İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir
14 avqust 2013, 13:45
Prezident İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı əvvəlcə yolun texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərə və videofilmə baxdı.
Məlumat verildi ki, son dövrlərdə paytaxtla yanaşı, bölgələrdə də yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərin miqyası artmışdır. Bu gün respublika əhəmiyyətli yollarla bərabər, rayon və kənddaxili yollar müasir səviyyədə inşa edilir. Yeni inşa olunan belə yollardan biri də İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yoludur.
Yol ən müasir səviyyədə qısa müddətdə inşa olunmuşdur.
Bu yolun tikintisi üçün Azərbaycan Prezidentinin 2012-ci il 16 mart tarixli Sərəncamına əsasən Prezidentin ehtiyat fondundan ilkin olaraq üç milyon manat vəsait ayrılmışdır. İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolu 6 min nəfərin yaşadığı 7 məntəqəni birləşdirir. Nazirlər Kabinetinin 2012-ci il 30 dekabr tarixli Sərəncamı ilə yolun tikintisi üçün əlavə olaraq 5,5 milyon manat vəsait ayrılmışdır. Bu layihənin ümumi dəyəri 8 milyon 526 min manatdır. Layihəyə əsasən, 29,5 kilometr uzunluğunda yol çəkilmiş, 18 yerdə beton suötürücülər tikilmiş, yolboyu yol-hərəkət nişanları quraşdırılmışdır. Yolun başlanğıcında üç dayanacaq əsaslı təmir edilmiş, kəndlərdə 10 yeni dayanacaq tikilmişdir. Yolun İvanovka kəndindən keçən hissəsində piyadaların təhlükəsiz hərəkəti üçün səkilər salınmışdır. Bu yolun istifadəyə verilməsi nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkət etməsinə geniş imkanlar yaratmaqla yanaşı, həm də sərnişinlərin təhlükəsizliyi baxımından olduqca önəmlidir.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısı yeni yolda avtomobili idarə etdi.