İlham Əliyev Yevlax şəhərindəki 1 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak etmişdir
14 oktyabr 2010, 17:25
Prezident İlham Əliyev Yevlax şəhərində 1 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak etmişdir.
Şəhər ictimaiyyətinin nümayəndələri və məktəbin pedaqoji kollektivi dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.
Prezident İlham ƏLİYEV kollektivi və ictimaiyyətin nümayəndələrini məktəbin açılışı münasibətilə təbrik edərək dedi:
- Məktəbin tikintisi münasibətilə sizi təbrik edirəm, çox gözəl, müasir məktəbdir. İcra başçısı mənə dedi ki, buradakı məktəb çox bərbad vəziyyətdə idi, uzun illər təmirsiz qalmışdı. Bina söküldü və yerində belə gözəl, yaraşıqlı məktəb tikildi. Özü də bir saylı orta məktəb gərək hər cəhətdən bir nömrəli olsun. Sizi ürəkdən təbrik edirəm, bu, gözəl hadisədir. Uşaqlar da burada yaxşı oxuyacaqlar, müəllimlər üçün də şərait yaradılıb.
Müəllimlər böyük işlər görürlər. Bu yaxınlarda Azərbaycanda müəllimlər günü qeyd olunmuşdur. Bu münasibətlə sizi bir daha təbrik edirəm. Müəllimlərin cəmiyyətdə rolu çox böyükdür və vacibdir. Gənc nəslin tərbiyə olunmasında, uşaqların yüksək bilik almasında müəllimlərin rolu birincidir. Biz elə etməliyik ki, bütün uşaqlarımız yaxşı oxusunlar, yaxşı bilikli insanlar olsunlar. Çünki indiki zamanda savad, bilik əsasdır, həm vətəndaş üçün, həm də ölkələr üçün. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onların uğurları təhsilin səviyyəsi ilə bağlıdır. Nə təbii ehtiyatlar, nə mineral resurslar burada həlledici rol oynamır. Ancaq savad və bilik əsasdır. Çünki dünyanın inkişafı elmi-texniki tərəqqi ilə bağlıdır. Bunu əldə etmək üçün bilikli kadrlar olmalıdır. Bu kadrlar, bu insanlar ilk addımlarını məktəblərdə atırlar.
Biz elə etməliyik ki, təhsilimizdə ən qabaqcıl səviyyə təmin olunsun. Xüsusilə nəzərə alsaq ki, bu gün Azərbaycanda belə gözəl məktəblərin sayı çoxdur. Ancaq son 5-6 il ərzində 2 mindən çox məktəb tikilib və təmir olunubdur. Bu işlər davam etdirilir. Biz elə etməliyik ki, Azərbaycanda bərbad, qəzalı vəziyyətdə heç bir məktəb qalmasın. Yevlaxda da məktəb tikintisi çox sürətlə gedir. Deyə bilərəm ki, regionların arasında bəlkə də ən sürətli məktəb tikintisi prosesi məhz Yevlaxdadır. Son illərdə 20-dən çox məktəb tikilib və təmir olunub. Düzdür, hələ ki, yaxşı vəziyyətdə olmayan məktəblər vardır. Ancaq tədricən onlar da ya təmir olunacaq, ya da ki, sökülüb yerində belə gözəl, müasir məktəblər tikiləcəkdir.
Həm infrastruktur, həm təhsilin səviyyəsi – bax, bu iki vacib amil Azərbaycanda yüksək səviyyədə olmalıdır. Gözəl məktəb tikmək olar. Bu gün maddi imkanlarımız bu şəraiti bizim üçün yaradır. Ancaq bu məktəbdə gərək təhsilin səviyyəsi yüksək olsun. Burada oxuyan uşaqlar anlamalıdırlar ki, həyatda layiqli yer tutmaq üçün mütləq bilikli olmalıdırlar. Əvvəlki dövrlərdə bəzən gənclərin bir hissəsi daha çox diplom əldə etmək üçün çalışırdılar. Çünki diplom o vaxt bütün qapıları açırdı. Sovet İttifaqı zamanında hər bir insan işlə təmin olunurdu. Ancaq biz indi bazar iqtisadiyyatı, açıq rəqabət şəraitində yaşayırıq. Ona görə diplomun olması heç nəyi göstərmir, bilik, peşəkarlıq olmalıdır. Ona görə məktəb tikintisi, peşə məktəblərinin, uşaq bağçalarının yaradılması - bütün bunlar təhsil sistemimizi gücləndirir.
Əlbəttə ki, biz indi dünyada tətbiq olunan qabaqcıl təcrübəni Azərbaycana gətiririk. İndi elektron tədris proqramları, elektron lövhələr, kompyuter proqramları vardır. Bizdə bu sahədə də işlər yaxşı səviyyədədir, 6-7 il bundan əvvəl min şagirdə bir kompyuter düşürdü. İndi ölkə üzrə 20 şagirdə bir kompyuter düşür və uşaqlar kompyuteri bizdən yaxşı bilirlər. Bəzən biz onlardan nə isə soruşuruq. Çünki bu, müasirlikdir, yenilikdir, inkişafdır.
Mən sizi bir daha bu gözəl hadisə - məktəbin istifadəyə verilməsi münasibətilə təbrik etmək istəyirəm. Müəllimləri bir daha peşə bayramları münasibətilə təbrik edirəm. Sizə uğurlar, cansağlığı arzulayıram.
X X X
Əməkdar Müəllim Qiyas QULİYEV Yevlax şəhərinə göstərdiyi qayğıya görə dövlətimizin başçısına yevlaxlıların minnətdarlığını çatdıraraq dedi:
- Hörmətli Prezident, Sizi Yevlax Ziyalılar Cəmiyyəti, Yevlax ictimaiyyəti adından və məktəbin qocaman müəllimi kimi öz adımdan salamlayıram, Sizə Yevlaxa “Xoş gəldiniz” deyirəm.
Bax, bu bina 5 ay müddətində tikildi. Bu Sizin səyinizin, Sizin fəaliyyətinizin nəticəsidir. Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Yevlaxda da xeyli məktəb tikilmişdi. Ona görə də mən Mehriban xanıma öz minnətdarlığımı bildirirəm. Çox sağ olsun ki, Sizin kimi, o da təhsilə qayğı göstərir.
Mən Sizə açığını deyim ki, təhsilə qayğınızı hər yerdə duyuruq. Məsələn, Siz müəllimlərə böyük qayğı göstərirsiniz. İstəmirəm çox danışım. Müəllimlərin əməkhaqqı artıb. Bunlar hamısı vacib işlərdir. Bizim rayonda hamı Sizin fəaliyyətinizi, tədris işinə olan diqqət və qayğınızı yüksək qiymətləndirir. Bir məsələni də deyim ki, valideynlər, müəllimlər, hətta şagirdlər təhsilə göstərdiyiniz qayğıya görə minnətdardırlar. Mən bilən, başqa respublikalarda məktəblilərə pulsuz dərslik vermirlər. Amma bu, Azərbaycanda ənənə halı alıb. Çox sağ olun ki, Siz latın qrafikasında lazım olan bütün ədəbiyyat külliyatını bizə verdiniz. Hələ ondan başqa, elmi ensiklopediyaları da çap etdirirsiniz. Bu, Sizin fəaliyyətinizin nəticəsidir. Bunlar hamısı gənclərimizin dünyagörüşünün artırılması üçün atılan addımlardır.
Azərbaycanda belə məktəblər çox tikilir. Bunların hamısına Siz qayğı göstərirsiniz. Bir məsələni də qeyd etmək istəyirəm ki, biz müharibə şəraitindəyik. Müəllimlərimiz çox ciddi iş aparırlar. Vətənpərvərlik tərbiyəsinə aid, hərbi vətənpərvərliyə aid işlər görürlər. Məsələn, əvvəllər bir ildə bizim 2-3 uşağımız ali hərbi məktəblərə qəbul olunurdu. Amma indi 116 nəfər şagird və yaxud da məzun hərbi liseydə və ya akademiyalarda oxuyur. Bu, çox böyük bir şərəfdir.
Hörmətli Prezident, bir məsələni də vurğulamaq istəyirəm ki, Siz Qarabağ İcması binasının açılışı mərasimində çox böyük bir nitq söylədiniz. Mən o nitqi oxudum, televiziyada da dinlədim. Açığını Sizə deyim ki, Sizin o nitqiniz müəllimlər üçün böyük bir proqramdır. Onu dönə-dönə oxumaq lazımdır. Çox ciddi məsələlərə toxunmusunuz. Mən Sizin nitqinizin bir məqamını xüsusi qeyd etmək istəyirəm ki, ermənilərin fikirləri özlərinə getməsin. Onlar vətənlərini unuda bilərlər. Amma Azərbaycan xalqı heç vaxt, heç zaman öz torpaqlarını unutmayacaqdır. Buna görə, bu ifadələrə görə, bütün Yevlax ictimaiyyəti, eləcə də bütün Azərbaycan xalqı Sizə minnətdardır.
Bir məsələni də deyim ki, bu açılışda Sizin və Mehriban xanımın iştirakı məktəbimizin tarixində çox əlamətdar hadisədir. Hamımız bundan çox sevinirik. Ümumiyyətlə, Sizin, Mehriban xanımın gəlişi, bir qayda olaraq, həmişə yevlaxlıların ürəyindən olub. Ona görə də Sizə səmimi minnətdarlığımı bildirirəm. Sizin qayğınız nəticəsində Yevlax müəllimləri gələcək üçün çox dəyərli və yüksək səviyyəli gənclər hazırlayacaqlar. Sizin burada iştirakınız bizim ziyalıların, demək olar ki, bütün müəllimlərin, nəinki müəllimlərin valideynlərin hafizəsində, qəlbində uzun müddət yaşayacaqdır.
Qiyas Quliyev Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Azərbaycanın çiçəklənməsi naminə çoxşaxəli fəaliyyətlərinə görə yevlaxlıların sonsuz minnətdarlığını bildirərək dedi:
- Hörmətli Prezident, Azərbaycan Respublikasının inkişafı və çiçəklənməsi naminə Sizə və bütün ailə üzvlərinizə uzun ömür, cansağlığı arzulayıram. Allah Sizi bəladan qorusun. Sizə minnətdaram. Çox sevindirici haldır ki, bizim Yevlaxı beşinci dəfədir yada salırsınız. Çox sağ olun.
X X X
Prezident İlham ƏLİYEV: Sağ olun, siz çox vacib məqamlara toxundunuz, bunlar çox vacibdir. Təhsillə, vətənpərvərlik tərbiyəsi ilə bağlı bu məsələlərə Azərbaycanda çox böyük diqqət göstərilir. Bir də demək istəyirəm ki, müəllimlərin bu işlərdə rolu, fəaliyyəti həlledicidir.
Mən bu barədə fikirlərimi dəfələrlə bildirmişəm. Siz də xatırlayırsınız, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm tarixə, həm indiki vəziyyətə, həm də gələcəyə aid kifayət qədər çoxsaylı geniş çıxışlarım olubdur. Ancaq bu hissləri, bu vətənpərvərlik duyğularını uşaqlara gündəlik olaraq müəllimlər aşılayırlar. Ona görə müəllimlərdən çox şey asılıdır.
Azərbaycanda bugünkü uşaq 10 ildən, 20 ildən sonra necə vətəndaş olacaq, Vətəni necə sevəcək, Vətən uğrunda necə vuruşacaq, Vətən üçün nə edəcək – bax, bütün bunların təməli məktəblərdə qoyulur. Ona görə təhsilə diqqət, sadəcə olaraq, bir inkişaf istiqaməti deyil, bu, qlobal, ölkə üçün həlledici məna daşıyan bir siyasətdir. Əgər təhsillə bağlı məsələlər düzgün həll olunmasa, bu siyasət, bizim bütün başqa uğurlarımız heç bir səmərə verməz.
Bizim təbii sərvətlərimiz, güclü iqtisadiyyatımız vardır. İndi vəziyyət sabitdir, Azərbaycanda ictimai-siyasi sabitlikdir. Ancaq ölkəni inkişaf etdirən insanlardır. Yəni bilikdir, fikirdir, iradədir, qabiliyyətdir. Mən çox istəyirəm, biz hamımız istəyirik ki, vətəndaşlarımız bilikli, savadlı, yaxşı vətəndaş, vətənpərvər olsunlar, Vətəni sevsinlər. Bunu etmək üçün biz güclü dövlət qurmalıyıq.
Uşaqlarımız tariximizi yaxşı bilməlidirlər. Çünki sovet dövründə uzun illər biz tarixin bir hissəsini bilirdik, amma digər hissəsini bilmirdik. Bəzi hallarda bizə qəhrəman kimi təqdim olunan insanlar, əslində, Azərbaycan xalqına qarşı cinayətlər törətmişlər. Bu tarixi biz yaxşı bilirik. Biz real tarixi sonradan öyrənməyə, dərk etməyə başladıq. Məni bir Prezident və vətəndaş kimi ən çox hiddətləndirən o deyil ki, misal üçün biz bilmirdik 1918-ci ildə nələr baş verirdi, 26 komissar qəhrəman kimi təqdim olunurdu, əslində isə, onlar azərbaycanlılara qarşı amansız qəddarlıq törətmişdilər. Yəni, məsələ onda deyil ki, biz bunları bilmirdik, indi bilirik. Məsələ ondadır ki, biz onların qəhrəman olduqlarına inanırdıq. Yəni belə tərbiyə almışdıq. Azərbaycan xalqının qanını axıdan şaumyanlar və onun kimi qəddar erməni cinayətkarlar Azərbaycanda qəhrəmanlar kimi təqdim olunurdu. Onların şərəfinə abidələr ucaldılırdı. Siz bilirsiniz ki, Bakının mərkəzində 26 Bakı komissarının şərəfinə abidə ucaldılmışdı. Mən göstəriş verdim ki, o abidə sökülsün, dağıdılsın. Mən göstəriş verdim, şəxsən! Ancaq necə?! Göstəriş verdim ki, Elmlər Akademiyasının, Səhiyyə Nazirliyinin nümayəndələri, din xadimləri orada basdırılmış cəsədlərin başqa yerə köçürülməsi ilə bağlı tədbirlər görsünlər. Halbuki vaxtilə orada basdırılmış adamlar azərbaycanlılara qarşı qəddarlıq törətmişdilər. Biz yenə Azərbaycan xalqına xas olan dözümlülük, mədəniyyət, tolerantlıq nümayiş etdirdik və orada basdırılmış cəsədləri başqa yerə hörmətlə köçürdük. Ancaq o tarix daha Azərbaycanda olmamalıdır. Uşaqlarımız sual verməməlidir ki, bu kimdir? Nə üçün bunun abidəsi burada ucaldılıb? Bu, Azərbaycan xalqı üçün nə edib? Yəni, məni, necə deyərlər, ən çox darıxdıran məhz odur ki, vaxtilə biz bilməmişik ki, nə olub, sonradan bilmişik.
Bizim uşaqlar xoşbəxtdirlər. Onlar müstəqil ölkədə yaşayırlar. Bu gün taleyimiz öz əlimizdədir. Azərbaycan xalqı öz taleyinin sahibidir və uşaqlarımız tariximizi, keçmişimizi, bugünkü reallıqları yaxşı bilməlidirlər. Mən o görüşdə söyləmişdim ki, Azərbaycan xalqı öz torpaqlarını heç vaxt unutmayacaqdır. Mən dəfələrlə söyləmişdim ki, bugünkü Ermənistan – xəritədə Ermənistan Respublikası adlandırılan ərazi əzəli Azərbaycan torpağıdır. Bu, həqiqətdir. Əlbəttə, Zəngəzur, İrəvan xanlığı bizim torpaqlardır! Orada azərbaycanlılar əsrlər boyu yaşamışlar. Ermənilər müəyyən bölgələrdə olublar. Amma onlar XIX əsrdə kütləvi şəkildə köçürülmüşlər. Necə ola bilər ki, 1918-ci ildə İrəvanın Ermənistanın paytaxtı elan olunması Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə baş verib?! Əgər o bölgələr dırnaqarası “Böyük Ermənistan”a aid idisə, onda nə üçün bizdən icazə alırdılar?!
Qiyas QULİYEV: Sizin nitqinizdə var idi ki, müqavilə ilə verilib.
Prezident İlham ƏLİYEV: Əlbəttə. Qarabağ əzəli Azərbaycan torpağıdır. Erməni dilində “Qarabağ” sözü var? Yoxdur! Qarabağın Xankəndi şəhərinə Stepanakert adını o vaxt Sovet İttifaqı verib. Nədir Stepanakert?! Bu ad Stepan Şaumyanın adından götürülüb. Əgər bu şəhərin ermənilərlə bağlı tarixi bir keçmişi olsaydı, o adı qoyardılar?! Onun tarixi adı Xankəndidir. Budur reallıq. Yəni bizim uşaqlar bütün bunları bilməlidirlər ki, bugünkü Ermənistan əzəli Azərbaycan torpaqlarında yerləşir. Bu az imiş, hələ istəyirlər bizim ərazimizdə ikinci dövləti yaratsınlar. Tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaratmaq istəyirlər. Heç vaxt buna razılıq verə bilmərik və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. İstənilən yolla! Mən buna şübhə etmirəm!
Bu gün Azərbaycan qüdrətli dövlətdir. Bu gün Azərbaycan təkcə təhsildə deyil, bütün sahələrdə böyük işlərə qadirdir. Hara baxsan, bunu görmək mümkündür. Elə Yevlaxın yeniləşən simasına baxın. Siz burada yaşayırsınız, bəlkə öyrəşmisiniz. Amma mən Prezident kimi buraya beşinci dəfədir ki, gəlirəm. Ondan əvvəlki dövrlərdə də burada olmuşam. Mən də yaxşı xatırlayıram burada vəziyyət necə idi. Yevlax bu gün Avropanın ən qabaqcıl şəhərlərindən bir addım geri qalmır. Belədir.
Qiyas QULİYEV: Əslində hamı deyir ki, Prezidentin fəaliyyəti nəticəsində Yevlax inkişaf edir.
Prezident İlham ƏLİYEV: Bir də ki, icra başçısının.
Qiyas QULİYEV: Deyirəm icra başçısını tərifləsəm...
Prezident İlham ƏLİYEV: Amma mən hər şeyi necə var, elə deməliyəm. Harada ki, işlər yaxşı gedir, onu deməliyəm, əgər pis gedirsə onu da deyirəm. Bax, Yevlaxda çox böyük işlər görülür. Bu, məni çox sevindirir. İcra başçısı, bütün fəallar, vətəndaşlar çalışırlar ki, Yevlax daha da gözəlləşsin. Gözəl meydanlar, binalar, yollar, infrastruktur, qaz, işıq, içməli su. Çayboyu kəndlərdə neçə-neçə içməli su qurğusu tikilib. İndi orada minlərlə insan təmiz su içir. O su ki, Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verir. Əvvəllər necə su içirdilər?! Lilli. Yəni bütün bunlar görünməyən işlərdir. Görünən işlər də budur – belə gözəl məktəblər harada vardır?! Ancaq Azərbaycanda və belə də olmalıdır. Ən qabaqcıl səviyyə Azərbaycanda olmalıdır. Xalqımız buna qadirdir və layiqdir. Sizi bir daha təbrik edirəm.
X X X
Şəhər sakini Əminə ƏHMƏDOVA da yevlaxlıların ən xoş arzularını Prezident İlham Əliyevə çatdıraraq dedi:
- Ulu öndərimiz deyirdi ki, mən Yevlaxı daha abad, daha gözəl görmək istəyirəm. Siz deyirsiniz ki, Yevlax bu gün Azərbaycanın ən inkişaf etmiş şəhərləri sırasındadır. Bu şəhəri bizə Siz verdiniz. Fəvvarələr, parklar, gecə işıqları. İnanırsınız, Heydər Əliyev prospekti ilə gedərkən həmişə ürəyimdə deyirəm: Mən Azərbaycan vətəndaşıyam, qürur duyuram. Çox sağ olun. Təkcə şəhərlərimizi dəyişməmisiniz, ruhumuzu, qəlbimizi təzələmisiniz. Hər şeyə görə çox sağ olun. Allah Sizi bir-birinizdən ayırmasın. Bir-birinizə çox yaraşırsınız. Allah Sizi xoşbəxt etsin, o gözəl nəvələrinizi gözünüzə çıraq etsin. Sağ olun.
X X X
Mərasim iştirakçıları Prezident və xanımı ilə xatirə şəkli çəkdirdilər.
X X X
Sonra məktəbin açılışı oldu. Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi, binada yaradılmış şəraitlə tanış oldu.
Məlumat verildi ki, burada 81 il əvvəl Yevlaxın ilk orta məktəbi yerləşmişdir. Köhnə bina yararsız hala düşdüyündən sökülərək, 2009-cu ildən yeni binanın inşasına başlanmışdır.
Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsil sahəsinə diqqət və qayğısını əks etdirən fotoguşələr yaradılmışdır. Birinci mərtəbədə zəngin kitabxana və xidmət otaqları, idman zalı, tibb məntəqəsi yerləşir. İkinci mərtəbədə sinif otaqları və 2 kompyuter otağı vardır. Üçüncü mərtəbə fənn kabinetləri, 2 laboratoriya, sinif otaqları, akt zalından ibarətdir.
Dövlət başçısı və xanımı dərs otaqlarına və musiqi kabinetinə baxdılar.
Prezident İlham Əliyev yaradılmış şəraitdən razılığını bildirdi.