İlham Əliyev Sabirabad rayonuna səfərə gəlmişdir
29 avqust 2013, 17:40
Prezident İlham Əliyev Sabirabad rayonuna səfərə gəlmişdir.
Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstəsi qoydu.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Prezident İlham Əliyevə meydanda aparılan abadlıq işləri barədə məlumat verdi.
Bildirildi ki, tamamilə yenidən qurulan meydanın ərazisi 8,5 min kvadratmetrdir. Burada dörd fəvvarə quraşdırılmış, müasir işıqlandırma sistemi yaradılmışdır. Meydanın ərazisində Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı üçün inzibati bina inşa edilmiş, Rayon İcra Hakimiyyətinin, Mədəniyyət Evinin və digər dövlət idarələrinin binalarının fasadları yenidən qurulmuşdur. Burada geniş yaşıllaşdırma işləri görülmüş, müxtəlif gül kolları və həmişəyaşıl ağaclar əkilmiş, oturacaqlar qoyulmuşdur.