İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
12 avqust 2013, 15:15
Prezident İlham Əliyev paytaxtın ümumi uzunluğu 20 kilometr olan Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur.
Dövlət başçısının göstərişi ilə Bakı və Bakıətrafı qəsəbələrin inkişafı daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın davamı olan 2011-2013-cü illəri əhatə edən Dövlət Proqramında yol infrastrukturunun daha da müasirləşdirilməsi nəzərdə tutulur. Bakı və ətraf qəsəbələrin yollarının ən müasir səviyyədə inşası, yolötürücülərin, körpü, tunel, yeraltı və yerüstü piyada keçidlərinin tikintisi ardıcıl olaraq həyata keçirilir.
Nəqliyyat naziri Ziya Məmmədov Sabunçu-Zabrat dairəsi-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin yenidən qurulması layihəsi əsasında yolun əsas göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, yolun 11 kilometrlik hissəsi 6 cərgəli, 9 kilometrlik hissəsi isə 4 cərgəlidir. Yolun Sabunçu-Zabrat sahəsinin yenidən qurulması 2012-ci ildə, 14 kilometrlik Zabrat-Maştağa-Buzovna sahəsinin yenidən qurulması işləri isə 2012-2013-cü illərdə həyata keçirilmişdir.
Müasir tələblər səviyyəsində yenidən qurulan bu yol Sabunçu, Zabrat, Maştağa, Nardaran, Buzovna, Zuğulba, Bilgəh qəsəbələrini bir-biriləri ilə, ən başlıcası isə bu qəsəbələri Azadlıq meydanı-Hava Limanı-Bilgəh magistral yolu ilə birbaşa birləşdirməklə 140 mindən çox əhalinin rahat gediş-gəlişini təmin edəcəkdir.