İlham Əliyev Ağcabədidə “Aqat–aqro” heyvandarlıq kompleksinin açılışında iştirak etmişdir
29 avqust 2013, 23:50
Prezident İlham Əliyev Ağcabədidə “Aqat–aqro” heyvandarlıq kompleksinin açılışında iştirak etmişdir.
Məlumat verildi ki, “Aqat-aqro” heyvandarlıq kompleksi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsinin bəhrəsidir. Ağcabədi rayonunun Ağabəyli kəndində yaradılan kompleksin ümumi sahəsi 50 hektardır.
Kompleks üç min başlıq iribuynuzlu heyvandarlıq və iki min başlıq keçi təsərrüfatından ibarətdir. Ümumi dəyəri 21 milyon manat olan iribuynuzlu heyvandarlıq kompleksinin yaradılmasına İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 7,5 milyon manat, dəyəri 5 milyon manat olan keçi təsərrüfatının yaradılmasına isə 3,5 milyon manat güzəştli kredit verilmişdir. İribuynuzlu heyvandarlıq kompleksi müasir ferma avadanlığı – avtomatik yönləndirmə və yemləmə sistemləri, birdəfəyə 40 baş inəyin sağılmasına imkan verən karusel tipli avadanlıq, soyutma sistemləri və s. ilə təchiz edilmişdir.
Prezident İlham Əliyev inəklərin sağım prosesini izlədi.
Qeyd olundu ki, kompleksə hər biri gündəlik 25 litrdən çox südvermə qabiliyyətinə malik 1500 baş “Holstein Friesian” cinsindən olan inəklər gətirilmişdir. İndi heyvanların sayı 2600 başa çatdırılmışdır. Payız aylarında əlavə 600 baş cins damazlıq heyvanın gətirilməsi nəzərdə tutulmuşdur. Bir neçə ildən sonra heyvanların baş sayı 10 minə çatdırılacaqdır.
Kompleksdə illik 22,8 min ton süd istehsalı nəzərdə tutulur ki, bu da illik emal gücü 90 min ton olan “Atena” süd emalı zavodunun xammala tələbatının təmin edilməsinə imkan verəcəkdir.
Müəssisənin hazır məhsullarına baxan Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, gələcəkdə “Atena” zavodu Fransanın “Danone” şirkəti ilə birgə süd məhsulları istehsal edəcəkdir. Həmin məhsulların xarici ölkələrə ixracı da nəzərdə tutulur.
Elektromobillə müəssisənin ərazisini gəzən dövlətimizin başçısına keçi təsərrüfatı barədə də məlumat verildi. Bildirildi ki, 8 ferma, sağım və yem sexindən ibarət olacaq 2 min başlıq cins damazlıq keçi təsərrüfatında artıq 6 ferma istifadəyə verilmişdir.
Hollandiyadan məhsuldarlığı və südünün keyfiyyətinə görə ən yüksək göstəricilərə malik “SAANEN” cinsindən olan 1000 baş keçi alınmış və yaxın günlərdə təsərrüfata gətiriləcəkdir. İlin sonunadək əlavə 2 min baş cins damazlıq keçi də alınacaqdır. Yerli iqlimə asanlıqla uyğunlaşan, diri çəkisi 50-55 kiloqram, südünün yağlılığı 3-3,5 faiz və südvermə dövrü 300 gün olan bu keçilərdən gündəlik 3-4 litr süd sağılır. Tərkibinə görə ana südünə ən yaxın olan keçi südü kalsium, maqnezium, vitaminlər və digər minerallarla zəngindir. Allergiya riski olmaması, qastrit, mədə-bağırsaq xəstəliklərinə qarşı müalicəvi effekti olması keçi südünün əsas üstünlüklərindən sayılır.
Qeyd edildi ki, heyvandarlıq kompleksində 95 nəfər daimi iş yeri ilə təmin olunmuşdur. Keçi təsərrüfatında isə 60 nəfər daimi işçi çalışacaqdır. Təsərrüfat tam istifadəyə verildikdən sonra isə işçilərin sayının 100-dək artırılacağı nəzərdə tutulur.
Bildirildi ki, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına Ağcabədi rayonu üzrə 534 sahibkara 28,8 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 2010 yeni iş yerinin yaradılacağı nəzərdə tutulur.
Azərbaycan Prezidentinə Ağcabədi və Beyləqan rayonlarının ərazisində yaradılan özəl pilot taxılçılıq təsərrüfatının əvvəlki və hazırkı vəziyyətini əks etdirən stendlər də təqdim olundu.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verdi ki, dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq Ağcabədi və Beyləqan rayonlarında 4,8 min hektar qış otlaq sahələrində özəl pilot taxılçılıq təsərrüfatı yaradılmışdır. Təsərrüfatda dövlət investisiyaları hesabına su və enerji təminatı yaratmaq məqsədilə 10,7 kilometr Yuxarı Mil kanalı, 10 kilometr yüksəkgərginlikli elektrik xətləri çəkilmiş, ərazi boşaldılaraq sahibkara 49 il müddətinə müsabiqə yolu ilə icarəyə verilmişdir. Həyata keçirilən layihənin ümumi dəyəri 27,6 milyon manatdır. Bunun 17,6 milyon manatı sahibkarın vəsaiti, 10 milyon manat isə dövlətin güzəştli krediti təşkil edir. Təsərrüfatda ABŞ-ın “John Deere” şirkətinin müasir texnika və aqreqatları, kombaynları ilə təchiz olunan özəl “Aqroservis” yaradılmışdır və 30 min tonluq taxıl anbarının tikintisi başa çatmaq üzrədir. Layihə çərçivəsində 1000 başlıq müasir heyvandarlıq kompleksi və bitki yağları zavodu tikiləcəkdir. Ərazidə ABŞ-in “Lindsay” şirkətinin istehsalı olan 47 süni yağışyağdırma sistemləri - pivot quraşdırılmışdır. Bu da orta məhsuldarlığın 2 dəfə artmasına, suvarma suyuna 2-3 dəfə qənaət edilməsinə, torpağın şoranlaşması və eroziyaya uğramasının qarşısının alınmasına və münbitliyinin artırılmasına şərait yaradır. Yüksək reproduksiyalı toxumlardan və yeni intensiv əkin metodlarından istifadə etməklə 1875 hektarda əkilmiş buğda sahələrində biçin başa çatmış və yüksək məhsuldarlıq – hər hektardan 55 sentnerədək məhsul əldə olunmuşdur.
Bundan başqa, 2000 hektar sahədə yazlıq qarğıdalı, sınaq məqsədilə isə 20 hektar günəbaxan və 5,3 hektar soya əkilmişdir. Ərazidə payızlıq səpinə hazırlıq işlərinə başlanılmışdır. Növbəti mərhələlərdə bütövlükdə taxılçılıq təsərrüfatı üçün ayrılan 4,8 min hektar sahə əkin dövriyyəsinə cəlb ediləcəkdir. Layihənin həyata keçirilməsi nəticəsində 400-dək yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Hazırda 150-dək yerli sakin, o cümlədən ətraf ərazilərdə məskunlaşmış məcburi köçkün daimi iş yeri ilə təmin olunmuşdur.