İlham Əliyev Salyanda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir
04 sentyabr 2013, 13:00
Prezident İlham Əliyev Salyanda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Yenidən Salyanda olmağımdan çox şadam. Son illər ərzində mən dəfələrlə Salyan rayonunda olmuşam. Bu, mənim Prezident kimi yeddinci səfərimdir. Çox şadam ki, Salyanda işlər yaxşı gedir, şəhər abadlaşır, gözəlləşir, bütün küçələrdə abadlıq işləri görülür, binalar təmir olunur, gözəl binalar tikilir. Bu gün biz Heydər Əliyev Mərkəzinin açılışını qeyd edirik.
Gözəl, möhtəşəm binadır. Əlbəttə ki, bu mərkəzlərin yaradılması, ilk növbədə, xalqımızın Ulu Öndərinin xatirəsinə olan hörmətinin əlamətidir. Eyni zamanda, bu mərkəzlərdə müxtəlif tədbirlər keçiriləcək, dərnəklər fəaliyyət göstərəcəkdir. Yəni, bu mərkəzlər yaşayacaq və vətəndaşlar da mərkəzlərin imkanlarından istifadə edəcəklər.
Bu il biz Ulu Öndərin 90 illik yubileyini qeyd etdik, eyni zamanda, Qurtuluş gününün 20-ci ildönümünü də. Bu şanlı tarixə bir daha nəzər salaraq görürük ki, ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının formalaşmasında xüsusi xidmətləri olmuşdur. Məhz onun fəaliyyəti nəticəsində bu gün Azərbaycan inkişaf edir.
Azərbaycan sabit, inkişafda olan ölkədir. Biz Ulu Öndərin qoyduğu yolla gedirik və bu yol inkişaf, tərəqqi yoludur. Son 10 il ərzində biz bu yolda böyük nailiyyətlərə imza atmışıq. Biz bunu Salyan rayonunun timsalında da görürük. Salyan son illər ərzində böyük inkişaf yolu keçmişdir. Qeyd etdiyim kimi, abadlıq işləri görülür, binalar tikilir, küçələr abadlaşır, eyni zamanda, infrastruktur layihələri də icra edilir. Qazlaşdırma işləri yaxşı gedir, rayon təxminən 60-70 faiz qazlaşdırılmışdır. Ancaq əlbəttə, qarşıya məsələ qoyulubdur ki, Salyanın bütün kəndləri 100 faiz qazlaşdırılsın. Buna imkan vardır, biz bunu yaxın gələcəkdə edəcəyik.
İçməli su-kanalizasiya layihələrinin icrası nəzərdə tutulur. Əgər hər şey proqram üzrə gedərsə, gələn ilin sonuna qədər bu problem də öz həllini tapacaqdır. Bilirəm ki, bu, çox ciddi, vətəndaşları narahat edən problemdir. İçməli su fasilələrlə, qrafiklə verilir. Bildiyiniz kimi, indi ölkəmizin bütün bölgələrində bu böyük layihələr icra edilir, o cümlədən Salyan rayonunda. Dediyim kimi, gələn ilin sonuna qədər bu məsələ tam şəkildə həll olunacaq və 24 saat keyfiyyətli içməli su veriləcəkdir.
Mənə indi verilən məlumata görə, bir neçə məsələ var ki, insanları narahat edir, öz həllini gözləyir. Biz onu da həll edəcəyik. Kür çayı üzərində körpünün tikintisi məsələsi vardır. Bu da, əlbəttə ki, öz həllini tapmalıdır. Son illərdə Azərbaycanda 150-dən çox körpü tikilmişdir, həm Bakıda, həm bölgələrdə. Bu körpülərin tikintisi, ilk növbədə, insanların rahatlığı üçündür. Əlbəttə ki, nəqliyyat infrastrukturunun yaradılması, yeniləşməsi çox vacib məsələdir. İndi Bakı-Salyan avtomobil yolu tikilir.
Onun bir hissəsi artıq hazırdır. Qalan hissə də tikiləcəkdir və bütünlükdə Bakıdan Astaraya qədər - sərhədə qədər yeni dördzolaqlı yolun tikintisi həll ediləcəkdir. Körpünün tikintisi də əlbəttə ki, böyük əhəmiyyətə malik olan məsələdir. Bu, öz həllini tapacaqdır.
Digər məsələ Şirvan-Salyan avtomobil yolunun tikintisidir. Bu məsələ də öz həllini tapacaqdır. Güman edirəm ki, gələn ilin investisiya proqramında hər iki məsələ öz əksini tapmalıdır. Vəsait ayrılacaq və bu məsələlər öz həllini tapacaqdır.
Eyni zamanda, hələ ki, qəzalı vəziyyətdə olan məktəblər vardır. Baxmayaraq ki, son illərdə bir çox məktəblər əsaslı şəkildə təmir edilib, hər bir rayonda, o cümlədən burada qəzalı vəziyyətdə məktəblər vardır. Bu məsələlər də öz həllini tapacaqdır.
Əlavə hər hansı görüləsi işlər varsa, siz mənə deyin, onları da həll edək. Mənim bölgələrə səfərlərimin əsas səbəbi bundan ibarətdir, vəziyyətlə tanış olum, görüm əlavə nə işlər görülməlidir ki, insanlar daha da razı olsunlar.
SAKİNLƏR: Çox sağ olun, minnətdarlığımızı bildiririk. Sizin sayənizdə işlər çox gözəl gedir.
XX X
Əməkdar Müəllim Yaqut ƏLƏSGƏROVA Salyanın inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edərək dedi:
- Hörmətli cənab Prezident, Sizi rayon ictimaiyyəti adından ürəkdən salamlayıram. Salyana xoş gəlmisiniz deyirəm.
Salyanlılar Sizin gəlişinizi səbirsizliklə, intizarla gözləyirdilər. Bu gün Salyan bayram əhval-ruhiyyəsindədir. Sevinc hissi ilə bildirirəm ki, bu gün ulu öndərin, dahi şəxsiyyətin adını daşıyan Heydər Əliyev Mərkəzinin açılışındayıq. Bu Mərkəzin açılması salyanlıların ürəyincədir. Çünki burada bizim ziyalılarımız, gənclərimiz öz potensial imkanlarını artıracaq, istək və arzularını həyata keçirəcək və istirahət edəcəklər. Buna görə Sizə minnətdarlığımı bildirirəm. Bu, bizi çox sevindirir.
Cənab Prezident, hər bir azərbaycanlı bilir ki, Ulu Öndər Azərbaycan Respublikasına rəhbərlik etdiyi müddətdə öz fəaliyyətini müstəqil Azərbaycanın yaradılmasına sərf edib. Onun atdığı addımlar, irəli sürdüyü ideyalar hər bir azərbaycanlının qəlbində böyük, dərin iz buraxıb. Siz Ulu Öndərin layiqli davamçısı olaraq onun ideyalarını davam etdirirsiniz. Bu, Sizin apardığınız siyasətin nəticəsidir. Biz fəxr edirik ki, belə gözəl bir respublikada yaşayırıq. Siz Salyana son səfəriniz zamanı qeyd etmişdiniz ki, Salyan Azərbaycanın ən gözəl rayonlarından birinə çevriləcəkdir. Bu, artıq reallıqdır və bizi həddindən artıq sevindirir. Biz Sizi sevirik. Biz Sizinlə fəxr edirik, qürur duyuruq. Ona görə ki, Sizin Salyana diqqət və qayğınız həmişə olub və olacaqdır. İndi Salyanda yeni-yeni obyektlər həyata vəsiqə alır. Vaxtınızın məhdud olmasına baxmayaraq, bu obyektlərin hamısının açılışında bizimlə birgə iştirak etmisiniz, əziz Prezidentimiz. Rayon ictimaiyyəti adından Sizə cansağlığı, uzun ömür arzulayıram. Sonda bildirirəm ki, salyanlılar Sizinlə olub, Sizinlədir və Sizinlə olacaqlar.
X X X
Əməkdar Mədəniyyət İşçisi Yavər CƏBRAYILOV dedi:
- Cənab Prezident! Siz salyanlılara, nəinki salyanlılara, bütün azərbaycanlılara çox yüksək diqqət və qayğı ilə yanaşırsınız. doğma Vətənimizi, Azərbaycanı ürəkdən sevən bir oğul kimi Sizə bütün ziyalılarımız adından, bütün Salyan camaatı adından böyük təşəkkür edirik. Həmişə yolunuz uğurlu olsun, həmişə yolunuz böyük uğurlara doğru getsin.
SAKİNLƏR: Bir daha xoş gəlmisiniz, hörmətli Prezidentimiz.
Prezident İlham ƏLİYEV: Sağ olun. Hələ görüşlərimiz çox olacaqdır. Salyanda açılışlar gözlənilir. Burada qeyd edildiyi kimi, biz əvvəlki illərdə də bir neçə tədbirin açılışında bərabər olmuşuq - Olimpiya Mərkəzi, xəstəxananın təmiri, digər layihələr. Bu gün biz gözəl bir Mərkəzin açılışında bərabərik. Hələ görüləsi işlər var, baxmayaraq ki, çox işlər görülüb. Bu işlərin görülməsi üçün bütün imkanlar vardır. Azərbaycan son illərdə dünyada ən sürətlə inkişaf edən ölkədir. Bizim imkanlarımız da vardır, büdcəmiz də artır, investisiya proqramımız da kifayət qədər böyükdür. Əsas odur ki, biz bütün mövcud olan problemləri bilirik və onları ardıcıllıqla həll edirik.
SAKİNLƏR: Çox sağ olun.
Prezident İlham ƏLİYEV: Buraya gəlməzdən əvvəl mənə verilən arayışda, bax bu körpünün tikintisi, Şirvan-Salyan yolunun yenidən qurulması, məktəblərin tikintisi, bütün bu məsələlər vardır. Növbəti ilin investisiya proqramında bu məsələlər öz həllini tapacaqdır. Beləliklə, mövcud olan problemlərin hamısı aradan götürüləcəkdir.
SAKİNLƏR : Çox sağ olun, Allah Sizə cansağlığı versin.
Prezident İlham ƏLİYEV: Bir daha sizi ürəkdən salamlayıram, cansağlığı arzulayıram.
SAKİNLƏR: Çox sağ olun.
X X X
Sonra xatirə şəkli çəkdirildi.
X X X
Daha sonra Prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, Mərkəzin inşası 2011-ci ilin dekabrında başlanmış və bu ilin avqustunda başa çatdırılmışdır. İnşaat işləri rayonun daxili imkanları hesabına həyata keçirilmişdir. Mərkəzin 10 otaqdan ibarət üçmərtəbəli binasının ümumi sahəsi 626 kvadratmetrdir.
Azərbaycan Prezidenti Mərkəzdə yaradılan şəraitlə tanış oldu.
Binanın birinci mərtəbəsində sərgi zalı, inzibati otaqlar yerləşir. Foyedə ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Burada Ulu Öndərin və Prezident İlham Əliyevin Salyana səfərlərini əks etdirən fotoguşələr vardır. Foyedə, həmçinin dahi rəhbər Heydər Əliyevə həsr olunan videoçarx da nümayiş olunur.
Mərkəzin ikinci mərtəbəsində sahəsi 457 kvadratmetr olan sərgi zalındakı stendlərdə Ulu Öndərin uşaqlıq, Naxçıvanda təhsil aldığı dövrləri, Dövlət Təhlükəsizlik Komitəsində, eləcə də Moskvada çalışdığı illəri əks etdirən şəkilləri, həmçinin görkəmli dövlət xadiminə həsr olunmuş nəşrlər, Ümummilli Liderin diplomları və tərifnamələrinin surətləri nümayiş olunur.
Mərkəzin üçüncü mərtəbəsində isə rəqs studiyası, rəsm otağı, elektron kitabxana, xarici dil mərkəzi, şahmat dərnəyi, kompyuter və informatika kabineti, fotostudiya vardır.
Prezident İlham Əliyev Mərkəzdə yaradılmış şəraitdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi