İlham Əliyev yenidən qurulan Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Hacıqabul-Sabirabad hissəsinin açılışında iştirak etmişdir
29 avqust 2013, 18:15
Prezident İlham Əliyev yenidən qurulan Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Hacıqabul-Sabirabad hissəsinin açılışında iştirak etmişdir.
Dövlət başçısı Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun, o cümlədən yolun Hacıqabul-Sabirabad hissəsinin sxemini, eləcə də tikintidən əvvəlki, tikinti işlərinin gedişini və hazırkı vəziyyətini əks etdirən stendlərə baxdı.
Nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan Prezidentinə Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması layihəsi barədə məlumat verdi. Bildirildi ki, bu layihə üzrə Azərbaycan Respublikası Hökuməti ilə Dünya Bankı arasında 2009-cu il iyulun 28-də borc sazişi imzalanmışdır. Saziş Nazirlər Kabinetinin 2009-cu il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Borc sazişində 112,5 kilometr uzunluğunda Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması və bu yolun Kür çayı ilə kəsişməsində yeni körpünün tikintisi nəzərdə tutulmuşdur. Həmin layihə üzrə Nəqliyyat Nazirliyinin “Azəryolsevis” Açıq Səhmdar Cəmiyyətində beynəlxalq rəqabətli tender keçirilmiş və Türkiyənin “Kolin” şirkəti ilə 2011-ci il mayın 17-də 196,96 milyon manat dəyərində podrat müqaviləsi imzalanmışdır. Tikintiyə texniki nəzarəti İtaliyanın “Engineering” firması həyata keçirir.
Qeyd edildi ki, yolun ümumi uzunluğu 50 kilometr olan Hacıqabul-Sabirabad hissəsinin tikintisi artıq başa çatdırılmışdır.
Ümumi eni 15 metr olan yol ikizolaqlıdır. Yolun hər iki hərəkət hissəsinin və yol çiyninin eni 3,75 metrdir.
Diqqətə çatdırıldı ki, ümumilikdə müqavilə çərçivəsində yol üzərində 4 körpünün, 5 piyada keçidinin, 68 suötürücü borunun, 26 avtobus dayanacağının inşası nəzərdə tutulmuşdur.
Dövlət başçısına yolun Sabirabad-Bərhəmtəpə hissəsi barədə də ətraflı məlumat verildi. Bildirildi ki, uzunluğu 62,5 kilometr olan bu hissədə yeddi körpüdən üçündə yenidənqurma işləri başa çatdırılmış, üç körpüdə işlər 60 faiz tamamlanmış, bir körpüdə isə tikinti-quraşdırma işlərinə başlanmışdır. Bu hissə üzrə tikinti-quraşdırma işlərinin dəyəri 110,06 milyon manatdır. Ümumilikdə, yolun bu hissəsində işlərin 60 faizi yerinə yetirilmişdir. Tikinti-quraşdırma işlərinin 2014-cü ilin mayında tamamlanması planlaşdırılır. Layihə üzrə yolun bu hissəsinin də ümumi eni 15 metrdir. Müqavilə çərçivəsində 7 körpünün, bir piyada keçidinin, 112 suötürücü borunun və 28 avtobus dayanacağının inşası nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.