İlham Əliyev Ağcabədidə Gənclər Mərkəzinin açılışında iştirak etmişdir
29 avqust 2013, 23:45
Prezident İlham Əliyev Ağcabədidə Gənclər Mərkəzinin açılışında iştirak etmişdir.
Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.
Azərbaycan Prezidentinə məlumat verildi ki, binanın tikintisinə ötən ilin iyulunda başlanılmış, bu ilin avqustunda başa çatdırılmışdır. Şəhərin ən gözəl binalarından olan Gənclər Mərkəzinin ümumi sahəsi üç min kvadratmetrdir.
Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətinin müxtəlif məqamlarını, həmçinin gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr vardır.
Mərkəzin yaradılmasında əsas məqsəd yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması və bu sahədə istedadlı gənclərin üzə çıxarılmasıdır. Bunun üçün ayrıca internet otağı vardır.
Bütün kompyuterlər internetə qoşulmuşdur. Gənclər Mərkəzində kompyuter bilikləri və xarici dil üzrə xüsusi kursların təşkili də planlaşdırılır. Burada, həmçinin iclas və akt zalları, atıcılıq otağı, 3D kinozalı, linqafon otağı, elektron kitabxana və digər yardımçı otaqlar vardır. Müasir avadanlığın quraşdırıldığı atıcılıq salonunda gənclərin bu sahədə ibtidai hazırlıq keçmələrində və onların interaktiv, pnevmatik avtomatdan atəşaçma bacarıqlarının yüksəldilməsi üçün məqsədyönlü işlər aparılacaqdır. Bu mərtəbədə fəaliyyət göstərən disko-barda ən müasir akustika sistemi quraşdırılmışdır.
Binanın birinci mərtəbəsində oyun zalı yaradılmışdır. Burada müxtəlif növ oyun aparatları, dördcərgəli boulinq zalı, balacalar üçün “Labirint” oyun guşəsi fəaliyyət göstərəcəkdir. İkinci mərtəbədə gənclər kafesi yaradılmışdır.
Bildirildi ki, elektron kitabxananın fondunda ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi fəaliyyətinə həsr edilən, eləcə də uşaqlar üçün və digər sahələrə dair kitablar toplanmışdır. Bir sözlə, mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində, onların ictimai fəallığının yüksəldilməsində mühüm rol oynayacaqdır.
Prezident İlham Əliyev Gənclər Mərkəzi ilə tanışlıqdan sonra tapşırıq və tövsiyələrini verdi.