabər. Əgər desəm ki, indiki dövlət işində işləyənlərin maaşı bizi qane edir, yəqin ki, düz olmaz. Ancaq dinamika, artım vardır. Azərbaycan iqtisadiyyatı gücləndikcə əlbəttə ki, bu artımlar daha da təsirli olacaqdır. Ancaq hər şey müqayisədə ölçülür. MDB məkanında orta maaş və orta pensiyanın həcminə görə Azərbaycan qabaqcıl yerlərdədir.
Əsas odur ki, sosial məsələlər daim diqqət mərkəzindədir. Bax bu mədəniyyət mərkəzinin açılışı sosial layihədir, içməli su sosial layihədir, kənd yolu, xəstəxana sosial layihədir. Görülən bütün işlərin hamısı sosialyönümlüdür. Bütün bu işlərə böyük vəsait tələb olunur. Azərbaycan bildiyiniz kimi, o ölkələrdəndir ki, öz hesabına yaşayır, heç kimdən, heç bir başqa dövlətdən, beynəlxalq maliyyə qurumundan asılı deyildir. Əksinə, biz indi özümüz bəzi beynəlxalq maliyyə qurumlarına kreditlər veririk.
Yəni, biz bu səviyyəyə çatmışıq. Ona görə biz bütün işləri öz hesabımıza edirik. Bu gün böhran içində olan ölkələrdə dövlət borcu onların ümumi daxili məhsulunun 100 faizindən çoxdur - 150 faiz, 180 faiz vardır. Yəni, ölkədə il ərzində istehsal olunan məhsullar dövlət borcundan azdır. Yəni, borc o qədər böyükdür ki, bütün iqtisadi artım onu ödəmir. Azərbaycanda isə xarici dövlət borcu ümumi daxili məhsulun 7 faizini təşkil edir. Yəni, bu, dünyada çox nadir hallarda müşahidə olunan bir məsələdir. Yəni, biz nəinki öz hesabımıza yaşayırıq, bizim, eyni zamanda, böyük ehtiyatımız vardır. İndi bizə müxtəlif yerlərdən təkliflər gəlir ki, kredit versinlər. Biz isə istəmirik, hər şeyi özümüz edirik.
Masallı rayonu da Azərbaycanın ümumi inkişafında həmişə xüsusi yer tutur. Burada vətənpərvər insanlar yaşayır. Sizi bir daha ürəkdən salamlayıram.
X X X
Qafqaz Müsəlmanları İdarəsinin qazısı Mirqiyas TƏHMƏZOV dedi:
- Cənab Prezident, ulu öndər Heydər Əliyevin çəkdiyi o zəhmət bu gün bəhrəsini verir. Siz onun davamçısısınız. Mən həmişə tədbirlərdə deyirəm ki, bizim hamımızın üzərində ulu öndər Heydər Əliyevin haqqı vardır. Ümummilli Lider bizim üçün iki əmanət qoyub - biri canlı, o biri cansız əmanətdir. Canlı əmanət Sizsiniz. Cansız əmanət isə bizim müstəqilliyimizdir. Biz rəhbərimiz, böyüyümüz kimi hər zaman Sizin arxanızdayıq. Sizə çox böyük minnətdarlıq edirəm. Həzrəti Peyğəmbərə sual verdilər ki, ya Rəsul Allah, ən qiymətli yer haradır? Peyğəmbər dedi ki, ən qiymətli yer məktəbdir. Dedilər ya Rəsul Allah, məsciddən də qiymətlidir? Dedi bəli. Dedilər Məkkədən, Minbərdən də? Dedi bəli. Çünki məktəb bizim gələcəyimizi yetişdirir. Minbərdə oturan, moizə edən alim də məktəbdə yetişib. Məkkəyə gedən də məktəbdə yetişib gedir. Siz ki, Mehriban xanımla birlikdə mədəniyyətimizə, təhsilimizə, məktəblərə, universitetlərə, ziyalılarımıza bu qədər qiymət verirsiniz mənim cəddim xatirinə, Peyğəmbər xatirinə Allah Sizə yar olsun, Allah Sizə uzun ömür, cansağlığı versin. Eşitdik ki, bizim Heydər balamız instituta daxil olub, ona görə də Sizi təbrik edirik. Bu nəsil bizə həmişə lazımdır. Heydər balamıza da Allah cansağlığı versin. O gün olsun ki, bu görüşü biz Qarabağda - Şuşada, Xankəndidə keçirək, sevincimiz daha da artsın. Çox sağ olun.
X X X
Sonra “Halay” folklor kollektivi “Ay lolo” xalq mahnısını ifa etdi.
X X X
Sonda xatirə şəkilləri çəkdirildi.