İlham Əliyev Bakıya gətirilmiş kommunal xidmət göstərən nəqliyyat növlərinə baxış keçirmişdir
19 oktyabr 2010, 19:29
Respublikada kommunal nəqliyyat xidmətinin səviyyəsinin yaxşılaşdırılması məqsədilə dövlətimizin başçısının tapşırığına əsasən Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ayrılmış vəsait hesabına paytaxta kommunal xidmət göstərəcək müxtəlif nəqliyyat növləri gətirilmişdir. Prezident İlham Əliyev yeni nəqliyyat növlərinə baxış keçirmişdir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yeni texnikalar barədə dövlət başçısına məlumat verdi. Bildirildi ki, paytaxtda və eləcə də bölgələrdə kommunal nəqliyyat xidmətinin təkmilləşdirilməsi məqsədilə ölkəyə 8 növdə 265 müxtəlif texnika gətirilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı avtomobillərin texniki göstəriciləri və imkanları barədə danışdı. Qeyd olundu ki, yeni avtomobillərin 67-si “KamAZ-43253” şassisi üzərində “KO-515A” markalı vakuum avtomobili, 36-sı “4K” markalı zibildaşıyan avtomobil, 22-si “D-06” markalı sudaşıyan və yolyuyan avtomobil, 17-si yükünü özüboşaldan “KamAZ” avtomobilidir. Dövlət başçısı Gəncə avtomobil zavodunun istehsalı olan texnikalara da baxdı. Bildirildi ki, bu texnikadan paytaxta 67 ədəd gətirilib. Özüsüpürən və yükləyən funksiyası olan bu maşınlar küçələrdə təmizlik işləri aparmaq üçün əlverişli texniki imkanlara malikdir. Bundan əlavə, gətirilmiş 24 zibildaşıyan və 11 yükünü özüboşaldan avtomobillər də müasir texniki imkanları ilə fərqlənir. Paytaxta, həmçinin Fransadan “İmprotex Trusks Buses” MMC-yə məxsus çoxfunksiyalı 21 teleskopik yükləyicinin də gətirildiyi bildirildi. Yeni texnikalarla yanaşı, ölkəyə bu texnikaların ehtiyat hissələrinin də gətirildiyi qeyd olundu.
Texnikalarla yaxından tanış olan dövlət başçısı paytaxtda və bölgələrdə kommunal xidmətin səviyyəsinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verdi.