İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu gəzmişlər
13 avqust 2013, 21:25
Prezident İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu gəzmişlər.
Burada şəhər sakinləri ilə görüşüb söhbət edən dövlət başçıları onlarla xatirə şəkli çəkdirdilər.
Elektromobillə gəzinti zamanı Rusiya dövlətinin başçısına məlumat verildi ki, Azərbaycan tarixinin və mədəniyyətinin incisi olan İçərişəhər dünya mədəni irsinin nadir abidələrindəndir. Tariximizin canlı əfsanəsi olan İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğuna daxil olan Qız qalası və Şirvanşahlar saray kompleksi UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilmişdir.
Rusiya dövlətinin başçısının diqqətinə çatdırıldı ki, İçərişəhər ərazisində Azərbaycan alimləri arxeoloji qazıntılar aparmış və Azərbaycan tarixinə dair bir çox qiymətli maddi-mədəniyyət nümunələri aşkar etmişlər. İndi Azərbaycan muzeylərinin ən qiymətli eksponatları olan bu tapıntılar tariximizin qədim dövrlərinin öyrənilməsi üçün geniş imkanlar açır.
Prezident Vladimir Putin milli mətbəximizin nümunəsi olan təndir çörəyinə qonaq oldu. Dövlət başçısı təndir çörəyinin bişirilməsi qaydası ilə maraqlandı.
İçərişəhərlə tanışlıq Prezident Vladimir Putində xoş təəssürat yaratdı.