İlham Əliyev Yevlaxda bulvar-hotel kompleksində tikinti işlərinin gedişi ilə tanış olmuşdur
14 oktyabr 2010, 18:20
Prezident İlham Əliyev Yevlax şəhərinə səfəri çərçivəsində Kür çayının sahilində bulvar-hotel kompleksində tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
Dövlət başçısına məlumat verildi ki, bulvar-hotel kompleksi üçün 10 hektar torpaq sahəsi ayrılmışdır. Hotelin tikintialtı sahəsi 2156 kvadratmetrdir. Beşmərtəbəli hoteldə 44 nömrə, restoran, bar, idman zalı, mətbəx, hovuz, ofis otaqları və digər yardımçı otaqlar olacaqdır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva hotelin maketi, otaqların dizayn elementlərinin fotoeskizləri və işçi layihə ilə tanış oldular.
Bildirildi ki, Kür çayının sahilində 1,5 kilometrlik bulvarın uzunluğunun 4 kilometrə çatdırılması, burada istirahət və əyləncə üçün hər cür şəraitin yaradılması nəzərdə tutulur. Hazırda ərazidə yaşıllıq işləri aparılır.
Dövlət başçısı ulu öndər Heydər Əliyevin 2002-ci il sentyabrın 13-də Kür sahilindəki bu sahədə olmasının qeyd edildiyi qaya parçasına baxdı.
Prezident İlham Əliyevə “Qırmızı kitab”a daxil edilmiş Kür çayının sahilindəki uzunömürlü qovaq ağacı haqqında da məlumat verildi.
Dövlət başçısı və xanımı Mehriban Əliyeva ağacın qarşısında xatirə şəkli çəkdirdilər.
Kompleksdə aparılan abadlıq və quruculuq işlərindən razılığını bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.